Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:16

Yerevanda savaş davam edir


«Müxalifət öz enerjisini daha çox həbsdə olan tərəfdarlarının müdafiəsinə yönəltmək istəyir»
«Müxalifət öz enerjisini daha çox həbsdə olan tərəfdarlarının müdafiəsinə yönəltmək istəyir»

Martın 24-də Ermənistanda ancaq əyalətdə - Razdan şəhərində yüz nəfərlik etiraz aksiyası olub. Aksiyaçılar Razdanın deputatı Sasun Mikaelyanın azad edilməsini tələb ediblər. Mikaelyanı təxminən 10 gün qabaq tutublar. Polis deyir ki, onun hovuzunda sulah-sursat tapıblar. Mikaelyan müxalifət lideri Levon Ter-Petrosyanı dəstəkləyir və prezident seçkisindən sonrakı etiraz aksiyalarında fəal iştirak edirdi. Ondan başqa, indi həbsdə onlarla fəal var. Keçən beşinci gün isə polis Yerevanda daha bir neçə nəfəri saxlamışdı. Onlar fövqəladə vəziyyət götürülən kimi yenidən küçələrə çıxan müxalifətçilərdi.


Yeni seçilən prezident Sarkisyan isə martın 24-də Moskvaya gedib. O, özü kimi hələ andiçmə mərasimi olmamış yeni seçilən Rusiya prezidenti Medvedevlə görüşüb. Medvedev onun seçki sonrası bu səfərini simvolik adlandırıb: «Sizin seçkidən sonra ilk xarici səfərinizdə Moskvaya gəlməyiniz Ermənistan və Rusiya arasında münasibətlərin əhəmiyyətini göstərir».


Rusiya Ermənistandakı seçki zamanı hər hansı namizədə simpatiyasını açıq bildirməmişdi. Hətta həmin Medvedev seçki ərəfəsində Moskvaya səfər edən müxalifət lideri Ter-Petrosyanı qəbul da etmişdi.


İki ölkə prezidentlərinin görüşü haqda daha çox ümumi məlumatlar yayılır. Amma Rusiya mətbuatı yazır ki, yəqin ki, Ermənistana satılan qazın qiyməti əsas müzakirə mövzularından olacaq. İl yarım qabaq Rusiya Ermənistan üçün qazın qiymətini qaldırmaq niyyətini elan edəndə, bu, Yerevanda əsl bomba effekti yaratmışdı. Çünki bu addım parlament və prezident seçkiləri ərəfəsində Ermənistan əhalisi üçün böyük qiymət artımları demək olacaqdı.

«Həbsdə olanların çoxuna öz vəkilləri ilə görüşməyə imkan verilmir. Bu, ən böyük qanun pozuntusudu. Məhkəmə-hüquq sistemi elə qurulub ki, tutulanların hamısı cinayətkar kimi təqdim edilir. Guya, onlar iştişaşları təşkil ediblər. Əslində isə tutulanların çoxu siyasi mübarizənin tamam başqa yolunu dəstəkləyirlər»
O vaxt Ermənistan hakimiyyəti mümkün sosial etrazların qarşısını almaq üçün qazpaylama sisteminin nəzarət paketini Rusiyaya verdi ki, bunun əvəzində iki il yarım müddətinə güzəştli qaz ala bilsin. İndi gələn qış üçün qiymət danışmağın vaxtı gəlib çatıb.



Ermənistanın özündə isə müxalifətin nə vaxt yeni aksiyalar keçirəcəyi bəlli deyil. Fövqəladə vəziyyət 21-i başa çatıb - müxalifət ayın 22-i, 23-i, 24-ü, 25-i mitinq keçirmək üçün Yerevan meriyasına müraciət edib. Amma müraciətlərin hamısı rədd edilib. Ter-Petrosyanın tərəfdarlarından Zurabyan deyib ki, iqtidarın niyyəti onlara bəllidi, amma meriyaya müraciətləri davam etdirəcəklər. Əgər cavablarda bir dəyişiklik olmasa, onlar başqa qərar verəcəklər.


Martın 1-dəki toqquşmalarda və sonra tutulan onlarla müxalifət fəalının istintaqı yekunlaşır – onları hakimiyyəti zorla ələ keçirməkdə ittiham edirlər. Yaxın günlərdə isə Ermənistan Müdafiə nazirinin müavini, Qarabağ Müharibəsi Veteranları Birliyinin rəhbəri Manvel Qriqoryanın taleyinə aydınlıq gəlməlidi. O, seçkisonrası mitinqlər zamanı Levon Ter-Petrosyanı dəstəkləmişdi. Qriqoryan aprelin 1-dək məzuniyyətdədi. Müdafiə naziri Mikael Arutyunyan deyib ki, Qriqoryan haqda qərarı yaxın günlərdə ali baş komandan, yəni prezident verəcək. Bundan əvvəlsə yeni seçilən prezident Sarkisyan təəssüfləndiyini bildirmişdi ki, Qriqoryan siyasətə baş qoşmağa və ali baş komandanı dəstəkləməməyə çalışıb.


Hüquq müdafiəçisi Karen Ohancanyan isə deyir ki, indi müxalifət öz enerjisini daha çox həbsdə olan tərəfdarlarının müdafiəsinə yönəltmək istəyir, amma bu, çətin bir işdi: «Həbsdə olanların çoxuna öz vəkilləri ilə görüşməyə imkan verilmir. Bu, ən böyük qanun pozuntusudu. Məhkəmə-hüquq sistemi elə qurulub ki, tutulanların hamısı cinayətkar kimi təqdim edilir. Guya, onlar iştişaşları təşkil ediblər. Əslində isə tutulanların çoxu siyasi mübarizənin tamam başqa yolunu dəstəkləyirlər».


Amma Yerevanda gərginlik nisbətən azalsa da, savaş internetdə davam edir. Müxalifətçilər martın 1-dəki toqquşmalar vaxtı mobil telefonla çəkdikləri kadrları «youtube» videopaylaşma saytına yerləşdirirlər. Onlar deyirlər ki, bununla dinc əhaliyə qarşı silah işlətmədiyini deyən iqtidarın yalanını çıxartmağa çalışırlar.


XS
SM
MD
LG