Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

Sənədlərin elektron variantda qəbulu problemlər yaradıb


TQDK rəsmisi deyir ki, elektron ərizə qaydası əskinə abituriyentlərin işini rahatlaşdırıb
TQDK rəsmisi deyir ki, elektron ərizə qaydası əskinə abituriyentlərin işini rahatlaşdırıb

Artıq bir neçə gündür ki, ali və orta məktəbə qəbul olmaq istəyən abituriyentlərin ərizələrinin qəbulu başlayıb. Amma ötən illərlə müqayisədə bu il ərizələrin qəbulunda bəzi yeniliklər edilib. Belə ki, indi abituriyent sənədlərini yığıb daha rayon sənəd qəbulu komissiyalarına getmir, ilkin olaraq, məktəbindəki, ya da poçt qovşaqlarındakı pulsuz internet vasitəsilə elektron ərizəni doldurur. Elektron ərizələrin doldurulmasından qabaqsa, abituriyentlər 2 manat verib, ödəniş kartı almalıdır. Həmin kartda yazılmış kod abituriyentin elektron ərizəni əldə edə bilməsi üçün bir növ açardır.


Amma hər şey əslində deyildiyi qədər də sadə deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısına toplaşan bir qrup valideyn və şagird gah ödəniş kartlarının baha satılmasından, gah da internetdən istifadə edə bilmədiklərindən şikayətlənirdilər:


- Sinif yoldaşlarımın 20 faizi internetdən istifadə edə bilir. Mən indiyə kimi məktəbdə internetin qabağında oturmamışam, 11-ci sinif şagirdiyəm. Müəllim deyir ki, internet qoşulmayıb, usta gəlib düzəldəcək. Heç müəllimin özü də bilmir, mən ondan yaxşı bilirəm.


- Kartın üstündə 2 manat yazılsa da, çox vaxt 3 manata satılır.


- Bakıda internetin sürəti çox aşağıdır, həm də çox adam saytlara girir deyə yüklənmə var. Günorta mümkün deyil, ona görə də gecə saat 2-3-də girirəm.


- Bilmirəm ki, elektron ərizəni necə doldurum?


TQDK-nın binası qarşısında söhbətləşdiyim adamlar dedilər ki, regionlarda internetin sürəti daha da ağırdır.


TQDK-nın nümayəndəsi Elnur Nağızadə isə hesab edir ki, elektron ərizə qaydası əskinə abituriyentlərin işini rahatlaşdırıb. Eyni zamanda şagirdlər üçün telekommunikasiya qovşaqlarında, poçtlarda da şərait yaradılıb ki, onlar internetdən pulsuz istifadə edə bilsinlər. Komissiyanın məlumatına görə, artıq ərizə qəbulunun 4-cü günündə 4 min abituriyent elektron ərizə doldurub.


TQDK-nın qarşısında duran bir yaşlı qadınınsa şikayəti internetdən yox, həftənin sonuna sınaq imtahanı üçün aldığı kartın saxta çıxmasındanıydı: «Evdə kompyuterimiz var, kartı yüklədik, məlum oldu ki, artıq istifadə edilib. Camaatın milyonu yoxdur ki, hər dəqiqə 6 manat verib kart alsın».


TQDK-nın rəsmisi isə bildirir ki, abituriyentlər bəzən qeydiyyata düşdükləri halda, 2-ci dəfə yeni istifadəçi kimi qeydiyyatdan keçmək istəyirlər. Komissiyanın şöbə müdiri Arzu Bağırov isə saxta və ya istifadə edilmiş kartların satılmasını birmənalı şəkildə qəbul etmir: «Elə şey ola bilməz, bu məsələ ilə bağlı bizə yaxınlaşıb müraciət etsinlər araşdıraq».


Ali və orta məktəbə abituriyentlərin elektron ərizə qəbulu mayın 31-dək davam edəcək. Bu vaxta kimi onlar həm də tələb edilən sənədlərini sənəd qəbulu komissiyalarında verərək, ərizələrini təsdiqlətməlidirlər.


İnternetin sürətinə gəlincə, TQDK rəsmisi bunun ötəri olduğunu, 1-2 dəqiqə çəkdiyini, regionlarda isə belə bu problemin yaşanmadığını dedi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG