Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Ötən il ombudsmana 8000-ə yaxın şikayət verilib


Ombudsman Elmira Süleymanova parlamentə hesabat verib
Ombudsman Elmira Süleymanova parlamentə hesabat verib

İnsan Hüquqları üzrə müvəkkilin - ombudsmanın qəbul otağında bu gün də şikayətə gələnlər çox idi. Onlar daha çox qəbula yazılanlar idi. Şikayətçilər qəbula yazılan vaxt ombudsman Elmira Süleymanova parlamentdə 2007-ci il üçün insan hüquqlarının vəziyyətiylə bağlı illik hesabatını təqdim edirdi.


Ombudsmanın qəbul otağına şikayətə gələnlər isə indiyə qədər müxtəlif dövlət strukturlarına bir neçə dəfə şikayət edənlərdir. Hatəm Babayev Masallıdan gəlib. Deyir ki, hüquqları yerli dövlət strukturlarında pozulub. Yazdığı şikayətləri isə bir idarə, o birinə, bir nazirlik digərinə göndərib: «Ali Məhkəməyə, Ədliyyə Nazirliyinə, Prezident Aparatına şikayət etmişəm, nəticəsi olmayıb, indi də bura gəlmişəm».


Tələbə Namiq Əliyev isə polisdən şikayətçidir: «Hüququmu polislər pozub, heç nədən məni vurub».


Namiq deyir ki, polisin onu vurmasıyla bağlı Daxili İşlər Nazirliyinə şikayət etməyib. Fikirləşib ki, polis polisi cəzalandırmaz, ona görə də ombudsmana üz tutub.


Ombudsman Elmira Süleymanova isə insan hüquqlarının vəziyyətiylə bağlı bu günkü hesabatında bildirib ki, 2007-ci ildə vətəndaşlardan pozulan hüquqlarıyla bağlı ona 8000-ə yaxın şikayət gəlib. Bu şikayətlər də əsasən vətəndaş hüquqlarının, iqtisadi və sosial haqların pozulmasıyla bağlı olub. Yenə də əvvəlki illərdə olduğu kimi, məhkəmələrdən şikayətlər çox olub. İcra hakimiyyətləri, bələdiyyələr, polis, prokurorluq orqanlarından olan şikayətlər də ötən ildə üstünlük təşkil edib. Bundan başqa, ombudsman işgəncələrlə bağlı problemlərin də olduğunu bildirib.


Hüquq müdafiəçiləri isə deyirlər ki, Omudsman Aparatı müstəqil fəaliyyət göstərə bilmir. Hüquq müdafiəçisi Murad Sadəddinov: «Azərbaycanın indiki vəziyyətində bütün problemlərin həllini ombudsmandan gözləmək düzgün deyil. Ombudsmanın müəyyən dairədə çalışdığını biz də hiss edirik. Ombudsman Aparatı daha geniş fəaliyyət göstərə bilər».


Hesabatı parlamentə təqdim edəndə, ombudsman deyib ki, son bir ildə vətəndaşların hüquqlarını pozduğuna görə, Daxili İşlər Nazirliyinin 199 əməkdaşı barədə ciddi inzibati tənbeh tədbiri, 8 nəfər haqdasa cinayət işi qaldırılıb, 18 nəfər orqandan qovulub.


XS
SM
MD
LG