Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Kürün məcrası dəyişdirilir


Ekoloqlar Kürün məcrasının dəyişdirilməsinin ciddi fəsadlar verəcəyini bildirirlər
Ekoloqlar Kürün məcrasının dəyişdirilməsinin ciddi fəsadlar verəcəyini bildirirlər

Salyan rayonunda Kür çayının istiqamətinin dəyişdirilməsilə bağlı gərgin işlərə başlanıb. İşi Mil-Muğan Su Tikinti İdarəsi aparır.


Hazırda Kür çayı 5-6 km məsafədə 6-7 dəfə burulmaqla Salyan rayonunun tən ortasından keçir. İndi mütəxəssislər Kürün rayondan keçən hissəsinin qarşısını kəsib, çayı Bakı-Astara yolunu birləşdirən körpü istiqamətindən Neftçala rayonunun Şorkənd kəndindən keçməklə Xəzər dənizinə yönəltmək istəyirlər. Hesab olunur ki, Kürün yatağının belə dəyişdirilməsi Salyan şəhərini hər il təkrarlanan daşqınlardan tamamilə qoruyacaq. İş icraçısının dediyinə görə, əsas işlər bu il başa çatmalıdı. İndi Salyanın əksər ərazilərini içməli və suvarma suyu ilə təmin edən Akuşa çayının yatağı Kürün yeni yatağına doğru uzadılır. Bu işlərin görülməsinə 50-yə yaxın ağır texnika cəlb edilib.


İş icraçısı deyir ki, Kürün yatağı dəyişdirilsə də, Salyan rayonundan keçən hissə tam ləğv edilməyəcək, çay həm də köhnə yataqla axacaq. Amma əvvəlki kimi dolu yox. İşi görənlər bunun müsbət nəticə verəcəyini deyirlər.


Ekoloqlar isə necə olursa-olsun, Kürün məcrasının dəyişdirilməsinin ciddi fəsadlar verəcəyini bildirirlər. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, indi Salyan şəhərini daşqınlardan qorumaq istəyirlər, amma gələcəkdə digər ərazilər, yaşayış məntəqələri daşqınlara məruz qalacaq. Ekoloqa görə, bu, bölgədəki ekoloji vəziyyətə də xeyli ziyan vura bilər.


Kürün yatağının dəyişdirilməsinə ən çox narazılıq edən isə Neftçala rayonunun Şorkənd sakinləridi. Çünki çayın yeni yatağı həmin kəndin tən ortasından keçməlidi. Bu plan baş tutacağı halda, 70-ə yaxın evdən ibarət kənd tamamilə kənar əraziyə köçürüləcək. Sakinlər isə bunu istəmirlər.


Kənd sakinlərinin dediyindən o da məlum olur ki, evlərin köçürülməsi üçün ailədə hər nəfərə 3 min manat pul veriləcəyi barədə söz-söhbətlər dolaşır. Amma Şorkənd sakinləri bildirirlər ki, məsələ heç də pulda deyil, sadəcə onlar indiyə qədər qurub-yaratdıqlarına heyfslənirlər.


Daşqınlardan hər il əziyyət çəkmələrinə baxmayaraq Salyan şəhər sakinləri də Kürün məcrasının dəyişdirilməsinə qarşı çıxırlar: «Biz su problemini necə həll edəcəyik?»



Kürün məcrasının süni şəkildə dəyişdirilməsini tamamilə səhv addım sayanlar da var. 1952-ci ildən Sovet İttifaqı dağılana qədər SSRİ Su və Meliorasiya İdarəsinin şöbə müdiri işləmiş Ələsgər Yusifov deyir ki, Salyan şəhərini daşqınlardan qorumaq üçün Kürün məcrasını dəyişməyə ehtiyac yoxdu. Onun sözlərinə görə, dünyanın çox yerlərində çayların məcrasını dəyişməyə cəhdlər olub, amma heç bir müsbət nəticə əldə edilməyib, əksinə həmin işlərin ciddi fəsadları üzə çıxıb. O, hesab edir ki, Kürün aşağı axarında ərazilərin su altında qalmaması üçün Mingəçevirdən çaya axıdılan su daim tənzimlənməlidi. Ələsgər Yusifov deyir ki, SSRİ dağılana qədər bu, belə olub. Ona görə də həmin dövrlərdə Kürün yatağından bəndə qədər ərazilər əkin sahələri olub, həmin yerlərdə evlər tikilib.


Onun sözlərinə görə, Kürün yatağının dəyişdirilməsi kimi iri layihələr büdcədən hansısa formada pul mənimsəməkdən başqa bir şey deyil: «Burda korrupsiya var, Salyan su altında qalsa, heç kimin vecinə deyil».


Ələsgər Yusifov deyir ki, əslində, Mingəçevir Su Anbarında suyun səviyyəsi həmişə aşağı saxlanmalıdı ki, daşqınlar zamanı dağlardan Kürə axan suları tənzimləmək olsun. O, iddia edir ki, enerji istehsalçısı olan qurumlar daha çox elektrik enerjisi almaq üçün suyun səviyyəsini yüksək saxlayırlar. Amma sonda su elektrik stansiyasından alınan elektrik enerjisi mazutla işləyən istilik elektrik stansiyalarından alınmış enerji kimi sənədləşdirilir. Bunun da nəticəsində on min tonlarla mazut və qaz silinir. Ələsgər Yusifovun sözlərinə görə, bəzi məmurlar bundan hər il milyonlar qazanırlar.


Mingəçevir Su Elektrik Stansiyasının direktoru Oktay Priverdiyev isə deyilən fikirlərin qərəzli olduğunu bildirir. Onun sözlərinə görə, hazırda Mingəçevir Su Anbarında suyun səviyyəsi 77 metrə yaxındır ki, bu da ötən ilkindən bir neçə metr aşağıdı.


«Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov da deyilənlərin əsassız olduğunu bildirir. Onun sözlərinə görə, ölkədə istehsal olunan elektrik enerjisinin nə qədərinin istilik və ya su elektrik stansiyalarının payına düşdüyü barədə dəqiq məlumatlar var və bu bilgiləri asanlıqla üzə çıxarmaq olar. Əsgərova görə, bu məlumatları gizlətmək və ya başqa cür sənədləşmə aparmaq qeyri–mümkündür.


Kürün məcrasının dəyişdirilməsinə nə qədər vəsait ayrılması, hələ məlum deyil. Amma Salyan rayonunun əksər ərazilərini içməli və suvarma suyu ilə təmin edən Akuşa kanalının 1 km yarım uzadılmasına 450 min manat vəsait ayrıldığı bildirilir. Söhbətləşdiyim mütəxəssislər bu məbləğin xeyli şişirdilmiş olduğunu deyirlər. Həmsöhbətlərim bu fikirlərini iki il əvvəl Salyan rayonunda daşqınlardan zərərçəkənlərə verilən pulların sahiblərinə tam çatdırılmaması ilə əsaslandırırlar. Yardımları almalı olan sakinlərin bəziləri isə deyirlər ki, onlar həmin vəsaiti ya görməyiblər, ya da cüzi hissəsini ala biliblər.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG