Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:50

«Sərəncamın nəticəsi alimin təknəsində hiss olunacaq»


«Elmdəki əvvəlki potensialı bərpa etmək üçün ən azı 25-30 il vaxt lazımdır»
«Elmdəki əvvəlki potensialı bərpa etmək üçün ən azı 25-30 il vaxt lazımdır»

Prezident İlham Əliyev aprelin 10-da Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, 1980-ci illərin sonlarından etibarən yaranmış dərin iqtisadi və sosial böhran elmdə də özünü kəskin şəkildə büruzə verib: «Elmi əlaqələrin qırılması, müştərək tədqiqat planlarının pozulması, vahid maliyyə sisteminin dağılması və başqa amillər elmin gələcək inkişafı yolunda ciddi maneələr törədib».


Sərəncamda deyilir ki, istər sahə institutlarında, istərsə də akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir: «Müasir elmin tələbləri ilə ayaqlaşmaq iqtidarında olan kollektivlər isə maddi-texniki bazanın zəifliyi və maliyyə çatışmazlığı səbəbindən öz elmi layihələrini gerçəkləşdirməkdə çətinliklərlə üzləşirlər». Sənəddə bildirilir ki, həmçinin ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaradıb.


1999-cu ildə siyasi fəaliyyətinə görə Milli Elmlər Akademiyasından uzaqlaşdırılan biologiya elmləri doktoru, AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, çox arzulayardı ki, Azərbaycan elmi bu çətin vəziyyətdən çıxsın. Ancaq: «Azərbaycan reallığında çoxlu sərəncamların şahidi olmuşuq, dəfələrlə monopoliyalarla bağlı müşavirələr keçirilib, amma vəziyyət bir qədər də pisləşib».


Məmmədli hesab edir ki, sənəd bu sahədəki bütün problemlərin həllinə istiqamətlənsə də, elmdəki əvvəlki potensialı bərpa etmək üçün ən azı 25-30 il vaxt lazımdır: «Yeni nəsil bu prosesi ayaq üstə qaldırıb inkişafına təkan verə bilər. Amma az inandırıcı görünür ki, gənc nəsil 70-80 manata belə bir addım atsın».


Akademiya işçilərisə sərəncamdan çox şey gözləyirlər. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Nizaməddin Şəmsizadə deyir ki, sənəd çox yaxşıdı, amma baxır necə yerinə yetiriləcək. Onun sözlərinə görə, elmin inkişafı sosial ədalətsizliyin aradan qaldırılmasındadır: «Mən - professor, elmlər doktoru, Akademiyanın şöbə müdiri 230 manat maaş alıram».


Bəs bu gün elmi kəşflərinin bəhrəsini görən alim necə varmı? Nizaməddin Şəmsizadə deyir ki, belə alimlər çox azdı, onlar da əsasən siyasi elitaya yaxın alimlərdi: «Sərəncamın nəticəsi alimin təknəsində, soyuducusunda hiss olunacaq. İndi Azərbaycanda İrandan, Türkiyədən gələn keyfiyyətsiz malların alıcıları imkansız alimlərdi. Onunla alim hansı elmi kəşflə məşğul ola bilər?».


Elmlər Akademiyasında söhbətləşdiyim alimlərin sözlərindən o da aydın oldu ki, islahatlar başlayacağı halda Akademiyanın nəzdində olan əksər institututlarda xeyli ixtisarlar olacaq. Bundan başqa, sərəncamda qeyd olunduğu kimi, fəaliyyəti nəzərə çarpmayan bir sıra elm müəssisələrinin tamamilə ləğvi də gözləniləndi.


Elmlər Akademiyası Nizami İnstitutunun aparıcı elmi işçisi Asif Rüstəmli isə deyir ki, alimlərin sosial təminatı vacibdi. Amma elmdə islahatların aparılmasından söhbət gedirsə, ilk növbədə Azərbaycan elmi sovet cəmiyyətindən qalma köhnə baxışlardan təmizlənməlidi. Akademiyanın keçmiş əməkdaşı Nurəddin Məmmədli isə hesab edir ki, nə qədər islahat aparılırsa, aparılsın indiki siyasi vəziyyətdə hansısa sərəncamla elmdə köklü dəyişiklikliyə nail olmaq xeyli müşkül məsələdi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG