Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

«Başqalarının evində məskunlaşan köçkünlər çıxarılacaq»


«Təxminən 300 mindən çox qaçqın və məcburi köçkün müxtəlif yerlərdə məskunlaşıb»
«Təxminən 300 mindən çox qaçqın və məcburi köçkün müxtəlif yerlərdə məskunlaşıb»

«Təxminən 300 mindən çox qaçqın və məcburi köçkün müxtəlif yerlərdə məskunlaşıb. Hələ fin qəsəbələrində, məktəblərdə, hərbi hissələrdə, yol kənarlarında, qışlaqlarda yaşayan qaçqın-köçkünlər var». Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov bildirib.


«Üç nöqtə» komitə sədrinə istinadən yazır ki, çadır şəhərciklərinin ləğvindən sonra növbəti mərhələdə fin qəsəbələrinin ləğvi planlaşdırılır. Bunun ardınca məktəblərdə və hərbi hissələrdə yaşayan qaçqın-köçkünlər çıxarılacaq.


Əli Həsənov konkret şəxslərə məxsus fərdi evlərdə məskunlaşan məcburi köçkünlərin çıxarılması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun bildirdiyinə görə, hazırda Bakı və Sumqayıtda 6 minə qədər fərdi ev məcburi köçkünlər tərəfindən tutulub: «Hazırda ölkə başçısının tapşırığı ilə bu məsələ ilə bağlı araşdırma aparırıq. Araşdırmalarda əsas məqsəd neçə fərdi evdə məcburi köçkünlərin məskunlaşdığını müəyyənləşdirmək və bu problemin həlli yollarını tapmaqdan ibarətdir. Dövlətin imkanı yarandıqca biz bu məsələlərin həlli ilə məşğul olmağa başlayırıq. Əvvəl imkan yox idi. Ancaq indi imkan yarandığı üçün biz də bu məsələni qaldırırıq ki, artıq yerli əhalinin hüquqlarının bərpa olunmasının vaxtı çatıb. Yəqin ki, bu məsələ ilə bağlı da hansısa bir qərar olacaq».


Rəsmi dövlət qəzeti «Azərbaycan» yazır ki, «Heydər Əliyev Fondu Azərbaycan-Pakistan münasibətlərinə töhfə verir». Fondun «təhsilə dəstək» layihəsi çərçivəsində Pakistanda tikilən qızlar məktəbi istifadəyə verilib.


Bu vaxta kimi zəlzələ nəticəsində tamamilə yararsız vəziyyətə düşmüş məktəbin şagirdləri dərsləri çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qalmışdılar. Bunu nəzərə alan Heydər Əliyev Fondu Rara ərazisində məktəbin inşası üçün Pakistanın Zəlzələdən Zərər Çəkmiş Ərazilərin Yenidən Qurulması və Bərpası İdarəsi ilə danışıqlara başlamışdı.


Məktəb binasının dəyəri 750 min ABŞ dollarıdır, orada müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinələri, kitabxana, kompyuter otağı, idman meydançası var. Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan məktəbdə 500-dən artıq şagird təhsil alacaq.


Millət vəkili Pənah Hüseyn deyir ki, «hakimiyyət cəmiyyətdəki mövqelərinin möhkəm olduğuna inanmır». O, bunu «Bizim Yol»a müsahibəsində bildirib.


«Mənim qənaətimə görə, hakim partiyanın üzvləri seçki kampaniyasının gedişində televiziyada çıxışların vaxtının azaldılmasına və kütləvi aksiyaların keçirilməsinin məhdudlaşdırılmasına çalışırlar. Əgər seçki kampaniyasına qədərki dövrün azaldılmasını təklif edərdilərsə, bununla razılaşmaq olardı. Yəni seçki kampaniyası dövrünə toxunmamaq şərtiylə qeydiyyat mərhələsini qısaltsınlar. Ancaq indiki halda bu təklif antidemokratikdir və çox gözlənilməzdir. YAP-ın məntiqindən belə çıxır ki, seçki kampaniyasına və ümumiyyətlə, seçkiyə nə ehtiyac var? Sadəcə, bu prosesi tədricən aparmaq istəyirlər».



AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG