Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

Məişət cihazları niyə sıradan çıxır?


«Bakıelektrikşəbəkə»nin rəhbəri Baba Rzayev
«Bakıelektrikşəbəkə»nin rəhbəri Baba Rzayev

Həmid Qulamovla metronun Nizami stansiyası yaxınlığındakı məişət cihazlarının təmiri emalatxanalarından birinin qarşısında rastlaşdım. Deyir bir iki gün əvvəl televizorları xarab olubmuş, həmin emalatxanada təmir etdirib, ustaya borclu qalıbmış indi həmin borcu verib evə gedir.


Həmid televizorunun hansı səbəbdən xarab olduğunu bilmirdi. Mən emalatxanaya girəndə usta yeni model televizorlardan birinin üzərində işləyirdi. Usta deyir ki, bu texnikaların hamısı elektrik gərginliyinin artıb-azalması nəticəsində sıradan çıxıb: «İşıq normal səviyyədə verilsə, heç bu hallar da olmaz».


-Usta heç olubdumu ki, elektrikə görə televizoru xarab olanlardan kimsə məhkəməyə müraciət etsin?


-Nə danışırsınız, bu ancaq xarici ölkələrdə ola bilər-, deyə usta bildirdi.


Usta deyir ki, təmir etdiyi cihazların 70 faizə yaxını işığın lazımı səviyyədə olmamasından irəli gəlir.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, nə qədər ki, vətəndaşlarla elektrik şəbəkələri arasında qarşılıqlı öhdəliklərin qeyd olunduğu müqavilələr yoxdu, belə hallar azalmayacaq. Birlik sədri deyir ki, indiyə qədər məişət avadanlıqlarının sıradan çıxmasıyla bağlı onlara altı müraciət olunub. Amma onların heç birilə bağlı müsbət nəticə olmayıb. «Ona görə ki vətəndaşlarla müqavilələr bağlanılmır, az-az bağlanan müqavilələr isə birtərəflidir. Bu müqavilə daha çox xidmət göstərən tərəfləri müdafiə edir».


Ancaq bəzi istisnalar da var. Məsələn, hüquq müdafiəçisi Novella Cəfəroğlu 2006-cı ildə soyuducusu yandığına görə məhkəməyə müraciət edib. Amma, bu günə qədər məhkəmədən bir xəbər yoxdu. Cəfəroğlu yenidən məhkəməyə müraciət etməyə hazırlaşır. Novella Cəfəroğlu deyir ki, əgər pul ödəyirsə, onu normal elektrik enerjisilə təmin etməlidirlər.


«Bakıelektrikşəbəkə»nin rəhbəri Baba Rzayev isə deyir ki, bu vaxta kimi onlardan məişət cihazlarının gərginlik səbəbindən sıradan çıxmasına görə kompensasiya tələb edən olmayıb. «Bu məsələ hər halda məhkəmənin qərarı ilə tənzimlənməlidir. Digər tərəfdən biz əhalinin yaşadığı mənzilin daxili elektrik təchizatının təminat və keyfiyyətinə cavabdeh ola bilmərik. Faktlar göstərir ki, avadanlıqların sıradan çıxması daxildəki şəbəkə ilə bağlı olur».


Vətəndaşların Sosial Hüquqlarının Müdafiəsi Koalisiyası isə adamların sabit və keyfiyyətli su, qaz və elektrik enerjisi təminatıyla bağlı baş nazirə müraciət edib. Koalisiyanın rəhbəri Mehman Əliyev deyir ki, 2006-cı ildə Nazirlər Kabinetinin verdiyi qərarına görə, bu məsələlər ötən ilin sonuna qədər başa çatmalıydı. İndi koalisiya vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyir. Mehman Əliyev deyir ki, əslində vətəndaşlarla istehsalçılar arasında bağlanmalı olan mövcud müqavilələr daha çox birtərəflidir, istehlakçıların hüquqlarının müdafiə etmir. Bu baxımdan koalisiya yaxın vaxtlarda alternativ müqavilə formalarını hazırlamağı planlaşdırır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG