Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

«İran nüvə proqramı ilə Azərbaycana təhlükə yaradır»


«ABŞ Azərbaycanın təhlükəsizliyinə böyük önəm verir»
«ABŞ Azərbaycanın təhlükəsizliyinə böyük önəm verir»

«İran nüvə proqramı ilə regiona, xüsusilə də Azərbaycana təhlükə yaradır». Bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqar yanvarın 14-də Bakıda bəyan edib.


O, beynəlxalq birliyin İrana hələ nəzarət etməli olduğunu deyib. Çünki əgər İran nüvə silahı istehsal etmək imkanı əldə edərsə, bu, başqaları üçün də presedent yaradacaq.


ABŞ regionun vacib ölkəsi kimi, Azərbaycanın təhlükəsizliyinə böyük önəm verir. Cənab Luqarın sözlərinə görə, başqa təhlükələr də var. Belə ki, məsələn, Rusiya və Ermənistanda keçmiş Sovet dövründən qalma, ləğvi vacib olan kütləvi qırğın silahlarının elementləri qalmaqdadır: «Təkcə Rusiyada 13.400 nüvə raketləri başlıqları mövcuddur və onların yoxlanılması üçün hətta lazımi laboratoriyalar da yoxdur. Amma Azərbaycan artıq kütləvi qırğın silahlarının elementləri ilə bağlı ABŞ-la yaxından əməkdaşlıq edir və biz 2005-ci ildə bu elementləri ölkədən çıxarmışıq. ABŞ-ın xüsusi xidmət orqanları regionun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirlər».


R.Luqar Azərbaycanın neft-qaz resurslarını Qərbə ötürmək planlarını yüksək qiymətləndirir və bu məsələdə Rusiyanın narahatlıqlarını lüzumsuz sayır: «Mənin Qazaxıstan və Türkmənistan rəhbərlikləri ilə söhbətim olub. Bu ölkələr öz enerji resurslarının çatdırılması marşrutlarını diversifikasiya etmək istəyirlər. Azərbaycan, Gürcüstan və Türkiyə də anoloji mövqe tutur. Moskva bu fikirləri nəzərə almalıdır».


Senator insan haqlarından da danışıb. Onun fikrincə, enerji və təhlükəsizlik məsələləri beynəlxalq ictimaiyyət üçün vacib olsa da, bunun Azərbaycanda demokratiyaya qurban verildiyini demək düzgün olmazdı: «Mən Azərbaycanda jurnalistlərin həbsi, nümayiş keçirilməsində məhdudiyyətlər haqda məlumatlıyam. Bu, təəssüf doğurur və belə hallar yolverilməzdir. Azad mətbuat ölkənin inkişafı üçün əsas şərtdir. Prezident İlham Əliyevlə görüşümdə ötən ilin oktyabr ayında Tbilisidə baş verənləri müzakirə etdik. Və mən bildirdim ki, Saakaşvilinin insanların sərbəst toplaşmaq azadlığını əlindən alması düzgün hərəkət deyildi».


Luqarın fikrincə, ölkədə uzunmüddətli sabitliyin qorunması üçün insan haqları ilə bağlı problemlərin həlli, eləcə də siyasi qüvvələr arasında dialoq mühitinin yaradılması vacibdir: «Ümidvaram ki, Azərbaycan hakimiyyəti dünyanın digər hissəsinin onun ölkəsi haqqında nə düşündüyünü nəzərə alacaq və bu ilin oktyabrında keçiriləcək prezident seçkisində buna uyğun addımlar atacaq».


Riçard Luqar Bakıya yanvarın 13-də gəlib və həmin gün prezident İlham Əliyevlə görüşüb. Yanvarın 14-də amerikalı senator müxalifət liderləri, millət vəkilləri və energetika sektorunun nümayəndələri ilə görüşüb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG