Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:55

«Rusiya yetişdirdiyi kadrlardan casus kimi istifadə edir»


Aeroportda dinləmə qurğusunun quraşdırılması məsələsi gündəmdən düşmür
Aeroportda dinləmə qurğusunun quraşdırılması məsələsi gündəmdən düşmür

Bakı aeroportunun təhlükəsizlik xidmətinin rəisi Emil Süleymanovun, MTN-in digər polkovnik-leytenantı Rafət Əliyevin və təhlükəsizlik xidmətinin digər 5 əməkdaşının Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi, onların əli ilə aeroportdakı hökumət zalına xüsusi dinləmə qurğusunun quraşdırılması məsələsi gündəmdən düşmür. «Yeni Müsavat» yazır ki, Rusiyanın Azərbaycanın yüksək vəzifəli şəxslərini casusluq fəaliyyətinə cəlb etməsi birinci fakt deyil. Bir sıra müstəqil ekspertlər isə bildirirlər ki, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən daha neçə şəxsin Azərbaycan hakimiyyətində bu gün də yüksək vəzifələr tutması istisna deyil.


Qəzet yazır ki, xarici kəşfiyyatla əlaqələri aşkarlanan şəxslərin əksəri diplomatik korpusda, hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışanlardır: «Bunun səbəblərini araşdırarkən belə bir rəyə də rast gəldik ki, bu gün xüsusi xidmət orqanlarında və diplomatik korpusda vəzifə tutan şəxslərin əksəri Rusiyada təhsil alıblar, bu ölkənin rəsmi dairələri ilə yaxın əlaqələri qalmaqdadır».


Politoloq Qabil Hüseynli deyir ki, Azərbaycan hakimiyyəti təhlükəsizliyi təmin edə biləcək bir çox məsələlərdə Rusiyadan asılılığı azalda bilməyib. Onun sözlərinə görə, hər bir ölkə özünün təhlükəsizliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirməlidir.


«Azadlıq» qəzetində Şahvələd Çobanoğlu «Müxalifətin tamaşası» başlıqlı məqaləsində yazır ki, Fidel Kastronun Kuba parlamentinə seçkilərdə başqasına «uduzması» xəbəri köhnə tamaşanın yeni ssenarisidir: «Guya xalqın iradəsi heç kimdən yan keçmir və elə bu səbəbdən əsas Kastro ikincidən 1,1 faiz az səs toplayıb. Amma Kastro elə Kastroya uduzub. Özgəsinə deyil, qardaşına. Sülalə kabusu dünyanın hər yerində əcaib tamaşalar yaradır».


Azərbaycan müxalifətinin durumuna toxunan müəllif bildirir ki, onlar üçün gerçək imkanların məhdud olduğu bəllidir: «Amma söz də yoxamı çıxdı?! Söz tamaşası qurmaq üçün də imkanlar tükənmədi ki?! Nədir müxalifətin tamaşası? Anonim və qarışıq hisslər doğuran dialoq təklifimi? Təsəvvür edin ki, biz hakimiyyəti dialoqa çağırırıq və deyirik ki, bu, hakimiyyətin xeyrinədir, odur ki, dialoqdan qaçmamalıdır. Bu cür siyasi qrammatikaya bayılmaq olar. Niyə hakimiyyətin xeyrinə olan bir təkliflə çıxış edirik? Müxalifətin vəzifəsi budurmu?!»


Müəllif yazır ki, anlamaq olmur ki, seçkiyə gedən niyə gedir, getməyən niyə getmir: «Heç kim öz taktikasının nə verəcəyini söyləmir, yaxud bu taktikanın verəcəyi faydanın nə zaman əsas hədəfə yol açacağını demir. Taktikanın arxasında duran, onu siyasi meydanın vitrininə çıxaran sözlər və ovqat hanı?»


«Danışıqların mahiyyəti Azərbaycanın işğal olunmuş bütün torpaqlarının boşaldılmasıdır». «Azərbaycan» qəzetinin baş yazısı belə adlanır. Məqalədə bildirilir ki, prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcək: «Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün dünya Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG