«Ermənistanda demokratiya son on il ərzində bir çox ciddi itkilərə məruz qalıb. Bütün hakimiyyət icra strukturu, ordu və təhlükəsizlik xidmətinin əlində cəmləşib».
Bu barədə Beynəlxalq Böhran Qrupunun Ermənistandakı vəziyyətlə bağlı yaydığı açıqlamada deyilir. Qrup qeyd edir ki, tarixində əsrin siyasi böhranını yaşamasına baxmayaraq, aprelin 9-da Ermənistan yeni prezidentinin andiçmə mərasimini keçirir. Beynəlxalq ictimaiyyət gərginliyi azaltmaq və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq mühitin yaradılması məqsədilə Ermənistana təsir göstərməlidir.
BBQ bildirir ki, Ermənistanda keçirilmiş son prezident seçkisi ciddi pozuntularla müşayiət olunub, dinc nümayişin dağıdılması insan tələfatı ilə nəticələnib: «Fövqəladə vəziyyətin elan olunması, hökumətin müxalifət tərəfdarlarını həbs etməsi cəmiyyətdə dərin çatın yaranmasına səbəb olub».
Qrup hesab edir ki, ABŞ və Avropa hökumətləri demokratik inkişaf təmin olunmasa, əməkdaşlığın çətinləşəcəyini Ermənistana başa salmalıdır: «Yaxın vaxtlarda müvafiq addımlar atılmasa, Avropa Birliyi və ABŞ Ermənistana xarici yardımları müvəqqəti dayandırmalıdır».
BBQ bildirir ki, Sarkisyan administrasiyası tez bir zamanda müxalifətlə dialoqa başlamalı, siyasi motivlə həbs olunmuşları azad etməli, müxalifətə qarşı həbs və təqibləri dayandırmalı, sərbəst toplaşmaq və ifadə azadlığına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır.
Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzer bildirib ki, əgər Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyan düzgün yol tutarsa, onda Avropa Birliyi və Amerika barışığın sürətlənməsinə və institusional islahatların dərinləşməsinə yardım edə bilər.