İşgəncələr Əleyhinə Komitə 15 rayonun polis şöbələrinin təcridxanalarında monitorinq keçirib. Bu haqda «Azadlıq» radiosuna sözügedən Komitənin rəhbəri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, bir sıra rayonlarda təcridxanalar soyuq, təmirsiz və antisanitariya şəraitindədir.
Behbudov monitorinqin nəticəsiylə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət göndərib: «Bir müddət sonra yenidən həmin rayonlarda olacağam. Problemlər aradan qaldırılmasa, beynəlxalq təşkilatlara müraciət edəcəyəm».
Elçin Behbudov fevralın 16-da Hacıqabul Rayon Polis Şöbəsində vəfat etmiş Zabit Abbasova işgəncə verilib-verilməməsini də araşdırır: «Hazırda faktla bağlı cinayət işi açılıb, ekspertiza keçirilir. Hər halda adam azadlıqda yox, polis şöbəsinin təcridxanasında ölübsə, bu məsələ axıra qədər araşdırılmalıdır».
İşgəncələr Əleyhinə Komitənin hesabatına görə, ötən il Azərbaycanda 60-dan çox adama yerli polis şöbələrində işgəncə verilib, 4 nəfər isə işgəncə nəticəsində ölüb.