«Biz Azərbaycanla dostluğumuzu yüksək qiymətləndiririk, amma düşünürük ki, bu dostluq ümumi dəyərlərə əsaslanmalıdır».
Bunu «Azadlıq» radiosuna ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid Azərbaycanda jurnalistlərin həbsinə münasibət bildirərkən deyib.
«Mən bu məsələ haqqında Vaşinqtonda da, Bakıda da açıq danışmışam. Biz Azərbaycanla dostluğumuzu yüksək qiymətləndiririk, amma düşünürük ki, bu dostluq ümumi dəyərlərə əsaslanmalıdır. Ümid edirik ki, Azərbaycan hökuməti azadlıqların daha da genişlənməsi yönündə hərəkət edəcək, onlardan uzaqlaşmaq istiqamətində yox. Biz əməkdaşlığımızın gələcəyini belə görürük. Biz Azərbaycanı məhz güclü dövlət kimi görmək istəyirik, güclü dövlət isə cəmiyyətin güclü institutlarına – o cümlədən, azad mətbuata əsaslanır. Güclü dövlət heç vaxt azad mətbuatdan qorxmur, əksinə onu alqışlayır» - deyə ABŞ rəsmisi bildirib.