Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:19

«Dövlət Neft Fondu israfçılıq edir»


«Dövlət Neft fonduna daxil olan vəsaitlərin təxminən yarısı gələn il xərclənəcək»
«Dövlət Neft fonduna daxil olan vəsaitlərin təxminən yarısı gələn il xərclənəcək»

Ölkə prezidenti Dövlət Neft Fondunun 2008-ci il üzrə büdcəsini təsdiq edib. Sənədə əsasən, gələn il fondun gəlirləri 3 milyard 609 milyon manat, xərcləri isə 1 milyard 681 milyon manat olacaq. Gəlirlərin 90 faizindən çoxunu neft müqavilələri çərçivəsində Azərbaycanın payına düşən neftin satışından gələn xalis gəlirlər təşkil edir.


«Ayna» yazır ki, Dövlət Neft Fonduna daxil olan vəsaitlərin təxminən yarısı - 46,5 faizi elə gələn il də xərclənəcək. Özü də elə bir vaxtda ki, dövlət büdcəsinin imkanları kifayət qədər genişlənib və fondun maliyyələşdirdiyi layihələri dövlət büdcəsi hesabına da gerçəkləşdirmək olar.


Azərbaycan Neft Sənayesi üzrə Resurs Mərkəzinin ekspertləri bildirirlər, icra hakimiyyətinin balansında olan inzibati binaların təmir-bərpa işlərinə ayrılan vəsaitə bir qədər qənaət etməklə və yaxud da məmurların bahalı xidməti avtomobillərini bir az ucuzuyla əvəzləməklə bu layihələrin maliyyə problemini həll etmək olar: «Ancaq hökumət bunu etmək əvəzinə israfçı bir mövqe tutub. Neft Fondunun pullarını səxavətlə infrastruktur layihələrinə xərcləyir».


Neft Sənayesi üzrə Resurs Mərkəzi məsələnin daha təhlükəli məqamını Neft Fondunun artıq dövlət büdcəsinin alternativinə çevrilməsiylə əlaqələndirir.


Məsələnin ikinci cəhəti ondan ibarətdir ki, artıq neft pullarının xərclənməsi tədricən parlamentin nəzarətindən çıxarılır və yalnız bir nəfərə hesabat verən Fondun ixtiyarına verilir. Böyük neft pullarının ölkəyə axını ərəfəsində bu, çox təhlükəli tendensiyalardan xəbər verir.


Millət vəkili Vahid Əhmədov «Yeni Azərbaycan»a bildirib ki, neftin qiymətinin bahalaşması Azərbaycan bazarına təzyiqləri artırır.


«Hazırda Azərbaycanda nəzərəçarpacaq dərəcədə qiymət artımı var. Buna görə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar lazımi effekti vermir. Keçən il Azərbaycanda 20 faizə qədər inflyasiya olub. Üstəlik, dollara nisbətdə manatın möhkəmlənməsi prosesi davam edib. Bütün bunlar sürətlə inkişaf edən iqtisadiyyatımız üçün daxili problemlərdir. Amma etiraf etməliyik ki, bu problemlərin bir çoxu xaricdən qaynaqlanır. Dünya bazarında neftin qiymətinin bahalaşması Azərbaycan bazarına təzyiqləri artırır».


«Üç nöqtə» yazır ki, Azərbaycan İrana qaz ixracına başlaya bilər. «Azəriqaz» QSC-nin rəhbəri Əlixan Məlikov belə deyib. Məlikov İrana mümkün tədarükün müddətini və həcmini açıqlamayıb.


XS
SM
MD
LG