Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:45

«Ermənistan atışmanı dərhal dayandırmağı xahiş edib»


Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb
Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb

«Çaşqınlıq içində qalan Ermənistanın hərbi rəhbərliyi atışmanın dərhal dayandırılmasını həm Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyindən, həm də beynəlxalq təşkilatlardan xahiş etmişdir». Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin martın 5-də yaydığı yeni məlumatında belə deyilir.


Nazirlik iddia edir ki, qarşı tərəf «çoxsaylı itkiyə və yaralıya məruz qalıb». «Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı yüksək səviyyədədir. Ordumuza güc gəlmək Ermənistan ordusuna müyəssər olmayacaq».


Məlumatda bildirilir ki, Ermənistan hakimiyyəti ölkə daxilində baş verən proseslərdən diqqət yayındırmaq üçün atəşkəs rejimini pozub.


«İndi erməni tərəfi itkilərin gerçək sayını gizlətmək məqsədilə kütləvi informasiya vasitələrində qeyri-obyektiv məlumatlar yayır».


Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 4-də səhər saatlarından başlayaraq atəşkəs rejimini pozulması nəticəsində 4 hərbiçi həlak olub, 1 nəfər yaralanıb. Ermənistan ordusunun 12 əsgərinin öldürüldüyü, 15-nin isə ağır yaralandığı xəbər verilib.


Ermənistan tərəfi isə atəşkəsin pozulması nəticəsində itkilərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini bildirir, Azərbaycan ordusunun daha çox itki verdiyini deyir.


Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri üzrə komissiyasının sədri Ziyafət Əsgərov deyib ki, cəbhədə yaranan gərginlik prezident İlham Əliyevlə müzakirə olunacaq.


Xarici İşlər Naziri Elmar Məmmədyarov da deyib ki, Ermənistan hökumətinin məqsədi atəşkəsi pozmaqla daxili vəziyyətə yönələn diqqəti yayındırmaqdır. Nazir vəziyyətlə bağlı diplomatik korpuslara, beynəlxalq təşkilatlara məlumat verdiklərini deyib. Ondan əvvəl Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan atəşkəsin pozulmasında Azərbaycan tərəfini günahlandırıb.


Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG