Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Bu qatarın dalınca baxma…


Azərbaycandan Şimala qatarlar həmişə dolu gedir
Azərbaycandan Şimala qatarlar həmişə dolu gedir

Şəhərlər vağzallardan başlayır, vağzallarda da qurtarır. Dəmiryol vağzalları isə gedənlər üçün kassalardan, gələnlər üçün platformalardan kekçir. Vağzallar da apteklər, xəstəxanalar kimidi. Özünəməxsus qoxusu var. Amma nədənsə mənə elə gəlir ki, Bakının dəmiryol vağzalından apteklərdəki kimi Hindistan , Pakistan , İranın yox daha çox Rusiyanın qoxusu gəlir. Budəfəki söhbətimiz elə bu barədə: Şimala gedən qatarlar və onların sərnişinləri haqdadır. Daha dəqiq desək Bakı-Moskva qatarı və bu qatarla Rusiyaya gedənlər barədə.


Şimala gedən qatarlar və sərnişinlər


Bakının dəmiryol vağzalına bitişik köşkə yaxınlaşar-yaxınlaşmaz artıq Rusiya abı-havası gəlir. Və əlbəttə ki, nə vaxtsa sovet vətəndaşları olmuş bir çoxlarımızda nostalji hisslər baş qaldırır.


Amma, mən ötən əsrin sovetli illərinə yox Moskvaya tərəf getməliyəm. Ona görə mətləbdən uzaqlaşmayacağam. Görək Rusiyaya gedən azərbaycanlıları vətənindən hansı ehtiyac, istək, lap elə arzu uzaqlaşdırır.


Biletim aldım. Bakı-Moskva qatarı da artıq 3-cü platformada necə deyərlər məni gözləyir.


Vağzalda Rusiyaya gedən Dima adlı biri ilə dərdləşdik.


Dima Bakıda doğulub. Tək yaşayır. Həyat yoldaşı ilə övladını çoxdan itirib. Qəzaya düşüblər. Çoxdandır Rusiyaya qohum əqrəbasını görməyə gedə bilmir. Təqaüdü imkan vermir. Deyir 68 manat alır. Ona uyğun da dolanışığını qurur. Uzun illərdən sonra birdən Rastova niyə getdiyini isə belə izah edir.


«Qohumum vəfat edib. Onun il dönümünə gedirəm. Qohumlarım çağırdı ki, heç olmasa ilinə gəl. Yolpulumu onlar ödəyəcəklər».



Vaqonlarda boş yer yoxdu


Vaqon bələdçiləri artıq sərnişinləri qəbul edir. Qatara qalxıb yerimi tapıram. 13-cü vaqon, 12-ci yer.


Bakı - Moskva qatarı 17 vaqondan ibarətdir. 10 plaskard, 6 kupe, 1 SV. Qatarda 50-yə yaxın adam işləyir. Onlardan 34-ü bələdçi, ikisi ustadır. 6 nəfər restoranda çalışır və s.


Onu da deyim ki, vaqonlarda boş yer yox idi. Bütün biletlər xeyli əvvəldən satılıb qurtarmışdı. Mən özüm də bileti dəmiryol vağzalının rəisinə xahiş edəndən sonra ala bilmişdim.


Bakıdan Moskvaya qatarla getmək başqa nəqliyyat növlərinə baxanda bir az ləng olsa da, xeyli ucuzdur. Moskvaya qədər adi biletin qiyməti 105 manat, geriyə biletin qiyməti isə -202 manatdır.


Qatardakıların demək olar əksəriyyəti ora iş dalınca gedənlərdir. Gəncə sakini Natiq kimi: «Dolanışıq dərdindən gedirəm Moskvaya. Orada taksi sürürəm. Bir təhər dolanırıq».


Natiq özünə ucuz maşın alıb ki, oğurlanıb-eləsə çox ziyana düşməsin. Deyir Moskvada belə şeylər çox olur. Ancaq skinhetlərlə hələlik elə bir problemi olmayıb. Onların necə deyərlər qara millətlər üçün tez-tez problem yaratdıqlarını isə çox eşidib. Belə şeylərə görə işindən əl çəkmək barədə düşünmür. Deyir kimin alnına nə yazılıb o da olacaq.


Əsas məsələ sərhədi sağ-salamat keçməkdi:


«Rusiya ərazisinə daxil olanda sərhədçilər, gömrükçülər gəlib deyirlər adama 100-100 verin. Adam var danışıq eləyir. Şəxsən mən verirəm. Deyirlər yükü niyə baqaja verməmisən. Baqaja vermək sərf eləmədiyi üçün «pravadnik»lə sövdələşmək daha sərfəlidir».


Natiq əvvəllər zavoda usta işləyib. Zavod bağlanandan sonra çıxış yolunu Rusiyada tapıb. Deyir ki, 2010-cu ildən sonra o daha Rusiyaya işləməyə getməyəcək. Həmin vaxt onun pasportunun müddəti bitir. Yaş da o yaş olmayacaq. Azərbaycana qayıdıb özünə fabrik zavod tikəsi deyil. Amma çox istəyir ki, o vaxtadək ölkədə sosial vəziyyət yaxşılaşsın.


Onu da deyim ki, söhbət etdiyim sərnişinlərin xasiyyəti, dünya görüşü müxtəlif olsa da əksəriyyəti bu istəkdədir.


Evdən çıxan kimi çətinliklər başlayır



Ağcabədi rayonundan olan Şahin Ağayev də Rusiyada ticarətlə məşğul olur. Geyim şeyləri satır. Sovet hökumətinin vaxtında qaynaqçı, çilingər və başqa peşələrdə işləyib. Kolxoz-sovxoz dağılandan sonra isə vəziyyət dəyişib. Deyir ki, evdən bayara çıxan kimi çətinliklər başlayır. O da ola başqa ölkə. Ancaq dolanmaq da lazımdır. Şahinin sözlərinə görə hər ay evinə 100 dollar göndərirsə, deməli onun ailəsi adi nisbətən yaxşı dolana bilir.


Yeri gəlmişkən, Şahin Ağcabədinin Qaradolaq kəndində təkcə ailəsini qoyub getmir. Qaz olmadığı üçün evdəkilər odunu, su olmadığı üçün suyu da pulla alırlar. Şahin deyir bütün bunlara yalnız Rusiyadan müqavimət göstərmək olur.


Həmsöhbətlərimin deyir ki, Rusiyada milis onları ikisini bir yerdə görəndə dərhal yaxınlaşıb sənədləri soruşur. Bilirlər ki, mütləq kiminsə sənədləri qaydasında olmayacaq. Belə halla o qədər rastlaşırlar ki, hətta Azərbaycana gələndə də bir müddət həmin səksəkə ilə yaşayırlar.


İş dalınca Şimala gedənlərin əksəriyyətini öz danışıqlarına əsaslanıb Azərbaycanda uğursuzlar da adlandırmaq olar. Ancaq nəzərə alsaq ki, kriminal baxımından dünyanın mürəkkəb ölkələrindən birində işləyib özlərini və ailələrini dolandırırlar, onda bu uğursuzluğun fərasətsizlikdən baş vermədiyini anlamaq çətin deyil.


Nə isə. Mümkün qədər sox adamdan xəbər tutmaq üçün vaqondan-vaqona keçib başqaları ilə də söhbət edirəm. Onların arasında vaxtında ali məktəbə daxil olmağa imkan verilmədiyi üçün çıxış yolunu kənarda axtarandan tutmuş, müharibədəki uğursuzluqdan sonra Rusiyaya üz tutanlara qədər kimi desən tapmaq olar.


Qatarda işləyən restoranının müdiri İmanverdi Orucovla da söhbət etdim. O, deyir ki, restoran 44 yerlikdir. Amma bir dəfəyə 50 adamı yola salmaq imkanları var.


«Qatar Moskvadan gələndə restoran dolu olur. Çünki o tərəfdən gələndə hamının çoxlu pulu olur».


Ərzağın keyfiyyətinə gəlincə müdir deyir ki, indiki zamanda sərnişinə keyfiyyətsiz ərzaq vermək heç kimə sərf etmir.


«O Sovet hökumətinin vaxtındaydı. Nə verirdilər, ondan da yemək hazırlanırdı. Hər halda, bir az əvvəl yediyim yemək də deyilənləri təstiqləyirdi».


Restoranda ən ucuz yemək 1 manat 40 qəpik və ya 2 manatdır. Qulyaş, dolma. Ən bahalı yemək isə pitidir. 6 manat. Amma istənilən başqa yeməklər də sifariş vermək olur.


Restoranın aşbazı kişi, qabyuyanları isə qadınlardır. Danışmaqdan yayındılar...


Orada qanun var. Amma vətən Azərbaycandı axı…


Qatarda asayişi qoruyan polis əməkdaşları da, Daxili İşlər Nazirliyinin icazəsi olmadan danışa bilməyəcəklərini dedilər.


Onu da deyim ki, kupedən fərqli olaraq plaskartda sərnişinlərlə söhbət etmək çətin idi. Sərnişinlərin çoxu bir-birini narahat etməmək üçün başlarını atıb yatmışdılar. Ayıq olanlar daha çox vaqonların arasında siqaret çəkir, söhbətləşirdi.


Nəbi Qasımov Rusiyanın Yaroslav vilayətinə gedir. Orada tikintidə işləyir. Deyir Azərbaycanda işsizlik küləyi hamı kimi onu da vurub Rusiyaya atıb. 1990-cı ildən 2000-ci ilədək burada özünün fermer təsərrüfatı olub. Amma o torpağın nə xeyrin, nə də bərəkətin görüb. «Parlament qanun qəbul etməklə deyil. Onun icrası yoxdursa heç nə etmək mümkün deyil». Nəbi belə deyir:


«Qayda-qanun olar, işsizlik aradan götürülər qayıdarıq. Sahibkarlara verilən kreditin 30 faizini «şapka» kimi qaytarıb alırlar. O heç kimə sərf etmir. Amma Rusiyada hökumətin qiyməti nədi, onu verib işləyirik. Orada qanun var. Amma vətən Azərbaycandı axı. Qanunların niyə işləməsini gedin parlamentdən və Prezident Aparatından soruşun. Anarxiya, özbaşınalıq baş alıb gedir».



Nəbi qatarda elə bir problem olmadığını deyir. Onun sözlərinə görə əgər sənədlərin qaydasındadırsa heç sərhəddə də problem olmur.


Haqlarında həm yaxşı həm də xoşa gəlməyən sözlər danışılan vaqon bələdçiləri əslində əhval baxımından sərnişinlərdən daha bədbin görünürlər. Hiss olunur ki, dolanışıqları heç də Rusiyada işləyənlərdən yaxşı deyil. 12-ci vaqonun bələdçisi Cəbrayıl deyir ki, onlar vaqonda 36 kilodan artıq yük aparılmasına icazə vermirlər. Bəzən çox çətin olsa da çalışırlar ki, sərnişinlər yükü baqaja versinlər: «İxtiyarımız yoxdu yükü kupeyə buraxaq. Tərslik edən olanda rəisə deyirik başa salır».


«Nənəm dedi ki, pulun yoxdusa evlənmə»


Qatarın işçilərindən kimsə maaşından şikayətlənmir. Ona görə özüm vəziyyəti müəyyənləşdirmək üçün təxmini bir hesablama aparıram. Məsələn qatarın elektriki ayda 120 manat alır. Bir həftə yolda olur. Yəni 6 gün. Restoranda ən ucuz yemək təxminən 2 manatdır. Elektrik gündə 3 dəfə yemək yesə, həftə ərzində 36 manat xərcləməlidir. Əgər özünə aid başqa heç nəyə pul verməsə, onun cəmi 84 manatı qalır. Nəzərə alsaq ki, bir həftəlik yola çıxan adam evə də nəsə alıb qoymalıdı, kommunal xərcləri və s.-ni də bunun üstünə gələndə elektrikin səmimiyyətinə inanmırsan. Və onu danışdırmaq üçün - yaxşı bəs niyə evlənmirsən - deyib yaralı yerinə toxunursan. Nəticə gözlənilən olur.


«Nənəm dedi ki, pulun yoxdusa evlənmə»-elektrikin cavabı belə oldu.


Qatarın işçilərindən söz düşmüşkən, Rusiyaya ayda bir neçə dəfə gedib qayıdan bu adamları biz az daha yaxından tanıtmaq istəyirəm.


Bakı-Moskva qatarının rəisi Fəxrəddin Ağamalıyev 20 ildir bu vəzifədə çalışır. İşə 25 yaşında vaqon bələdçiliyindən başlayıb. Müxtəlif vəzifələrdən sonra Şimal marşrutlarından birinə rəhbər təyin edilib.


Deyir ki, yol uzun olsa da sərnişinlərlə ciddi narazılıq halları baş vermir. Kiçik problemlər yaranırsa o yerində və mümkün qədər humanistcəsinə həll edilir.


Əgər işçilər öz vəzifələrini düzgün yerinə yetirməsələr dərhal tədbir görülür. Ancaq hələ ki onların briqadasında belə hal olmayıb.


«Əsas işimiz odur ki, sərnişin bizdən razı qalsın. Bunun üçün də qatarda şərait yaradılıb. Biz öz sərnişinlərimizə yüksək xidmət göstərə bilirik. Elə olmayıb ki, sərnişin bizdən gileyli getsin».


Qatar rəisinin sözlərinə görə, müxtəlif xəstəliklərin daşıyıcısı ola biləcək məhsulların, qanunla qadağan edilmiş və ya oda həssas əşyaların, eləcə də qaydaya görə baqaja verilməli olan yüklərin vaqonlara gətirilməməsi üçün bələdçilər təlimatlandırılıblar. Və belə şeylərə yol vermirlər. Bununla yanaşı qatar mənzil başına problemsiz çatması və sərnişinlərin rahatlığı baxımından tam təmin edilib:


«Bələdçilərin geyimi idarə tərəfindən tam təmin olunur. Lazım olan hər şey verilir. Təzə və çox keyfiyyətli yataq dəstlərimiz var».


Qatarda yataq dəsti həqiqətən də pis deyildi. İşçilərin geyiminə gəlincə bu barədə ziddiyyətli fikirlər oldu. Bələdçilər paltarı onlara idarənin pulsuz verdiyini təsdiqlədilər. Amma sonradan dəmiryol vağzalında başqa bir qatarın bələdçi ilə söhbət etdim. Mikrofona danışmaqdan və adını deməkdən imtina etsə də, bildirdi ki, hara işləməsindən asılı olmayaraq bütün qatarların işçiləri geyimi idarədən öz pullarına alırlar. Məsələn, bələdçi köynəyinin qiyməti 10 manatdır.


Beləliklə, bu qatarda demək olar hamı-sərnişinləri kimi işçiləri də dolanışıq qayğısındadır.


«İndi pulum var. Amma almaram o kağızı...»


Kürdəmir rayon sakini Nəsir İsyevi qatara mindirən səbəb isə bir az da qəlizdir. Dediyinə görə Azərbaycandakı haqsızlıqdan, özünün və yaxınlarının başına gətirilənlərdən bezib Kalininqrada üz tutub. Hərbi xidməti Qarabağ müharibəsi dövrünə düşüb. Atası pul verib saxlatdırmaq istəsə də razılaşmayıb. 2 ilə qədər vuruşub. Hərbi bilet almaq vaxtı gələndə komissarlıqda ondan pul istəyiblər. Deyir «indi pulum var. Amma almaram o kağızı. Mənə lazım deyil. İndi Azərbaycanda məni heç nə ilə təəccübləndirmək mümkün deyil».


Amma bir azdan təəccübləndi. Gecə saat 12-də Azərbaycanın Rusiya ilə sərhədində - Yalama stansiyasında qatar dayandı və sərhəd yoxlamaları başlandı.


Əvvəlcə sərhədçilər mədəni surətdə öz vəzifələrini yerinə yetirib getdilər. Sonra gömrükçülər gəldi. Onların rəftarı Nəsiri deyəsən təəccübləndirdi:


«Salam. Zəhmət olmasa, nəyiniz var bəyannamədə göstərin».


Sərhəddə yoxlama saat yarımadək çəkdi. Vaqonlara baxış zamanı sərnişinlərə yerlərini tərk etməyə icazə verilmir. Ona görə başqa kupelərdə və vaqonlarda nə baş verdiyini sonradan öyrənməli olursan. Danışıqlardan məlum oldu ki, Azərbaycan tərəfdə keçirilən yoxlamalar necə deyərlər «ciddi maddi və ya mənəvi ziyanla» müşayiət olunmayıb.


Beləliklə qatar yenidən hərəkətə gəldi…


«Günah bəzən öləndə olur»


Növbəti həmsöhbətim Hünər Həsənov əvvəlkilərdən təkcə gənc olması ilə yox həm də maddi vəziyyətinin yaxşı olması ilə fərqlənir. 23 yaşı var. Ağdaşdandır. Rayona xəstə anasına baş çəkməyə gəlibmiş. Valideynləri onun puluna ehtiyacları olmadığını deyir. Moskvada şəxsi dükanları var. Ərzaq məhsulları, meyvə, tərəvəz satırlar. İşi səhər tezdən-saat 4-də qalxıb dükana mal gətirməkdir. Malı gətirib satmaq üçün bibisinin ərinə təhvil verir və bununla da işi bitir. Hünər başqalarından fərqli olaraq Rusiyaya işləməyə getməsinin günahını özündə görür. Deyir vaxtında müəllimlərinin, ata-anasının sözünə qulaq asıb oxusaydı bir iş sahibi olardı. O ki qaldı Rusiyada azərbaycanlıların qətlə yetirilməsinə, döyülməsinə həmsöhbətim hesab edir ki, bunun səbəbi çoxdu. Səhlənkarlıq, qəza və s. Ancaq bəzən döyülüb, öldürülənlərdə də az günah olmur: «Keçən il orada öldürülənlərin ikisi bizim kənddən idi. Bəzi oğlanlar özlərini yekə tutur. Əlində pivə gecə şəhəri gəzir. Skinhetlərə ilişir. Onların da onsuzda bizi görən gözləri yoxdur».


Qatar ustası Əbülfət Abdullayev deyir ki, yola çıxmazdan əvvəl qatar tam yoxlamadan keçir. Lazım olan bütün tədbirlər görülür. Texniki baxımdan Azərbaycanın qatarları bir çoxlarından xeyli yaxşı vəziyyətdədir: «Bizim qatarlar Özbəkistanın, Tacikistanın qatarlarından yaxşıdır.


-Bəs Ukraynanın qatarından necə?


- … Ukraynan qatarlarını son zamanlar görməmişəm».


Rusiyaya gedənlərin hamısı heç də çarəsizlikdən bu yolu seçməyiblər. Düzdü əksəriyyət belə olsa da, Şimala təkcə ticarətə yox, ziyarətə gedənlər də var. Vaqonların arasındakı keçiddə siqaret çəkənlərlə söhbətdən bu qənaətə gəlirəm.


«Adım Mübarizdir. Oğlumun yanına gedirəm. Biznesmendir. Hamımızı o saxlayır. O olmasa acından ölərik. Yolpulumu da o verib»;


«Adım İlqardır. Memaram. Moskvaya köhnə tanışımı 8 mart münasibətilə təbrik etməyə gedirəm».


Yoxlamalar…


Artıq Rusiya sərhəd yoxlamaları başlayır. Gecə saat 3-dür. Vaqon bələdçiləri hamıya yerlərində gözləməyi xahiş edirlər.


Əvvəlcə sərhədçilər gəlir. Əllərində silah axtaran cihazla içərini yoxlayıb gedirlər. Sonra it gəlib narkotik maddə axtarır. Daha sonra hərbi geyimdə bir xanım içəri daxil olur. Həmişə rus qadınlarına həssas olan azərbaycanlılar bu dəfə deyəsən onun sorğu-suallarından mümkün qədər tez canlarını qurtarmaq istəyirdilər.


Kupeyə sonuncu daxil olan Rusiyanın miqrasiya xidməti və gömrükçülər olur. Artıq hamı yuxulayırdı. Bir də gördüm kimsə kupenin ortasında dayanıb azərbaycanca deyir ki, hərəyə 200 rubl verin. Dağıstanlı idi. Ləhcə ilə olsa da Azərbaycan dilində rahat danışırdı. Sonra o qatarın elektrik mühəndisinin də bu kupedə olduğunu görüb zarafat edərək getdi. Yoxlama tamam başa çatandan sonra vaqonları gəzib sərnişinlərdən Rusiya ərazisinə daxil olmaq üçün nə qədər ziyana düşdüklərini soruşdum. Dedilər pul veriblər.


«Hərəsinə 50-100-150 verdik getdilər. Nə edək verməsək çək çevirə salırlar».


Səhərə yaxın Dərbənddə qatardan düşdüm. Əvvəlcədən planlaşdırdığım kimi, gün ərzində şəhəri gəzib saat 21.30-da yenidən qatara-bu dəfə Moskvadan Bakıya dönən başqa bir qatara minməli idim. Elə də oldu. Vaxta az qalmış yenə də Dərbəndin dəmir yol vağzalında idim. Çox keçmədi ki, qatar gəldi.


13-cü vaqonun bələdçisi Tağı məni görən kimi dedi ki, qardaş jurnalistə oxşayır. Təsdiqləməyə ehtiyac yox idi. Bu dəfə qatar rəhbərliyinə kimliyim barədə məlumat vermədim. Ancaq bələdiciyə çatanda qatardakılardan biri pıçıltı ilə dedi ki, hər dəfə bircə nəfər sənin kimisi qatarda olsa hamı qayda-qanunu gözləyər:


«Qatarda yoxlama aparanların hamısı sakitcə gəlib sənin harada yatdığını soruşub aradan çıxırlar. Başa düşdün də nə demək istəyirəm».


Qatar işçilərinin əvvəlcədən dediyi kimi, Moskvadan Bakıya gələnlərin sayı çox az idi. Mən olan vaqonda bələdçiləri nəzərə almasaq məndən başqa 3 nəfər gedirdi.


Zaqataladan olan qonşum Moskvadan müalicədən qayıdırdı. Gözündə problem var. Deyir hələ bir dəfə də getməliyəm. Qonşu vaqonda Tatyana körpə qızı Sonya ilə Tbilisiyə həyat yoldaşının yanına gedirdi. Deyir Gürcüstana Bakıdan getmək onun üçün daha rahatdır. Yolüstü şəhərə də baxmaq fikrindədir.


Başqa bir vaqonda isə Olqa Petrovna adlı xanım Qəbələ Radiolokasiya Stansiyasında hərbi xidmətdə olan oğlunun yanına gedir. Deyir nəvəm dünyaya gəlib gedirəm onu görməyə.


Bütün bu söhbətlər səhər Biləcəriyə çatmaq ərəfəsində baş verirdi. Biləcəridən sonra artıq yığışmaq lazım idi. Yığışdırılası elə bir şeyim də yox idi. Ona görə vaqonun pəncərəsindən bələdçi Tağı ilə söhbətləşə-söhbətləşə bayıra baxırdım. Elə hey uzanıb gedən mazut vaqonları, köhnə binalar, bir də ki, yol boyu sıralanan pir ağacları…


Əslində onlar pir ağacları deyil. Sadəcə budaqlarında o qədər selafan torbalar, zir-zibil asılıb qalıb ki, bələdçi Tağı onların pir ağacına oxşadığını deyir.


Bu da Bakı vağzalı. Tanış qoxu, böyük hərflərlə xoş gəlmisiniz sözləri də öz yerində.


Qatarda olduğum müddətdə sərnişinlərdən və vaqon bələdçilərindən çox şey öyrəndim. Düzdü məndən nə yaxşı vaqon bələdçisi, nə də Rusiyada işləyən biznesmen çıxar. Amma hər ehtimala qarşı bilmək yaxşıdı...


Epiloq


Bakıdan Moskvaya həftədə 4-dəfə tək günlər qatarçıxır. Bu qatarlar adama işçi qüvvəsi ilə yüklənmiş eşalonu xatırladır. Dediyim kimi gedənlərin əksəriyyəti Rusiyada işləyib ailəsinə pul göndərənlərdir. Onların arasında nə vaxtsa bu qatarlarda birdəfəlik geri qayıdacaqlarına inananlar da var, ömrünün yollarda keçəcəyini düşünənlər də. Şimala axan adamlar 3 aydan bir Cənuba qayıdırlar. Amma bu Cənubun istisinə həsrətdən daha çox qeydiyyat məsələsilə bağlıdır. Rusiyada işləyənlər 3 aydan bir oranı tərk etməli və bundan sonra yenidən geri qayıtmalıdırlar. Qayda belədir.



İldən-ilə köhnə yolçuların sayı azalır. Onlar vaxt yetişdikdə ya yaşlaşıb haldan düşür, ya da elə ömrün püxtələşmiş çağında Rusiyanın vətəndaşlığını qəbul edirlər. Qətlə yetirilənlər də az olmur. Onların yerlərini isə başqaları - əsasən də gənclər, yeniyetmələr tutur.


Beləliklə, Azərbaycandan Şimala qatarlar yenə də dolu gedir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG