Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Dünyada qiymət artır. Bizə nə?...


Qiymət artımının səbəblərindən biri də Amerikada əkilən qarğıdalıdır
Qiymət artımının səbəblərindən biri də Amerikada əkilən qarğıdalıdır

Bakıda çörəyin qiyməti niyə qalxır? Bəlkə də çoxlarının ağlına gətirməz ki, bunun səbəblərindən biri də Amerikada əkilən qarğıdalıdı. Məsələn indi Amerika özünün xaricdən aldığı neftdən asılılığını azaltmaq üçün ölkədə bioyanacaq istehsalını artırır. Planlaşdırır ki, 20 ilə ölkədəki maşınların 5-də biri benzin əvəzinə qarğıdalı və başqa bitkilərdən alınan yanacağa keçsin. Buna görə də hansı fermer ki, taxıl əvəzinə qarğıdalı əkir ona dövlətin büdcəsindən yardım da edirlər. Təkcə keçən il qarğıdalı əkilən sahələr 18 faiz genişlənib.


Amerikalı ekspert, keçmiş prezident Ronald Reyqanın müşaviri olmuş Vilyam Niaskanen «Azadlıq» radiosuna deyib ki, Amerika hökumətinin qarğıdalı istehsalıyla bağlı siyasətini absurd sayır.


«Qarğıdalı sahələrinin bioyanacaq almaq məqsədilə üçün kütləvi şəkildə artırılması Amerikanın özündə ərzaq qiymətlərinin xeyli qalxmasına gətirib çıxarıb. Birbaşa təsir odur ki, ət və süd məhsullarının qiyməti artıb, dolayısı iləsə demək olar ki, bütün ərzaq məhsulları bahalaşıb, çünki qarğıdalıya kütləvi keçidə görə əkin sahələrinin qiyməti artır».


Amma bioyanacağa olan tələbat dünyanın çox yerlərində artır. Avropada bioyanacağa keçməyə ona görə üstünlük verirlər ki, qlobal istiləşməyə qarşı mübarizə aparırlar, benzin işlədilməsindən atmosferə buraxılan karbon-dioksidi azaltmaq istəyirlər. Hətta məsələn İsveç hökuməti bioyanacaqla işləyən maşın alanlara təxminən 1500 dollar yardım edir.



Avropada bioyanacağa keçməyə ona görə üstünlük verirlər ki, qlobal istiləşməyə qarşı mübarizə aparırlar, benzin işlədilməsindən atmosferə buraxılan karbon-dioksidi azaltmaq istəyirlər. Hətta məsələn İsveç hökuməti bioyanacaqla işləyən maşın alanlara təxminən 1500 dollar yardım edir

Bakıda bananın qiyməti artır. Səbəblərdən biri də odu ki, həmin banan cənubi Amerikadan Bakıya gəlib çıxanacan təyyarəyə, qatara, maşına çəkilən xərc son illərdə bir neçə dəfə artıb. Neftin qiyməti 1998-ci ildə 9 dollar idisə, indi 90 dollar civarındadı. Eyni fikirləri elə Gədəbəydən Bakıya gətirilən kartof haqqında da demək olar.


Azərbaycan xaricə neft satan ölkədir, amma elə neft amili Azərbaycan vətəndaşlarının cibinə həm də böyük ziyan vurur. Bir tərəfdən Azərbaycan iqtisadiyyatı neftdən çox asılıdır, qeyri-neft sektorunun zəif inkişaf edib və ərzaq məhsullarının böyük bir hissəsi – un, şəkər, çay, yağ və başqa məhsullar xaricdən gəlir. Digər tərəfdən ölkə daxilində də yanacaq bahalaşıb və bu kənd təsərrüfatı ilə məşğul olmağın mənfəətini azaldıb.


İqtisadçi ekspert Azər Mehdiyev deyir ki, dünya bazarında bahalaşan ərzaq məhsulları Azərbaycana gətiriləndə özləriylə yüksək inflyasiya gətirmiş olurlar. Bu da əhalinin gəlirlərini dəyərdən salmış olur.


Amma Azər Mehdiyev deyir ki, Azərbaycanda dünya bazarlarındakı qiymət artımından sui-istifadə edənlər də var.


«Məsələ ondadır ki, dünya bazarında ərzağın bahalaşması Azərbaycanda da bahalaşmaya səbəb olur, amma bu müvafiq artım deyil, Azərbaycanda həm də idxal sahəsində güclü monopliya olduğu üçün inhisarçılar qiyməti bir az da özləri şişirdirlər».


Ərzağın dünya bazarlarında qiyməti isə yaxın gələcəkdə çətin ki aşağı düşə. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eksperti Əbdülrza Abbasian «Röyters» Agentliyinə deyib. O, hesab edir ki, əgər gələn il taxıl istehsal edən ölkələrdə havalar azca pis keçsə, taxılın qiyməti yenə artacaq. Amma əgər belə ölkələrdə təbii fəlakətlər baş versə bu dünyada əsl qıtlığa gətirib çıxara bilər.


Keçən il taxılın təxminən 65 faiz bahalaşmasının başlıca səbəblərindən biri də əsas istehsalçı ölkələrdən olan Avstraliyadakı quraqlığın baş verməsi oldu. Bundan başqa Çin və Hindistan kimi iqtisadiyyatı sürətlə böyüyən ölkələrdə taxıla tələbat artır.


Bu arada Avropa Birliyi öz kənd təsərrüfatı siyasətində əhəmiyyətli dəyişiklik edib. Belə ki, əvvəllər avropalı fermerlər torpağın 10 faizini dincə qoymalı idi, indi bu qayda aradan qaldırılır. Amma Əbdülrza Abbasian deyir ki, bu vəziyyətə müsbət təsir etsə də, uzunmüddətli qiymət artımının qabağını çox ala bilməz.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG