Fevralın 10-dan başlayaraq Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyi yenidən avtobusların yoxlanılmasıyla bağlı reydlərə başlayacaq. Bu barədə «Azadlıq» radiosuna Bakı Şəhər Dövlət Yol Polisinin İctimai Qurumlarla İş Şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun dediyinə görə, bu dəfə məqsəd nümunəvi sürücü, nümunəvi xidmət və nümunəvi avtobusu müəyyənləşdirməkdir.
Bundan əvvəl yanvarın sonunda iki qurum birgə Bakı və Bakıətrafı yaşayış məntəqələrinə işləyən mikroavtobuslarla bağlı reydlər keçiriblər. Bu reydlər zamanı ayaq üstə sərnişin daşıdığına, müəyyən edilmiş dayanacaqlardan kənarda saxladığına və avtobusun salonunda qanunsuz dəyişikliklər etdiyinə görə 200-dən çox mikroavtobus cərimə meydançalarına aparılıb.
Vaqif Əsədovun dediyinə görə, təkcə bu ilin yanvar ayı ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 3 minə yaxın avtobus sürücüsü cərimə edilib.