Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

«Prezident seçkisi azad və ədalətli keçirilənə oxşamır»


«Azərbaycanın neft və qaz gəlirlərindən uzunmüddətli istifadə strategiyası yoxdur»
«Azərbaycanın neft və qaz gəlirlərindən uzunmüddətli istifadə strategiyası yoxdur»

Keçən həftə Avropa Birliyinin (AB) üç rəsmi nümayəndəsinin Azərbaycana səfərini «Azadlıq» radiosunun Brüssel müxbiri Ahto Lobyakas da müşayiət edib. O, yazır ki, Birliyə sədrlik edən Sloveniyanın Xarici İşlər naziri Dmitri Rupelin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın enerji imkanları doğrudan da böyük təəssürat oyadıb.


AB-nin xarici əlaqələr komissarı Benito Ferrero Valdner xatırlayır ki, cəmi iki il əvvəl prezident İlham Əliyev ona deyirmiş ki, Azərbaycanın qaz ehtiyatları uzun müddətə çata bilməz. İndi isə Əliyev söz verir ki, Azərbaycan düz 40 il Avropa Birliyini qazla təmin edə bilər.


Lobyakas yazır ki, indi Azərbaycan Avropa Birliyinə təzyiq edir ki, «Nabukko» qaz layihəsini tezləşdirsin. Xəzər qazını Türkiyədən keçməklə Avstriyaya və başqa Avropa ölkələrinə çatdıracaq bu kəmərə Avropa Birliyi maraq göstərsə də, kəmərin qazla doldurula biləcəyinə şübhələr də var.


Ancaq Sənaye və Energetika naziri Natiq Əliyev deyir ki, bu narahatlıq əsassızdır. «Nabukko»ya ildə lazım olan 25-30 milyard kub metr qazı Azərbaycan təkbaşına verə bilər: «Azərbaycan dünya səviyyəli unikal «Şahdəniz» yatağını istismar edir, burda nəhəng - 1 trilyon 200 milyard kub metr qaz ehtiyatı var. Azərbaycan bu qazı verməyə hazırdır, ancaq ona kəmər lazımdır».


Azərbaycan AB nümayəndələri ilə danışıqlarda «Nabukko»nun sürətlənməsində təkid etməkdən başqa, Birliyi Xəzər regionu ilə münasibətlərdə daha çox siyasi iradə göstərməyə çağırıb. Çünki Rusiya da dayanmayıb, öz qazına rəqib olan Azərbaycan qazının Avropaya çıxması planlarının qarşısını almağa çalışır.


Bunu AB-nin Bakıda açılmış yeni nümayəndəliyinin başçısı Alan Vadams da deyir: «Təkcə Azərbaycanda yox, bütün Şərqi Xəzər regionunda resurslar ətrafında daimi oyun, daimi rəqabət gedir».


Sənaye və Energetika naziri Natiq Əliyev də deyilənləri təsdiqləyir. Onun fikrincə, Rusiya Orta Asiya qazını itirməkdən qorxur.


«Azadlıq» radiosunun müxbiri bir cəhətə də fikir verib: Azərbaycan rəsmiləri «Nabukko» layihəsinə Rusiyanın reaksiyasından danışanda, tez-tez «əsəbilik», «hirslənmə» kimi ifadələrdən istifadə edirlər.


İqtisadi İnkişaf naziri Heydər Babayev isə Rusiyanın bu reaksiyalarını başa düşülən və normal adlandırır. Xatırladır ki, Rusiya Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini də belə qarşılayırdı.


Bununla belə, Babayev müxbirə deyib ki, Azərbaycanın ən yaxşı qonşusu elə Xəzər dənizidir.


Lobyakas ona da fikir verib ki, Azərbaycan hökumətinin öz xalqına yaxşı müttəfiq olmağı da deyəsən, mübahisəli məsələdir.


Enerjidən gələn pulun cəmiyyətə az bir hissəsi çatır.


72 yaşlı bakılı pensiyaçı deyir ki, ayda cəmi 60 manat təqaüd alır: «Bunu işığa, qaza versəm, bəs nə yeyim?»


Heydər Babayev Norveç üslubunda Neft Fondundan, burda 3 milyard dollar yığılmasından danışır. Müxalifətçilər və qeyri-hökumət təşkilatları fəalları, jurnalistlər isə «Azadlıq» radiosunun müxbirinə avadanlıqla tam təchiz olunmuş, ancaq boş xəstəxanalardan, regionlarda həyata keçirilən nəhəng, lakin mənasız layihələrdən söz açıblar.


AB rəsmiləri də razılaşırlar ki, Azərbaycanın neft və qaz gəlirlərindən uzunmüddətli istifadə strategiyası yoxdur və bu, çaşdırıcıdır.


Avropa Birliyi rəsmilərinin diqqətinə müxalifətçilər onu da çatdırıblar ki, 1998-ci ildə - Azərbaycanın neftdən böyük gəliri hələ gəlməyə başlamayanda, ölkədə medianın 55 faizi müstəqil idisə, indi neft pulu gələndən sonra medianın cəmi 5 faizinə müstəqil demək olar.


Jurnalistlərin özbaşına tutulması artıb, bir jurnalist - Elmar Hüseynov isə müəmmalı şəkildə öldürülüb.


Avropa Birliyi rəsmiləri deyiblər ki, insan haqları məsələsini hökumətlə danışıqlarda qaldırıblar. Ancaq Birlik rəsmiləri də hesab edirlər ki, Azərbaycanda qarşıdan gələn prezident seçkisi azad və ədalətli keçirilənə oxşamır.


Müxalifətçilər Avropa Birliyi nümayəndələrinə onu da bildiriblər ki, Azərbaycan hakimiyyətinin siyasəti daha çox islam fundamentalistlərinə yol açır, nəinki demokratiyanın yenidən qayıtmasına.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG