Yanvarın 20-də ikinci müddətə Gürcüstan prezidenti seçilmiş Mixail Saakaşvilinin andiçmə mərasimi olub. Andiçmə mərasimi Tbilisinin mərkəzində, parlamentin Rustaveli prospektindəki binası önündə keçirilib. Mərasimdə bir sıra ölkələrin prezidentləri, dövlət və hökumət üzvləri, eləcə də NATO, Avropa Şurası və ATƏT nümayəndələri iştirak ediblər.
Azərbaycanı tədbirdə Baş nazir Artur Rəsizadə təmsil edib.
Bu il yanvarın 5-də Gürcüstanda keçirilmiş növbədənkənar prezident seçkisində Mixail Saakaşvili yenidən dövlət başçısı seçilib.
Müxalifətin Milli Şurasının lideri, prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze isə seçkinin nəticəsinin saxtalaşdırıldığını iddia edir.