Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

«Azadlıq» qəzetinin jurnalistlərinə qarşı fiziki hücumlar tez-tez baş verir»


«Ümid edirik ki, cinayətkarlar tezliklə həbs olunacaqlar»
«Ümid edirik ki, cinayətkarlar tezliklə həbs olunacaqlar»

«Azadlıq» qəzetinin jurnalistlərinə qarşı fiziki hücumlar tez-tez baş verir».


«Sərhədsiz reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatının matın 14-də yaydığı bəyanatda belə deyilir. Qurum bildirir ki, Aqil Xəlilə qarşı martın 13-də baş verən hücum son dərəcə ciddi olub:


«Biz Azərbaycan hakimiyyətini hadisəni əsaslı surətdə tədqiq etməyə və təkcə cinayətkarları deyil, həm də bunun arxasında dura biləcək hər kəsi müəyyənləşdirməyə çağırırıq».


***


«Biz təəssüf edirik ki, dəfələrlə etdiyimiz çağırışlara baxmayaraq jurnalist Aqil Xəlilə hücum edən şəxslər hələ də həbs olunmayıb».


ATƏT-in Bakı Ofisinin bəyanatında belə deyilir. Ofisin məhkəmə-hüquq təlimi üzrə nümayəndəsi Marko Roçça Kliniki Tibbi Mərkəzdə Aqil Xəlillə görüşdən sonra bəyanatı səsləndirib. O, deyib ki, bu hadisələr 22 fevralda jurnalistə olan hücumdan bəri diqqətdədir: «Ümid edirik ki, cinayətkarlar tezliklə həbs olunacaqlar və məhkəmə qarşısında duracaqlar. Çünki bu, çox ağır hadisədir».



***

«Aqil Xəlilin vəziyyəti yaxşıdır, dörd-beş günə evə buraxılacaq». Bunu «Azadlıq» radiosuna Kliniki Tibbi Mərkəzin həkimi Zaur Məmmədli deyib. Həkimin sözlərinə görə, jurnalist emosional cəhətdən özünü narahat hiss edir.


Bu arada Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Robert Zessner A.Xəlilə baş çəkib. O, deyib ki, jurnalistə edilən hər bir hücum ölkədə qeyri-əminlik şəraiti yaradır və media əməkdaşlarının fəaliyyətinə əngəl törədir: «Biz çox narahatıq. Aqillə görüşüb, söhbət etdim, həkimlər məni əmin etdi ki, o, yaxşıdır. Amma mən gördüm ki, jurnalist özünü pis hiss edir, çox zəifdir».


Hazırda bir sıra müxalifyönlü deputatlar, səfirliklərin və beynəlxalq təşkilatların əməkdaşları A.Xəlilə baş çəkirlər.




***

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması faktı ilə əlaqədar cinayət işi qaldırılıb. İş Bakı Şəhər Baş Polis İdarəsinə verilib.


Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib:



«Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (127.1) maddəsi ilə cinayət işi qaldırılıb. Bu iş ölkənin Daxili İşlər nazirinin və Baş prokurorunun nəzarəti altındadır».


S.Gözəlov deyib ki, cinayət işinin istintaqı ərazi üzrə rayon polis idarəsində yox, Bakı Şəhər Baş Polis İdarəsində aparılır. Bu barədə baş prokuror göstəriş verib.


İş yoldaşları isə Aqil Xəlilin bıçaqlanması ilə əlaqədar açılmış cinayət işinin mahiyyəti ilə razılaşmırlar.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bildirib ki, jurnalist fevralın 22-də Binəqədi rayon ərazisində döyülməsindən sonra o, hədələnib. Amma həmin vaxt bununla bağlı istintaq orqanlarında cinayət işi qaldırılmayıb. Buna görə də qəzetdə şübhə edirlər ki, bu iki hadisə arasında əlaqə var.


«Əgər Aqil Xəlilin dünən döyənlərin kimliyini araşdırmaq istəyirlərsə, onda son hadisə ilə əvvəl baş vermiş hadisə birləşdirilməli və birgə cinayət işi açılmalıdır. Çünki onu əvvəl döyənlərin bir neçəsi məlumdur. Onlar məsuliyyətə cəlb olunsalar onda dünənki hadisələrin kimin törətdiyi təxminən bəlli ola bilər».


Hadisə olan axşamı Yasamal Rayon Polis İdarəsinin rəisi və rayon prokuroru Aqil Xəlillə görüşüb, ifadəsini alıblar. Azər Əhmədovun dediyinə görə, Aqil Xəlil onu vuran şəxsin üzünü xatırlayır və polislərə təsvirini verib.



Polis bölməsindən Kliniki Tibbi Mərkəzə çatdırılan Aqil Xəlil müayinə edilərək, dərhal əməliyyat olunub.


Həkimlərin dediyinə görə, bıçaq ürək nahiyəsinin üstünə dəyib, ürək özü isə zədələnməyib.


Kliniki Tibbi Mərkəzin məsul növbətçi cərrahı Sədi Abbasov: «Xəstə döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş yarası ilə klinikaya daxil olub. Cərrahiyyə əməliyyatı aparılıb, məlum olub ki, yara döş boşluğuna nüfuz etmir. Hal-hazırda xəstənin vəziyyəti kafidir».


Yasamal Rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov isə deyir ki, faktla əlaqədar cinayət işi başlanacaq.


***
Martın 13-ü axşam saatlarında naməlum şəxslər «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili bıçaqlayıblar. Hadisə Bakı Şəhər Apelyasiya Məhkəməsinin binası qarşısında baş verib.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bicaq ürək nahiyəsindən vurulub, lakin muxbirin həyatına təhlükə yoxdur.


Yaralanmiş jurnalist özünü yaxınlıqdakı Yasamal rayonu 28-ci Polis Bölməsinə catdırıb.


A.Xəlilin dediyinə görə, onu bıçaqlayanlar uzun müddət onu izləyiblər.


Hazırda A.Xəlil xəstəxanadadır.


Bu il fevralın 22-si saat 17 radələrində Bakıdakı 6-cı mikrorayon ərazisində «Zeytun bağı» adlanan yerdə Aqil Xəlil bir qrup şəxsin hücumuna məruz qalmışdı. Həmin vaxt qanunsuz ağac kəsən şəxslərin şəklini çəkməyə cəhd edən jurnalistin barmağını sındırmışdılar.


Jurnalist onu döyənlərin iki nəfər olduğunu bildirmişdi.


Aqil Xəlil 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və satirik yazarı Mirzə Sakit müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.









XS
SM
MD
LG