Prezident İlham Əliyev yanvarın 17-də Ağdamın Quzanlı qəsəbəsində İdman Kompleksinin açılışından sonra cəbhə xəttinə gedib.
Bundan sonra Ağcabədi rayonuna təbii qazın verilməsi ilə bağlı bu rayonda keçirilən tədbirə qatılıb.
Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, o, qoşunların təmas xəttində ordunun döyüş hazırlığı ilə maraqlanıb. «Güc bizim tərəfdədir»-, deyən prezident ordunun hazırlığını yüksək qiymətləndirib: «Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Əgər bu alınmasa, əminəm ki, Azərbaycan xalqı düzgün qərar verəcək».
***
«Əgər bir neçə il əvvəl Ermənistan tərəfi Dağlıq Qarabağa müstəqilliyin verilməsi tələb edirdisə, bu gün bu belə deyil. Bu gün onlar da anlayıb ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Dağlıq Qarabağ Ermənistana birləşməyəcək. Bu təkcə Azərbaycanın deyil, beynəlxalq vasitəçilərin mövqeyidir. Ermənistan tərəfi məcbur olub bununla razılaşıb».
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Ağdamın Quzanlı qəsəbəsində İdman Kompleksinin açılışında belə deyib.
Dövlət başçısı bildirib ki, əgər əvvəllər Ermənistan ancaq 4 rayonun qaytarılmasını müzakirə edirdisə, indi artıq 7 rayonun qaytarılmasından söhbət gedir: «ATƏT-in Minsk qrupu bunu tələb edir və Ermənistan tərəfi də məcbur olub bununla razılaşır. Bu, çox böyük irəliləyişdir».
Prezident vurğulayıb ki, məsələ öz həllini tapmasa da, «biz buna yaxınlaşırıq. Danışıqlarda əldə edilmiş irəliləyiş bizi qane edir». İlham Əliyevin fikrincə bəzi məqamları çıxmaqla danışıqlar müsbət istiqamətdə gedir.
Prezident deyir ki, Ermənistan Azərbaycanın artan gücünü gördüyündən onunla hesablaşmağa məcbur olub.
«Müharibənin birinci mərhələsi başa çatıb və xarici dəstək nəticəsində erməni qəsbkarları bizim torpaqlarımızı zəbt ediblər. Bu gün Azərbaycanın iqtisadi potensialı Ermənistanınkından 5-6 dəfə böyükdür. Biz bütün imkanlarımızı səfərbər edəcəyik ki, ölkəmizin ərazi bütövlüyünü təmin edək».
İlham Əliyev onu da bildirib ki, təklif olunan sülh sazişi Azərbaycanın maraqlarını tam təmin etmir. «Ona görə danışıqlar prosesini davam etdirəcəyik, öz mövqeyimizdən dönməyəcəyik».