Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

38 yaşlı, uzunsaçlı prezidentliyə namizəd…


Boqdanov səslərin təxminən 25 faizini toplamağa ümid edir
Boqdanov səslərin təxminən 25 faizini toplamağa ümid edir
Bu ilin martında Rusiyada prezident seçkisidir. Prezidentliyə nazizədlərin çoxu Rusiyada, elə Azərbaycanda da tanınır. Medvedyevin namizədliyini indiki prezident Putin də dəstəkləyir. Daha sonra Kommunist Partiyasının rəhbəri Züqanov və ultramillətçi, elə azərbaycanlılar haqda da bir neçə dəfə mübahisəli fikirlər səsləndirmiş Jirinovski gəlir.

Amma 38 yaşlı, uzunsaçlı Boqdanov yeni bir adamdı. Əgər kimsə onu birinci dəfə görsə, yaxud dediklərinə qulaq assa, onda elə bir təəssürat yaranar ki, Boqdanov açıq-aydın iqtidar namizədindən fərqli platformayla çıxış edir, tam bir Avropameyilli siyasətçidi. O, deyir ki, Rusiya tez bir zamanda Avropa Birliyinə inteqrasiya etməlidi. Boqdanov hətta hesab edir ki, gələn il bu məsələylə bağlı referendum keçirilməlidi.


Keçən həftə keçirdiyi mətbuat konfransında Boqdanov deyib ki, o, səslərin təxminən 25 faizini toplamağa ümid edir: « Belə görürəm ki, seçkidə demokratları yalnız mən təmsil edəcəm. Ümid edirəm ki, Dumaya seçkilərdə demokratların düşərgəsində olan parçalanma bu dəfə baş verməyəcək. Məncə, bu seçkilərdə biz demokratların ümumilikdə parlament seçkilərində topladığı səslərdən daha çox dəstək qazana biləcəyik. Mən həmişə demokratlara səs verən seçicilərə müraciət edirəm ki, bunu yenə etsinlər. Ümid edirəm ki, bu dəfə hər şey yaxşı olacaq».


Belə bir sual yaranıb ki, birdən-birə Rusiyada prezidentliyə 4 namizəddən biri olmaq səviyyəsinə yüksələn bu şəxs hardan peyda olub? Hadisələri izləyənlərin çoxu bu məsələyə bir az şübhəylə yanaşırlar.


Onlardan bir – «Heritage» Fondunun Moskva nümayəndəliyinin rəhbəri, siyasi şərhçi Yevgeni Volkun fikirləri: «Bu, tamamilə Kremldən asılı bir namizəddi. Belə bir görüntü yaratmaq istəyirlər ki, seçkilər demokratikdi. Onun namizədliyinin qeydə alınması göstərir ki, Boqdanov Kremlin cibində olan sözəbaxan namizədlərdəndi».


Maraqlıdı ki, Boqdanovun Demokrat Partiyası keçən ilin dekabrında keçirilən parlament seçkilərində səslərin cəmi 0,1 faizini toplayıb. Amma bu dəfə prezidentliyə namizədliyin qeydə alınması üçün lazım olan 2 milyon imzanı çox asanlıqla toplayır.


Rusiya mediası yazır ki, Boqdanov heç vaxt Putini açıq şəkildə tənqid etməyib. Kremlin suveren demokratiya ideologiyasını dəstəkləyib və 2002-2003-cü illərdə hakim Vahid Rusiya Partiyasının üzvü olub.


Boqdanovun Demokrat Partiyası özünün ümummilli konqresini keçən ilin sentyabrında Moskvadan kənarda - Prezident Aparatına məxsus kurortda keçirib.


Yevgeni Volk deyir ki, Boqdanovun namizədliyi ona görə ortaya atılıb ki, seçkidən sonra Qərb ölkələrindən səslənməsi gözlənilən tənqidin təsiri azaldılsın: «ATƏT və Avropa Şurası narazılıq edəndə deyəcəklər ki, baxın cəmiyyətin bütün təbəqələri əhatə olunub. Boqdanov sağçı qüvvələri, liberalları, Züqanov solçuları – kommunistləri, Jirinovski isə millətçiləri təmsil edir. Bu, süni bir arqumentdi».


Boqdanov 2005-ci ildə Demokrat Partiyasının sədri seçilib. O, partiyada liderlik savaşında Mixail Kasyanovu üstələyə bilib.


Kasyanov sonradan müxalifət liderinə çevrildi və hətta gözlənilirdi ki, bu seçkidə namizədlərdən biri olacaq. Amma Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almadı, bildirdi ki, Kasyanovun topladığı imzaların xeyli hissəsi saxtadı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG