Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

«Gəlin, nələri müzakirə etdiyimizi deyim»


«Prinsipcə mən başqa ölkələrin də iştirakının əleyhinə deyiləm»
«Prinsipcə mən başqa ölkələrin də iştirakının əleyhinə deyiləm»

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza «Amerikanın səsi» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.


- Dağlıq Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyü məsələsində ABŞ-ın mövqeyində hansısa bir dəyişiklik olubmu?


- Qətiyyətlə deyirəm ki, xeyr. Heç bir dəyişiklik olmayıb. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz Helsinki Yekun Sənədinin əsas hissəsi kimi dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Minsk Qrupunun həmsədrləri kimi, müzakirə edilməkdə olan ədalətli və balanslı bir təklifin hazırlanmasında rol oynamışıq. Bu təklif bir kompromisdir. O, bizim Azərbaycanın ərazi bütövlüyünə olan hörmətimizi tam nəzərə alır. Eyni zamanda, Dağlıq Qarabağın son statusunun müzakirələr yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur.


- ABŞ və Minsk Qrupuna digər iki üzv ölkə nəyə görə BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri barədə qətnamənin əleyhinə səs veriblər?


- Bu sualı verdiyinizə görə çox şadam, mənə bizim Azərbaycanla bağlı siyasətimizi daha dərindən açıqlamaq imkanı verir. Əvvəlcə bizim ölkələrimiz arasındakı dostluğun nə qədər dərin və güclü olduğunu vurğulamaq istəyirəm. Həmçinin, qeyd etməliyəm ki, ölkələrimiz arasında elə bir strateji tərəfdaşlığı inkişaf etdiririk ki, bu, BMT Baş Assambleyasındakı qətnamə kimi hər hansı bir qətnamədən daha mühümdür. Azərbaycandakı dostlarımız bizim bu ölkə ilə dostluğumuzun dərinliyinə heç vaxt şübhə etməməlidir. Assambleyanın qətnaməsinə gəldikdə, bu qətnamə balanslı deyildi. Azərbaycanın mövqeyinə üstünlük verirdi. Qətnamədə Azərbaycan tərəfinin bəyəndiyi prinsiplər seçilmiş, onlara işarə edilmiş, Ermənistanın bəyəndiyi prinsiplərə isə yer verilməmişdi.


- BMT Baş Assambleyasında bu qətnamənin əleyhinə verilən səs Azərbaycanın ərazi bütövlüyü əleyhinə verilmiş səs kimi yozulur. Buna görə qətnaməyə bu qədər reaksiyalar var. Bəziləri isə bunu Minsk Qrupunun həmsədrləri ilə əlaqələndirir, başqa ölkələrin də prosesdə iştirakına ehtiyac olduğunu deyirlər. Siz başqa ölkələrin danışıqlarda iştirakı barədə təklifi qəbul edərdinizmi?


- Azərbaycan və Ermənistan razı olduqları təqdirdə, prinsipcə mən başqa ölkələrin də iştirakının əleyhinə deyiləm. Əlbəttə, Minsk Qrupunun tam tərkibi daha genişdir. Belə oldu ki, Minsk Qrupu danışıqların aparılması üçün daha kiçik bir qrupa ehtiyac olması qənaətinə gəldi. Çünki çoxlu insanın iştirakı prosesi çətinləşdirirdi. Ancaq sualdakı mühakiməniz düzgün deyil. Əvvəlcə dediyim kimi, Azərbaycanın ərazi bütövlüyünün qorunması barədə ABŞ-ın siyasətində bir dəyişiklik yoxdur. Rusiya və Fransa hökumətləri də bu siyasəti himayə edir. Bakıda hansısa səbəbə görə bizim Azərbaycanla əlaqələrimizdə gərginlik yaratmağa çalışan siyasi hərəkət, qruplaşma və ya güclər var. Bunun səbəbini bilmirəm və məncə, bu təhlükəlidir və heç nəyə kömək etmir... BMT-dəki səsvermədən sonra biz Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyimizi aydın bildirdik. Beləliklə, kimlərsə nələrin müzakirə olunduğu barədə tam dürüst olmayan kampaniya aparır. Buna görə də, gəlin, nələri müzakirə etdiyimizi deyim. Birinci, Azərbaycanın ərazi bütövlüyünün tanınması; ikinci, yeddi rayonun Azərbaycana qaytarılması və məcburi köçkünlərin həmin ərazilərə qayıtması; üçüncü, erməni qüvvələrinin geri çəkilməsi; dördüncü, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən dəhlizin olması; Dağlıq Qarabağın statusu barədə danışıqların davam etməsi. Bu məsələ də yalnız danışıqlar nəticəsində zamanla əldə olunacaq kompromis yoluyla həll edilə bilər. Danışıqlar masasındakı tam paket budur... Biz, gərginliyin və Qarabağın statusu ətrafındakı düşmənçiliyin azaldılması üçün erməni və Azərbaycan ictimaiyyətləri arasında əlaqə yaradılmasını istəyirik. Mənim burda dediklərimin heç biri bizim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyimizə mənfi təsir etmir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG