Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:49

Cənub bölgəsində dəhşətli xəstəlik yayılıb


Xəstə mal-qaradan analizlər götürülüb
Xəstə mal-qaradan analizlər götürülüb

«Gün səhər» qəzeti:


«Bir aydan çoxdur ki, Lənkəranda iribuynuzlu heyvanlar kütləvi şəkildə qırılır. Əvvəl bunun hansısa adi xəstəlikdən olduğunu düşünürdük. Ancaq sonradan çox adamların heyvanı tələf olduğundan, baytar həkimə müraciət etdik. Gəlib, baxdılar, baş aça bilmədilər. Dedilər, yuxarı orqanlara müraciət etmək lazımdır. İndi hər gün Lənkəranda onlarla inək ölür, amma heç kəs maraqlanmır».


Lənkəranın Daşdatük kənd sakini Elşən Əliyev rayondan bəd xəbərlə gəlib. Deyir, rayonun bir neçə yaşayış məntəqələrində ən sağlam inəklər belə bircə günün içərisində tələf olur. İribuynuzlu mal-qaranın tələf olması halları daha çox Daşdatük kəndində müşahidə olunur. Son bir ayda təkcə bu kənddə 30-dan çox inək ölüb. Ən qəribəsi də odur ki, tələf olan heyvanlar əsasən yaxın vaxtlarda balalayacaq inəklər olur. Erkək heyvanlarda isə ölüm halları o qədər də çox deyil...


Həmsöhbətimiz deyir ki, rayonda əhali arasında müxtəlif şayiələr gəzir. Kimisi heyvanların bu şəkildə ölməsini «qarayara», kimisi «quduzluq», başqa birisi isə «taun» xəstəliyi ilə əlaqələndirir...


Lənkəranlılar heyvanların kütləvi şəkildə qırılmasında baytarlıq orqanlarını günahlandırırlar. Çünki rayon baytarlıq idarəsinə xəstəliyin yayıldığı ilk günlərdən xəbər verilsə də, heç kəs bununla maraqlanmayıb. Yalnız bir neçə gün əvvəl kəndə gələn baytar-həkimlər bütün şəxsi təsərrüfatlarda heyvanları müayinə etməyə başlayıb...


Lənkəranda baş verən bu hadisələrdən Bakıdakı dövlət qurumları da xəbərdardır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində deyirlər ki, hadisə barədə xəbər yayılan kimi Lənkərandakı baytarlıq idarəsinə profilaktik tədbirlər barədə göstəriş verilib. Bundan sonra bir neçə kənddə iribuynuzlu heyvanlar peyvənd olunub.


Peyvəndin hansı xəstəliyə qarşı vurulduğuna gəlincə, Dövlət Baytarlıq Xidmətində bu barədə konkret fikir söyləmirlər. Yalnız onu bildirirlər ki, yerli sakinlər baytarlıq idarəsinə müraciət etdikdən sonra idarənin əməkdaşları xəstə mal-qaradan analizlər götürüb və laboratoriyaya göndərib. Lakin hələlik heyvanlarda heç bir xəstəlik aşkar olunmayıb.



«Yeni Müsavat» qəzeti:


Siyasi məhbusların sayı ilə bağlı məsələ mübahisə predmeti olaraq qalmaqdadır. İnsan haqları təşkilatlarının bir qismi siyasi məhbusların sayının 70 nəfər, digər tərəf isə daha az olduğunu iddia edir. Hökumət isə ölkədə siyasi məhbus probleminin mövcudluğunu ümumiyyətlə, danır.


İnsan Haqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Azərbaycanda 35 nəfər siyasi məhbusun olduğunu açıqlayıb. Bəs həmin siyahıda kimlərin adları var? Bunu aydınlaşdırmağa çalışdıq.


Öncə Monitorinq Qrupunun üzvü, Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri Çingiz Qənizadəyə müraciət etdik. Ç.Qənizadə isə öz növbəsində, Səidə Qocamanlıya müraciət etməyimizi məsləhət gördü:


«Siyahının tərtibatı ilə Səidə xanım məşğuldur».


Səidə Qocamanlı isə bizimlə söhbəti zamanı siyahını mətbuata təqdim edə bilməyəcəyini söylədi:


«Biz dörd nəfər qadın qalmışıq tək. Mən bu siyahını mətbuata təqdim etsəm, ona min cür don geydirməyə başlayacaqlar. Bizə isə mart ayına qədər heç bir problem lazım deyil»…



«525-ci qəzet»:




... Həmkarı Leyla Yunusa «öz işi ilə məşğul olmağı» məsləhət görən Səidə Qocamanlı bildirib ki, onları hakimiyyətlə iş birliyində suçlamaq tamamilə yersizdir:



«Vaxtilə hakimiyyətin təklifini qəbul etsəydim, indi hüquq müdafiəçisi yox, çox yüksək vəzifədə işləyərdim. Hər halda ömrünün 20 ilini bu işə fəda edən bir şəxsi hakimiyyətlə, yaxud hansısa qüvvə ilə işbirliyi qurmaqda ittiham etmək qəbuledilməzdir. Leyla Yunusun ittiham etdiyi hüquq müdafiəçiləri adından deyirəm ki, biz bu yola hakimiyyətdən nəsə qoparmaq üçün baş vurmamışıq, İşçi Qrupda bu məqsədlə təmsil olunmuruq».


S. Qocamanlı əlavə edib ki, Leyla Yunusun söylədikləri onlar üçün əhəmiyyətsiz, qeyri-ciddi fikirlərdir:


«On ildən çoxdur ki, bu qadın bizimlə mübarizə aparır… AŞPA da bizimlə işləyir, bizə inanır. Həmməruzəçilər Bakıya gələrkən, məhz bizim 35 nəfərlik siyasi məhbus siyahımızı qəbul edib».


S. Qocamanlı bildirib ki, hazırda həmin siyahı ilə bağlı iş aparılır:


«Həmməruzəçilər dəfələrlə bildirib ki, müxtəlif siyahıların AŞPA-ya getməsi problemə qeyri-ciddi yanaşmanın olduğunu göstərir. Bununla belə, Leyla Yunus öz əməllərindən əl çəkmir. Yaxşı yadımdadır, beş il əvvəl vahid siyahının hazırlanması üçün xarici səfirlər bizi bir yerə topladılar. Onlar da Leyla Yunusun təpkiləri ilə rastlaşdılar. O dedi ki, heç bir halda bizimlə birgə iş görməyəcək. Amma beynəlxalq qurumlar kimlə işləməyi özləri müəyyən etdilər. Siz çox şeyi bilmirsiniz. Biz də hər şeyi demirik…».


XS
SM
MD
LG