Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

Ramiz Mehdiyevin növbəti məqaləsi birmənalı qiymətləndirilmir


R.Mehdiyev: iqtisadi inkişaf cəmiyyətin tam demokratikləşməsinə gətirib çıxaracaq
R.Mehdiyev: iqtisadi inkişaf cəmiyyətin tam demokratikləşməsinə gətirib çıxaracaq

«Day.az» saytı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin «Gələcək strategiyanın müəyyənləşdirilməsi: müasirliyə doğru kurs» adlı məqaləsini yayıb. Təxminən 23 səhifədən ibarət olan məqalədə demokratiyanın inkişafının yaxın tarixinə toxunan, tanınmış ictimai-xadimlərdən, filosoflardan sitatlar gətirən müəllif Azərbaycanın indiki hakimiyyətinin növbəti 5 ildəki fəaliyyət proqramını açıqlayır. Azərbaycanda iqtisadi artımı demokratiya göstəricisi sayan Mehdiyev bildirir ki, yaxın gələcəkdə də iqtisadiyyatın inkişafı cəmiyyətin tam demokratikləşməsinə gətirib çıxaracaq. Fəalliyət proqramını 7 tezis ətrafında cəmləyən müəllif Azərbaycanın liberal bazar iqtisadiyyatına keçdiyini və növbəti illərdə daha sürətlə inkişaf edəcəyini qeyd edir. Həmçinin, Ramiz Mehdiyev bildirir ki, dövlət vətəndaş cəmiyyətinin qurulması etapının bitməsinə yardım göstərəcək, hakimiyyətlə müxalifət arasında sağlam rəqabət yaranacaq.


Siyasi düşərgədə məqaləyə münasibət birmənalı deyil. Məsələn, məqaləni Ramiz Mehdiyevin yazdığına şübhə edən Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, o, yazıyla ətraflı tanış olub və bir məqalə kimi onu bəyənir. Amma hesab edir ki, yazıda bəzi yanlışlıqlar var: «Belə bir tezis irəli sürülür ki, Avropada adambaşına düşən yüksək gəlir demokratiyanın da inkişafını sürətləndirir».


Qəmbər Azərbaycanda vəziyyətin bu tezislə təhlil olunmasını düzgün saymır. Onun fikrincə, ölkədə milli gəlirlərin artması iqtisadi azadlıqların, hamı üçün bərabər biznes imkanlarının yaradılması hesabına yox, neftin dünya bazarında qiymətinin artmasıyla bağlıdır.


Ramiz Mehdiyevin qəzet səhifələrində məqalələrlə çıxış etməsindənsə, daha çox tutduğu vəzifəyə uyğun fəalyyət göstərməsini arzulayan politoloq Rauf Mirqədirovsa deyir ki, yazı həm hakimiyyətin beynəlxalq tərəfdaşlarına, həm də yerli ictimaiyyətə ünvanlanıb: «Yəni, yaxın 5 ildə də İlham Əliyev prezident olacaq və bu proqramla işləyəcək».


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə məqaləni görsə də, oxumayıb: «Ehtiyac görmədim. Biz bilirik ki, İlham Əliyev, Ramiz Mehdiyev nə danışa bilər. Belə çıxışları hakimiyyət üçün biz də yaza bilərik».


Məqaləni elmi cəhətdən yüksək dəyərləndirən politoloq Rasim Musabəyov isə hesab edir ki, yazı hakimiyyətin ideoloji baxışlarını ifadə edir və beynəlxalq aləmə ünvanlanıb.


Bəs belə məqalələr hakimiyyətin konseptual baxışlarını öyrənmək üçün yerli müxalifətə kömək edirmi?


Rasim Musabəyov: «Məncə yox. Çünki müxalifət hakimiyyətin mahiyyətini yazılarından yox, işlərindən bilir».


Politoloq Rauf Mirqədiov da deyir, məqalə hakimiyyətin dünyada gedən bəzi proseslərə baxışlarını öyrənmək baxımından maraqlıdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG