Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:55

Yanvar ayında dəm qazından 16 nəfər ölüb


«Əməkdaşlarımız evlərə girib qaz sobalarını yoxlayacaqlar»
«Əməkdaşlarımız evlərə girib qaz sobalarını yoxlayacaqlar»

«Hər gün eşitdiyim ölüm halları məni çox narahat edir. Elə bil ölüm mövsümüdir, qışda qazdan, yayda dənizdə boğulmadan…Heç kim də buna ciddi nəzarət etmir». Bakı sakini Alim Hüseynli son vaxtlar dəm qazından baş verən ölüm hallarına görə əməlli-başlı təlaşa düşüb. Gecə-gündüz gözü evindəki qaz sobasındadır. Onu narahat edən başqa bir məsələ isə evindəki qaz sobasının, quraşdırmanın standartlara uyğun olmamasıdır: «İstismar müddəti keçib, əldədüzəltmə sobadır, quraşdırılan zaman heç bir standartlar nəzərə alınmayb. Rayon qaz istismar idarəsinə dəfələrlə müraciət etmişəm, ancaq heç kim gəlib baxmayıb».


Ancaq bu günlərdə Bakıda və bölgələrdə rayon qaz-istismar idarələrinin əməkdaşları evlərə girib qaz sobalarının standartlara uyğun olub-olmamasını yoxlayacaqlar. «Azəriqaz» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Nazim Səmədzadə deyir ki, son vaxtlar dəm qazından baş verən hadisələrin çoxalmasından sonra belə qərara gəliblər. Bu ilin yanvar ayında dəm qazıyla bağlı 42 hadisə olub. 16 nəfər ölüb, qalanlarının həyatını isə xilas etmək mümkün olub. 2007-ci ildəsə bu cür hadisələrin sayı 151 olub ki, onlardan da 60-ı ölümlə nəticələnib. Ancaq deputat Qüdrət Həsənquliyev parlamentin bu həftə keçirilmiş iclasında deyib ki, dəm qazından ölənlərin sayı 150-dir. Bu bəyanatdan bir neçə gün sonrasa Astarada daha iki nəfər dəm qazından boğulub.


Fevralın 14-də Respublika Prokurorluğu baş verən hadisələrin araşdırılması üçün «Azəriqaz»a təqdimat göndərib.


Nazim Səmədzadə deyir ki, standartlara uyğun olmayan evdəki qaz sobaları ilə bağlı ciddi tədbirlər görəcəklər. Bu tədbirlərə həmin evin qazının kəsilməsi də aiddir.


«Azəriqaz»da hesab edirlər ki, son vaxtlar əhaliyə verilən qazın təmiz olmaması haqqında yayılan fikirlər yanlışdır. Nazim Səmədzadə deyir ki, qazın təmizlənməyə ehtiyacı var, ancaq bu, o demək deyil ki, əhaliyə zəhərli qaz verilir. O, deyir ki, evlərin bacaları qış aylarında ayda bir dəfə təmizlənməli olduğu halda, buna heç illərlə əməl olunur.


Yanacaq və Energetika naziri Natiq Əliyev də qazın tərkibinin təmizlənməməsi haqda fikir bildirib. Deyib ki, kütləvi zəhərlənmələr ehtiyatsızlığa görə baş verir: «Şübhəsiz qaz təmizlənməlidir, standartlara uyğunlaşdırılmalıdır. Ancaq demək ki, bu qazdan kimsə zəhərlənib, bu, düzgün deyil».


Mütəxəssislərsə bildirirlər ki, evlərdə dəm qazının yaranmasına səbəb hava çatışmazlığı, tüstü bacalarının və borularının vaxtında təmizlənməməsi, qaz sobalarının standartlara uyğun gəlməməsidir. Mövcud tələblərə görə, hər il soyuqlar düşməzdən əvvəl bütün yaşayış binalarının bacaları təmizlənməlidir. Bu işi Mənzil Kommunal İstismar Sahələri həyata keçirməlidir.


XS
SM
MD
LG