Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:19

«Mən belə ölkə görməmişəm»


«Mən bilmirəm, plan verim, yoxsa «prava» axtarım»
«Mən bilmirəm, plan verim, yoxsa «prava» axtarım»

«Avtobus qırmızı işığın qarşısını kəsib, görmürəm. Qırmızı işığı keçən kimi tuturlar ki, 50 manat ödə. Mən 50 manatı hardan alım? Taksi sürücüsüyəm, 20 saat işləyirəm. Deyirlər ki, ölkədə iqtisadi inkişaf var, ancaq ölkə inkişaf etdikcə, mənim iş saatlarım çoxalır…»


Bunu taksi sürücüsü Tofiq Həsənov deyir. Onun sözlərinə görə, yol polisi bir aydan çoxdur ki, sürücülük vəsiqəsini alıb. Ancaq vəsiqəni geri qaytara bilmir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində deyirlər ki, sənəd rayon yol polisi idarəsindədir. Sonuncudan isə bildirirlər ki, sürücülük vəsiqəsi hələ gəlib çıxmayıb: «Mən bilmirəm, plan verim, yoxsa «prava» axtarım».


Tofiqlə bərabər sürücülük vəsiqəsinin ardınca Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsinə getdik. Nahar vaxtı olmasa da, yol polisləri nahar ovqatındaydılar. İdarənin qarşısında xeyli vətəndaş toplaşsa da, içəriyə yalnız xüsusi icazəsi olanlar keçirdi.



«Pulu ödəyib, çek istəyirik, vermirlər. Biz haqqımızı kimdən tələb etməliyik? Üç dəfə vəsiqəmi alıblar, 22 manat, ən yuxarısı 25 manat ödəmişəm. Cərimə 16 manatdan 22 manatadəkdir. Bir dəfə də 17 manat alsınlar...»
Sürücülər deyirlər ki, onsuz da cərimələrin məbləği artırıldığından heç kim qaydanı pozmağa meyilli deyil. Bununla belə, polis onları yeri gəldi-gəlmədi saxlayır: «Maşınlarını ağacın arxasında saxlayırlar. Radarla ölçürlər, sonra da qəfil çıxıb sürücünü saxlayırlar».

6 ildir Azərbaycanda yaşayan Türkiyə vətəndaşı: «Yol polisi ağacın, binanın arxasında gizlənir ki, vətəndaş qaydanı pozsun, o da pul alsın. Mən belə bir ölkə görməmişəm. Yol nişanları düzgün deyil, mənim döndüyüm yerdə sola dönməyi qadağan edən heç bir nişan yox idi. Polis isə deyir ki, qaydanı pozmusan, cərimə ver. Bura gərək cibidolu gələsən, pul xərcləyəsən».


Sürücülər onu da deyirlər ki, cərimələri banka yox, yol polisi əməkdaşlarına ödəyirlər. Ancaq onlara bununla bağlı heç bir qəbz verilmir: «Pulu ödəyib, çek istəyirik, vermirlər. Biz haqqımızı kimdən tələb etməliyik? Üç dəfə vəsiqəmi alıblar, 22 manat, ən yuxarısı 25 manat ödəmişəm. Cərimə 16 manatdan 22 manatadəkdir. Bir dəfə də 17 manat alsınlar...»


Sürücülərlə söhbətimizi Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin adını çəkməyən əməkdaşı pozdu: «Xanım, bura polis idarəsidir. Siz burda nə işlə məşğul olursunuz, qanunu niyə pozursunuz?!»


Çox çalışsa da, polis hansı qanunu pozduğumuzu bizə başa sala bilmədi. Sürücülərin qarşılaşdıqları qanun pozuntuları ilə bağlı suallarımızı isə cavablandırmaqdan imtina etdi.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov isə deyir ki, bu sahədə problemlər olsa da, irəliləyişlər göz qabağındadır. Məsələn, ötən ilin uyğun dövrü ilə müqayisədə 2008-ci il yanvarın 1-dən bugünə kimi yol qəzalarının sayı azalıb. Cərimə məsələsinə gəlincə, Əsədov deyir ki, cərimələr mütləq banka ödənməlidir. Yol nişanlarının gərəkli yerdə qoyulması və onların aydın görünməsi ilə Dövlət Yol Polisi İdarəsində xüsusi bölmə məşğul olur: «Əməkdaşlar xüsusi reydlər keçirərək çatışmazlıqları qeydə alır, aidiyyatı tədbirlər görürlər».


Vaqif Əsədovun sözlərinə görə, cərimələrin sərtləşdirilməsi sürücülərin məsuliyyətini artırıb. Bununla belə, o, təkcə sürücüləri yox, bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.


XS
SM
MD
LG