Keçid linkləri

2024, 19 İyun, çərşənbə, Bakı vaxtı 22:22

«Seçki Məcəlləsinə lazımi dəyişikliklər ediləcək»


Məcəlləyə edilən dəyişikliklər əsasən seçki prosesinin təkmilləşməsinə yönəlib
Məcəlləyə edilən dəyişikliklər əsasən seçki prosesinin təkmilləşməsinə yönəlib

Milli Məclisin yaz sessiyasında Seçki Məcəlləsinə lazımi dəyişikliklər ediləcək. Bu barədə yanvarın 30-da parlament rəhbərliyinin jurnalistlərlə keçirdiyi görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev deyib.


Onun sözlərinə görə, Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla birgə Seçki Məcəlləsi üzərində ciddi iş aparır. Artıq bəzi məsələlərlə bağlı razılıq əldə edilib. Növbəti görüş isə fevralın əvvəlində keçiriləcək. «Əgər görüş uğurla başa çatsa, Seçki Məcəlləsinə edilən dəyişikliklər dövlət başçısına təqdim ediləcək və bundan sonra Milli Məclisin müzakirəsinə çıxarılacaq».


S.Mirzəyev deyir ki, məcəlləyə edilən dəyişikliklər əsasən seçki prosesinin təkmilləşməsinə yönəlib: «Söhbət seçki ərəfəsi və seçki günü yaranan mübahisələrin tez və keyfiyyətli həllindən, ortaya çıxan məsələlərin seçki dövründə baxılıb qərar qəbul edilməsindən gedir».


Mirzəyev deyir ki, seçki komissiyalarının tərkibi ilə bağlı beynəlxalq təşkilatların konkret təklifi yoxdur. Əsas istək odur ki, komissiyalara seçkidə iştirak edən bütün tərəflərin etimadı olsun.


Milli Məclis aparatının rəhbəri hesab edir ki, seçki komissiyaları bitərəf və peşəkar insanlardan formalaşdırılmalıdır.


«Sərbəst toplaşma azadlığı haqqında» qanun layihəsinin də fevral ayında müzakirəyə çıxarılacağı güman edilir. «Layihəni prezident təqdim edəcək. Ona görə konkret hansı dəyişikliklərin ediləcəyini bilmir. Ancaq müzakirələr zamanı gündəmdə olan və eləcə də beynəlxalq ekspertlərin diqqət yönəltdiyi bütün məsələlərdən danışılacaq»-, deyə Mirzəyev bildirib.


Avropa Şurasının Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar Seçki Məcəlləsi, həmçinin «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Müxalifət partiyaları da hər iki qanunvericilik aktının dəyişdirilməsini tələb edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG