Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 20:19

«Müxalifət liderlərinin və biznesmenlərin e-mailləri oxunur»


«İstəsələr e-maili də oxuyarlar, telefona da qulaq asarlar»
«İstəsələr e-maili də oxuyarlar, telefona da qulaq asarlar»

Martın 12-si dünyada internet söz azadlığı günüdür. Bu günü qeyd etməyi «Sərhədsiz reportyorlar» təşkilatı təklif edib, UNESCO isə dəstəkləyib.


Belə bir günün təsis olunmasına ehtiyac nədən yaranıb?


«Sərhədsiz reportyorlar»ın hesabatına əsasən, hazırda dünyada 63 adam internetdə söz dediyinə görə, həbsdə yatır. Elə azərbaycanlı jurnalist Eynulla Fətullayevə qarşı ittihamlardan biri də internet forumda dediyi fikirlə bağlı idi


Ötən il dünyada 2700 saytı bağlayıblar. 21 internetçi döyülüb.


İnternet yazarların həbsinin sayına görə, dünya lideri Çindir. Çin hətta internet firmalarından xahiş edir ki, bəzi sözlər olan e-mailləri, elektron məktubları avtomatik blok etsin. Məsələn, çinli öz dostu ilə internetdə Dalay Lamanı və yaxud Tayvanın müstəqiliyini müzakirə edə bilməsin.


Hətta təşkilat deyir ki, internet telefon əlaqəsi yaratmağı ilə məşhur olan «Skype» şirkəti ilə Çinin müqaviləsi var ki, bəzi sözlərə blok qoysun.


Çin və İran «YouTube»dəki videomateriallara filter qoyub.


«Sərhədsiz reportyorlar» xəbərdarlıq edirlər ki, internet asan və ucuz məlumat almaq, ünsiyyət üçündür, məxfiliyi saxlamaq onun vəzifəsi deyil. Bundan da polis casusluq üçün istifadə edir. Təşkilat bildirir ki, əvvəl paltarını dəyişmiş polisi göndərirdilər ki, camaatın nə danışdığını öyrənsin. İndi polis məntəqəsində oturub, onların e-maillərini oxumaq kifayətdir.



11 sentyabr terrorundan sonra Azərbaycan qanunvericiliyinə dəyişiklik edildi ki, mobil telefon, ya internet provayderləri elə avadanlıq quraşdırmalıdırlar ki, dövlət orqanları istənilən şəxs haqda məlumat ala bilsinlər

Çin bunun üçün böyük pullar xərcləyir, ən müasir avadanlıqlar alır. Elə ölkələr də var ki, bu qədər ağır işi görməyə ya pulları yoxdur, ya da vaxtları, sadəcə saytı bağlayırlar. Məsələn, Ermənistanda prezident seçkisindən sonra müxalifət nümayişləri başlananda «Azadlıq» radiosunun erməni redaksiyasının internet saytını bağladılar.


Bəs, Azərbaycanda vəziyyət necədir?


«Sərhədsiz reportyorlar» «ONİ» – Açıq Net Təşəbbüsü adlı nüfuzlu beynəlxalq təşkilatın apardığı araşdırmanı misal çəkirlər ki, Azərbaycanda internet əsasən açıq və azaddır. Şirkət azad deyəndə, niyə «əsasən» sözünü işlədir? İzah budur ki, Azərbaycanda camaatın e-mailini oxumaq, saytını bağlamaq olursa da, bu, nadir hadisədir, hökumət siyasəti deyil.


Yalnız bir şirkət - «Aznet» filter qoyur, onu da açıq elan edir. Filter məsələn, erotikaya qoyulur. E-maili oxumaq seçimlədir, elə adamlar ola bilər ki, onların e-maili oxunur, ancaq bu, sistemli deyil.


ABŞ Dövlət Departamentinin insan halqarı ilə bağlı yenicə yayılmış illik hesabatında isə deyilir ki, hökumət internetə çıxışı məhdudlaşdırmır. Ancaq iyul ayında prezident haqda yazdıqlarına görə, bir veb sayta giriş müvəqqəti bağlanıb. Ad çəkilmir, ancaq bu sayt «Tin Söhbəti» idi. Qiymətin qalxmağına etiraz edən «Susmayaq biz» saytına isə Azərbaycandan giriş bağlandı.


Hesabatda deyilir ki, geniş yayılmış fikrə görə, Azərbaycanda müxalifət liderlərinin və biznesmenlərin e-mailləri oxunur. Ancaq sənəddə deyilir ki, bunun sübutu yoxdur.


«Multimedia» Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə deyir ki, qanunla internetə nəzarət olmaz. Ancaq 11 sentyabr terrorundan sonra Azərbaycan qanunvericiliyinə dəyişiklik edildi ki, mobil telefon, ya internet provayderləri elə avadanlıq quraşdırmalıdırlar ki, dövlət orqanları istənilən şəxs haqda məlumat ala bilsinlər.


Yəni, belə çıxır ki, istəsələr e-maili də oxuyarlar, telefona da qulaq asarlar.


Osman Gündüz deyir ki, internetə nəzarətə imkanlar var, ancaq saytları bağlamağa qanun imkan vermir.


XS
SM
MD
LG