Bunu «Azadlıq» radiosuna ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti deyib.
- Yaddan çıxarmayaq ki, Qənimət Zahidin qardaşı da tənqidçi jurnalistdir və o da həbsdədir. Belə görünür ki, məqsəd qeyri-hökumət qurumlarında çalışan tənqidi düşüncəli jurnalistlərin hədəfə alınmasıdır. Jurnalistlərə qarşı başqa zorakılıqlar da baş verib, məsələn, Elmar Hüseynovu yada salaq... Küçə davası ilə bağlı bu cür sərt ölçü götürülməməliydi.
- Siz hesab edirsinizmi ki, bu, siyasi motivli həbsdir?
- Statistik baxımdan, bu, bir tendensiya təsiri bağışladığı üçün belə bir ehtimalı rədd etmək çətindir. Məsələnin mahiyyəti bundadır ki, qabaqlar jurnalistlər peşə səhvlərinə görə mühakimə olunurdular, indi isə jurnalistikadan kənar ittihamlarla həbsə salınırlar. Bütün bunlar isə Azərbaycanda müstəqil jurnalistikanı çox zəiflədib və bu nəzərə alınmalıdır.
- Belə düşünənlər də var ki, jurnalistlərin həbsi builki prezident seçkiləri ilə bağlıdır. Siz bununla razısızmı?
- Mən məsələyə bu prizmadan yanaşmıram. Mən məsələyə tendensiyanın özünün yanlışlığı baxımından yanaşıram, seçki ili oldu-olmadı. Mən düşünürəm ki, kövrək müstəqil jurnalistika, eləcə də plüralizm möhkəmləndirilməlidir. Düzdür, seçki elə bir prosesdir ki, plüralizmə əsaslanır. Çünki insanların mümkün qədər çox baxış bucaqları ilə tanış olmaq imkanı təmin edilməlidir. İnformasiya seçimi imkanı demokratik seçkilərin əsasını təşkil edir. Amma yenə də deyirəm, seçki ili olub-olmamasından asılı olmayaraq, bu, yanlış bir tendensiyadır. Mən ümid edirəm ki, hökumət qanuna əsaslanmaqla müstəqil jurnalistikanın vəziyyətinin yaxşılaşdırılması üçün islahatlar aparacaq.