Azərbaycan yerləşdiyi regiona kürd köçündən yox, PKK-nın yaxınlaşmasından narahatdır. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim fevralın 25-də keçirdiyi həftəlik mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, «bu məsələləri ayırmaq lazımdır». Bakının şübhələrinə görə, kürd terrorçu təşkilatı əsasən işğal olunmuş Dağlıq Qarabağ ərazilərində məskunlaşır.
Xəzər İbrahim: «Faktlar budur ki, PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilir. Və biz obyektiv səbəblərdən ora nəzarət edə bilmirik. Azərbaycan öz milli təhlükəsizliyini müdafiə edəcək». Amma XİN rəsmisi bu məlumatların mənbəyini açıqlamayıb.
Ermənistan isə Dağlıq Qarabağda kürd terrorçularının yerləşdirilməsi barədə deyilənləri təkzib edir.
X.İbrahim xatırladıb ki, PKK müxtəlif dövlətlər tərəfindən terrorçu təşkilat kimi tanınıb və ona qarşı beynəlxalq mübarizə mövcuddur.
Ötən həftə Türkiyə Silahlı Qüvvələrinin kürd terrorçu təşkilatına qarşı İraqda həyata keçirdiyi quru əməliyyatını Bakı dəstəkləyib.
XİN sözçüsü onu da deyib ki, hazırda Dağlıq Qarabağda məskunlaşanlar və əmlak alanlar «öz pullarını quyuya atırlar». Münaqişə həll olunmayanadək Bakı bu əməlləri cinayət hesab edəcək.
Son vaxtlar bir sıra yerli mətbuat orqanları milliyyətcə kürd olan şəxslərin Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Naxçıvan və Bakıətrafına da köçürüldüyünü iddia edir.