Aprelin 4-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Müşfiq Hüseynovla bağlı apellyasiya şikayətinə baxılıb. «Turan»ın məlumatına görə, məhkəmə jurnalist barəsində birinci instansiya məhkəməsinin çıxardığı 6 il azadlıqdan məhrumetmə cəzasını bir il azaldaraq, 5 ilə endirmək qərarı çıxarıb. Vəkillərin məhbusa bəraət vermək haqda vəsatəti təmin edilməyib.
M.Hüseynov həbsdə olan jurnalistlərin və siyasi məhbusların azad olunması tələbilə keçirilən aclıq aksiyasına aprelin 5-dən qoşulacağını bəyan edib.
Müşfiq Hüseynov keçən ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq həbs edilib.
2008-ci il yanvarın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Hüseynovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Cəzasını çəkdikdən sonra 2 il ərzində Hüseynova jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.