Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:13

ATƏT-dəki Amerika missiyası Ermənistandakı vəziyyətdən narahatdır


Fevralın 29-da Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqi davam edib
Fevralın 29-da Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqi davam edib

Fevralın 29-da hakim Respublikaçı Partiya ilə seçkidə özünü müxalifət kimi təqdim etmiş prezidentliyə namizəd Artur Baqdasaryanın «Orinats Yerkir» Partiyası arasında koalisyon hökumət qurmaq haqda saziş bağlanıb. Hələ ki, bilinən odur ki, Baqdasaryan Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri olacaq. Bu, Ermənistanda çox yüksək vəzifə hesab edilmir. Amma bəzi məlumatlara görə, Milli Təhlükəsizlik Şurasının sədrinin səlahiyyətləri genişləndirilə və həmin vəzifə hakimiyyətdə əsas postlardan birinə çevrilə bilər.


Baqdasaryan artıq 2003-2006-cı illərdə hökumət koalisiyasında iştirak edib. Seçkinin rəsmi nəticələrinə görə, parlamentin keçmiş sədri Baqdasaryan səslərin 16 faizini toplayıb. O, seçkini tənqid etsə də, prezident seçildiyi elan edilən Sarkisyana münasibətdə mövqeyi qeyri-müəyyən idi. Sarkisyan müxalifətə işbirliyi təklif edəndə demişdi ki, onun təklifinə bəzi konstruktiv müxalifət qüvvələri müsbət reaksiya veriblər. Bundan sonra iki partiya arasında danışıqlar başlanmışdı.


Fevralın 29-u həmçinin Yerevanda müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqi davam edib.


Ter-Petrosyan dünən Qərb ölkələrinə müraciət edib ki, onlar Ermənistandakı prezident seçkisinin təzədən keçirilməsi tələblərini dəstəkləsinlər. Bundan sonra onminlərlə müxalifətçi ATƏT-in Yerevan ofisinin qarşısına yürüş edib.


«Azadlıq» meydanındakı çıxışında müxalifət lideri beynəlxalq müşahidəçiləri seçkinin əsasən azad keçdiyini dedikləri üçün tənqid edib: «Bu seçkilər birinci növbədə Qərb, Amerika, Avropa Birliyi üçün imtahan idi. Əvvəlki çıxışlarımda demişdim ki, onlarla əlaqələrim olub, amma onların susmasının səbəbi mənə aydın deyil».


Ter-Petrosyan bildirib ki, Qərb seçim etməlidi, ya demokratik düşüncəni, azad bazar iqtisadiyyatını dəstəkləməli, ya da çürümüş kriminal rejimin tərəfini tutmalıdı.


Artıq Ter-Petrosyanın müraciətinə ilk reaksiya gəlib. ATƏT-dəki Amerika missiyasından. Missiya yaydığı açıqlamada bildirib ki, həm seçki vaxtı baş verən ciddi qanun pozuntularından, seçicilərin pulla ələ alınmasından, həm də seçkidən sonrakı həbslərdən narahatdılar.


Ter-Petrosyan dərhal bu açıqlamaya münasibət bildirib. Deyib ki, bu, onu göstərir ki, Amerika seçkinin nəticələrini qəbul etmir.


Ter-Petrosyan yenidən seçkini müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu kəskin tənqid edib. Hətta onların seçkiyə verdiyi qiyməti irqçilik adlandırıb: «Bununla erməni xalqına demək istəyirlər ki, siz bu cür seçkiyə layiqsiz».


Bundan qabaq Yerevana gəlmiş Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi Ter-Petrosyanla da görüşüb. Müxalifət lideri Semnebiyə söz verib ki, zorakı üsullara əl atmayacaqlar, amma onu da əlavə edib ki, rejimə qarşı sona qədər mübarizə aparacaqlar. Semnebi Sarkisyanla da görüşüb. Hökumətin yaydığı məlumatda deyilirdi ki, Avropa Birliyinin nümayəndəsi onu təbrik edib, iqtidarın seçkidəki fəaliyyətini alqışlayıb. Semnebi Sarkisyana Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Xavyer Solananın da mesajını çatdırıb, hakimiyyəti zorakılıqdan çəkinməyə çağırıb. Sarkisyan isə deyib ki, qarşı tərəf onların səbr kasasını daşdırana qədər çalışacaqlar mümkün qədər dözümlü olsunlar.


Hökumət Ter-Petrosyana dəyməsə də, indiyəcən onun altı müttəfiqini həbs edib. Bundan başqa, yol polisi dünəndən müxalifətçilərin «Azadlıq» meydanının ətrafındakı maşınlarını cərimə meydançasına aparmağa başlayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG