Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:53

«Seçki prosesi əvvəl-axır beynəlxalq standartlarla uzlaşmalıdır»


«Əsas məsələ seçicilərin sərbəst seçim hüquqlarının qorunmasıdır»
«Əsas məsələ seçicilərin sərbəst seçim hüquqlarının qorunmasıdır»

«Azərbaycanda rəqabətli seçki mühitinin yaradılması üçün təkcə hüquqi yox, praktiki müstəvidə də bir çox işlər görülməlidir».


Bunu Venesiya Komissiyasının katibi Sergey Kuznetsov «Azadlıq» radiosuna müsahibəsində deyib.


Onun sözlərinə görə, hakimiyyət nümayəndələri ilə danışıqlarında seçki mexanizmini sadələşdirmək yollarını müzakirə edirlər. Bəzi məsələlərdə mövqelər yaxın olsa da, seçki komissiyalarının tərkibi ilə bağlı konkret razılıq hələ əldə edilməyib. Razılaşdırıla biləcək məsələlər arasında isə namizədlərin irəli sürülməsi mexanizmi, siyahıya alınma və digər detallar var.


Venesiya Komissiyasının katibi seçki qanunvericiliyinə yalnız texniki dəyişikliklər olunacağı barədə hakimiyyət nümayəndələrinin bəyanatlarına da münasibət açıqlayıb:


«Bu, subyektiv yanaşmadır. Çünki nəyin texniki olub-olmadığını demək çətindir. İndiyədək apardığımız danışıqlar nəticəsində müəyyən baza formalaşdıra bilmişik. Amma biz detallı şəkildə, hüquqşünaslarla da işləyirik. Əsas məsələ seçicilərin sərbəst seçim hüquqlarının qorunmasıdır və bunun üçün konkret addımlar tələb olunur. Amma onu necə adlandırmaq o qədər də vacib deyil».


Cənab Kuznetsov deyir ki, Azərbaycan əvvəl-axır seçki prosesini beynəlxalq standartlara uzlaşdırmalıdır, amma bunu indi etmək daha yaxşı olardı.


Komissiya nümayəndəsi onu da bildirdi ki, bəzi müxalifət partiyalarının qarşıdakı prezident seçkisini boykot etmək qərarını başa düşürlər: «Bu siyasi partiyaların mövqeyidir. Əlbəttə, onların öz səbəbləri var».


«Azadlıq» bloku seçki komissiyalarının tərkibi dəyişməyincə prezident seçkisinə qatılmayacağını elan edib. Digər əsas müxalifət partiyaları da seçki komissiyalarının tərkibinin dəyişilməsini istəyir.


Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar fevralın 7-də başlayıb və bu gün başa çatmalıdır.


XS
SM
MD
LG