Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:40

Gələn həftədən qızıl satılan obyektlərdə yoxlamalar başlayır


Artıq ötən ildən Gədəbəydə qızıl hasilatına başlanıb
Artıq ötən ildən Gədəbəydə qızıl hasilatına başlanıb

Gələn həftədən qızıl satılan obyektlərdə yoxlamalar başlayır. Həm yerli zinət əşyaları, həm də xaricdən gətirilən malların keyfiyyəti yoxlanılacaq.


Maliyyə Nazirliyi yanında Əyyar Palatası indiyə kimi bir neçə dəfə bildirib ki, bəzi ticarət obyektlərində keyfiyyətsiz zərgərlik məmulatları satılır. Satılan malın keyfiyyəti onun üzərində göstərilən əyyarla uyğun olmur. Bəzənsə aşağı əyyarlı məmulata yüksək əyyar vurulur, sonra da baha qiymətə satılır.


Əyyar Palatasının keçirəcəyi monitorinqin hansı nəticələr verəcəyini indidən demək mümkün deyil.
35 ildir zərgərlik edən Şamil kişi isə danışır ki, sovet dövrünün qızılı ilə indikini heç müqayisə etməyə belə dəyməz: «Baxırsan ki, əyyarı düzdür, amma bir məmulat kimi davamsızdır. Keyfiyyətsizliyi isə ondan ibarətdir ki, çox iri qabaritli hazırlayırlar, çəkisi isə az olur. Ancaq o məmulatlar da davamsızdır. Bir də görürsən ya batır, ya da paltar geyinəndə qopur».



Zərgər Şamil kişi qızıl alanlara məsləhət görür ki, özləri ilə təcrübəli adam aparsınlar. Onun sözlərinə görə, yerli mal xaricdən gətiriləndən daha yaxşıdır.

Bakı sakinləri də etiraf edirlər ki, alıcıları qızılın görünüşü və qiyməti daha çox maraqlandırdığından onları keyfiyyət məsələsində aldatmaq mümkündür. Amma bir məsələ də var ki, keyfiyyətsiz qızıl tələsinə düşənlər yenə də öz hüquqlarını bərpa edə bilmirlər. Ən azından ona görə ki, 15 il bundan əvvəl imzalanmış qanuna görə, qızıl, alınandan sonra qaytarılması mümkün olmayan mallar siyahısına salınıb.


Zərgər Şamil kişi qızıl alanlara məsləhət görür ki, özləri ilə təcrübəli adam aparsınlar. Onun sözlərinə görə, yerli mal xaricdən gətiriləndən daha yaxşıdır.


Artıq ötən ildən Gədəbəydə qızıl hasilatına başlanıb. ABŞ-ın «R.V.İnvestment» şirkəti 11 il öncə bağlanan müqavilə əsasında 9 qızıl yatağını işləməyə boyun olsa da, hələlik onlardan birindən qızıl çıxarır. Şirkət bunu yataqların kəşfiyyatı, bəzən isə qızılın qiymətinin dünya bazarında aşağı olması ilə əlaqələndirib.


Amma Mədən Sənayesində Şəffaflığın artırılması üzrə Koalisiyanın koordinatoru, iqtisadçı Qubad İbadoğlu deyir ki, indi dünyada qızılın qiyməti günü-gündən artır. Belə bir vəziyyət isə nəinki qızıl hasilatı şirkətləri, həmçinin Azərbaycan üçün də sərfəlidir.


İqtisadçı Samir Əliyev isə hesab edir ki, ölkəyə gətirilən qızılın keyfiyyətinin Əyyar Palatası tərəfindən yoxlanılması müsbət haldır. Amma o, burada başqa bir mühüm məqamı xatırladır. Əliyevin sözlərinə görə, hökumət səlahiyyətlərindən sui-istifadə edə bilər. Nəticədə qızılın qiymətinin əhəmiyyətli dərəcədə artması qaçılmaz ola bilər.


Hazırda bütün dünyada iqtisadi böhran olduğunu xatırladan Samir Əliyev, əhalinin qızıla olan marağını ölkədəki inflyasiya və dolların avroyla müqayisədə məzənnəsinin düşməsi ilə əlaqələndirir. Ekspert deyir ki, əhali daşınmaz əmlak almaq iqtidarında olmadığından əlindəki pulu qızıla yatırır.


İqtisadçılar pullarını qızılda saxlamaq istəyənlərə məsləhət görürlər ki, onu külçə formasına yönəltsinlər. Külçə qızılın dəyərliliyi baxımından yığım üçün ən ideal variantdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG