Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Sığorta sazişləri niyə yerinə yetirilmir?


«Mən maşınımı sığorta elədim, amma sığorta pulunu indiyədək ala bilmirəm»
«Mən maşınımı sığorta elədim, amma sığorta pulunu indiyədək ala bilmirəm»

«Mən maşınımı sığorta elədim, amma sığorta pulunu indiyədək ala bilmirəm». 2007-ci ildə idarə etdiyi maşınıyla yüngül qəza törətmiş Bakı sakini Samir İsmayılov deyir, iki ildi ki, maşınını həm icbari, həm də könüllü sığorta etdirir. Bunun üçün sığorta şirkətinə hər il 400 dollara qədər vəsait ödəyir. İsmayılov deyir ki, müqaviləyə əsasən, sığorta hadisəsi baş verərsə, sürücü məsuliyyətinə görə 1000 manat, əmlakına görə 9000, üçüncü tərəfə dəyən ziyana görə isə 5000 dollar ödənilməsi nəzərdə tutulub. Hətta sığorta hadisəsi zamanı qarşı tərəfin avtomobilində sərnişin olarsa, onların hər biri 250 dollar civarında tibbi xidmət alacaq. Amma Samir İsmayılovun sözlərinə görə, üzləşdiyi qəzadan sonra baş verənlər onda müqavilədəki şərtlərin elə kağızda da qaldığı qənaətini yaradıb:


- Mən sola dönəndə qəza törətdim. Özü də elə bir yerdə ki, orda nə «svetafor» var, nə də yol nişanı. Körpü tikilir deyə, xaos yaranıb».


Samir İsmayılovun sığorta olunduğu «Temz Sığorta Qrupu» şirkətinin sığorta hadisələri şöbəsinin meneceri Əli Xələfov isə deyir ki, müştəriləri İsmayılov kobud ehtiyatsızlıq edib qəza törətdiyi üçün qanunvericiliyə uyğun olaraq sığorta ödənişi aparmırlar. Amma qəza nəticəsində zərər dəymiş digər avtomobilin sahibinə sığorta pulu verməkdən imtina etmirlər.


Bəs kobud ehtiyatsızlıq deyəndə, nə nəzərdə tutulur? Hüquqşünas Selcan Məmmədli bildirir ki, kobud ehtiyatsızlıq dedikdə, qırmızı işıqda keçmək, yol-nişan qaydalarını pozmaq, yol şəraitinə uyğun olmayan yerdə sürəti artırmaq kimi hallar nəzərdə tutulur. Bu, Maliyyə Nazirliyinin nəqliyyat vasitələrinin sığorta qaydalarında nəzərdə tutulub.


Sığorta şikayətləriylə bağlı məhkəmə proseslərini izləyən bəzi vəkillər isə bildirirlər ki, bir çox sığorta şirkətləri qanunvericiliyin sığorta ödənişi aparmamağa imkan verdiyi «kobud ehtiyatsızlıq» ifadəsi altında müştəriyə sığorta haqqını ödəməməyə meyllənirlər.


Samir İsmayılovun da sözlərinə görə, ona qəza nəticəsində təxminən 1500 manatlıq ziyan dəyib və xərci öz cibindən də çəkə bilər. Amma son vaxtlar könüllü sığorta olunub, sonra da problemlə üzləşənlərin sayı artdığından o, öz problemini ictimailəşdirməyə və həm də məhkəməyə üz tutmağa qərar verib. «Temz Sığorta Qrupu» şirkətinin sığorta hadisələri şöbəsinin meneceri Əli Xələfov isə deyir ki, onlar müştəriləriylə aralarında yaranan narazılığı məhkəmədə çözməyə hazırdılar.


Amma bir çox narazılar məhkəmədən öncə Malliyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinə müraciət edirlər. Şöbənin bölmə müdiri Mahir Abdullayevin sözlərinə görə, ötən il şikayətlər əsasında təxminən 87 min manatlıq sığorta ödənişinin aparılmasına nail olublar, amma əksər hallarda əsassız şikayətlərlə də üzləşiblər.


Azərbaycanda 30 sığorta şirkəti fəaliyyət göstərir. Ötən il ümumi sığorta yığımı 147 milyon, ödəniş isə 35 milyon manat olub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG