Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 11:38

«Prezidentlə bir sıra məsələlərdə fikir ayrılıqlarımız var idi»


A. Herkel: «Ölkədə təcili ictimai barışıq tədbirləri görülməlidir»
A. Herkel: «Ölkədə təcili ictimai barışıq tədbirləri görülməlidir»

«Azərbaycan cəmiyyəti parçalanmaqdadır. Ölkədə təcili ictimai barışıq tədbirləri görülməlidir».


Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Bakıya səfərlərinin yekununa dair mətbuat konfransında bildirib.


Həmməruzəçinin fikrincə, görülməsi vacib olan tədbirlər bunlardır -- həbsdəki jurnalistlər və siyasi məhbuslar, xüsusilə də səhhətində problem olanlar azadlığa buraxılmalı; seçki qanunvericiliyinə dəyişikliklər və sərbəst toplaşma azadlığı ilə bağlı Venesiya Komissiyası ilə dialoq davam etdirilməlidir:


«Elə bir Seçki Komissiyaları yaradılmalıdır ki, cəmiyyətdə ona etimad olsun. Həm iqtidar, həm də müxalifət ona inana bilsin».


A. Herkel deyir ki, bütün bu məsələlərin həlli Azərbaycan hökumətinin əlindədir:


«Biz prezident İlham Əliyevlə görüşdə Azərbaycanın öhdəliklərinin yerinə yetirməsini müzakirə etdik. Əlbəttə, bir sıra məsələlərdə fikir ayrılıqlarımız var idi. Amma görüşümüz əməkdaşlıq mühitində oldu. İndi məsələlərin həlli bizim yox, prezidentin əlindədir. Biz istəyərdik ki, növbəti dəfə Azərbaycana gələndə, bu problemlər olmasın, biz başqa işlərdən danışaq».


Həmməruzəçilər ümid edirlər ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri şəffaf olacaq və orada müxalifət partiyaları da iştirak edəcəklər. A. Herkel deyir ki, bu məsələni müxalifət liderləri ilə müzakirə ediblər:


«Hesab edirik ki, biz onları seçkidə iştirak etməyə inandıra bildik. Siyasətdə hətta qeyri-ideal vəziyyətdə seçkidə iştirak həmişə boykotdan daha üstün bir taktikadır».


Digər həmməruzəçi Yevgeniya Jivkova isə deyir ki, onlar Bakıda istədikləri şəxslərin hamısı ilə görüşüblər, Sakit və Qənimət Zahidov qardaşlarından başqa.


S. Zahidov Bakıdan kənarda cəza çəkdiyi üçün həmməruzəçilər onun saxlandığı həbsxanaya gedə bilməyiblər. Q. Zahid isə hələ də istintaq altındadır.


Yekunda A. Herkel qeyd edib ki, Avropa Şurasında Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyini məsələsi İnsan Hüquqları üzrə İşçi Qrupun gələcək fəaliyyətindən asılı olacaq.


AŞPA həmməruzəçiləri Bakıya fevralın 4-də gəliblər.


XS
SM
MD
LG