Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:20

Müstəqillik aktına bərabər hadisə


NATO sıx əməkdaşlıq etmək istədiyi ölkələrdə demokratiyanın vəziyyətinə çox həssasdır
NATO sıx əməkdaşlıq etmək istədiyi ölkələrdə demokratiyanın vəziyyətinə çox həssasdır

Gürcüstandakı prezident seçkisi, bu seçki ətrafındakı müzakirələr və nəhayət hakimiyyət məsələsi regional geopolitika üçün mühüm əhəmiyyət kəsb edən digər hadisəni-ölkənin NATO-ya üzvlüyü ilə bağlı keçirilmiş referendumu bir qədər kölgədə qoydu. Əslində isə çəkisinə görə bu hadisə Müstəqillik Aktı qədər mühüm əhəmiyyət kəsb edirdi. Müstəqillik Aktı ölkənin suverenliyini təsbit edirdisə bu referendum Gürcüstanın inkişaf təmayülünü müəyyənləşdirirdi. İndi prezident M.Saakaşvili ilə bağlı çox mübahisə etmək olar, onun «qızılgül inqilabının» prinsiplərinə nə qədər sadiq qalması haqqında müxtəlif fikirlər söyləmək olar. Amma danılmaz həqiqət budur ki, Saakaşvili ölkədəki Qərb yönümlü siyasətə dönməz xarakter vermək üçün seçki gününə NATO ilə bağlı sorğunu da təyin etdi. Saakaşviliinin seçilməyəcəyi təqdirdə yeni prezident də fakt qarşısında qalaraq Gürcüstan- NATO münasibətlərin inkişaf etdirməli olacaqdı.


Bu, həm də Rusiyaya tutarlı cavab idi. Rusiya qoşunları Gürcüstandan çıxarılandan sonra ölkə daha bir geosiyasi addım atdı və bununla da öz niyyətlərinin ötəri və mövsümi xarakter daşımadığını, NATO ilə bağlı planlarının deklarativ məzmun kəsb etmədiyini sübut etdi. İndi elə bir vaxtdır ki, çoxları formal olaraq özlərinin NATO məkanına inteqrasiya olunmaq istədiyini bəyan edir, amma əməli addımlar atılmır.


Bu hadisənin Gürcüstan və bölgə üçün əhəmiyyətindən çox danışmaq olar.


Aydındır ki, gürcülərin NATO-ya «hə» deməsi hələ məsələnin tam şəkildə həll olunması demək deyil, NATO-ya üzvlük uzun çəkən mürəkkəb prosesdir. Qarşıda çətin prosedurlar dayanır. Üstəlik, Gürcüstan daha bir neçə sınaqdan keçməlidir. Prezident seçkilərinin nəticələrinin qəbul olunması ilə bağlı problemlər aradan qaldırılmalıdır. İndi mürəkkəb vəziyyət yaranıb.

Amma danılmaz həqiqət budur ki, Saakaşvili ölkədəki Qərb yönümlü siyasətə dönməz xarakter vermək üçün seçki gününə NATO ilə bağlı sorğunu da təyin etdi
Seçkidən sonra Saakaşvili daha əvvəlki tək güclü, müxalifət isə zəif deyil. Güman ki, bu seçkidən sonra Saakaşvilinin siyasətində müəyyən sərhədlər özünü hiss etdirəcək.


Prezident seçkisində bir o qədər də tanınmayan liderlərlə iştirak edən müxalifət güman ki, qarşıdakı parlament seçkilərində daha güclü nəticələr nümayiş etdirəcək.


Əgər parlament seçkilərinə qədər sabitliyi qoruyub saxlamaq mümkün olsa bu il sayca ikinci seçki olan parlament seçkiləri daha bir sınaq olacaq. Məsələ bundadır ki, NATO sıx əməkdaşlıq etmək istədiyi ölkələrdə demokratiyanın vəziyyətinə çox həssasdır. Seçkidən qabaq Saakaşvili fövqəladə vəziyyət tətbiq edərkən ilk etiraz elə NATO-dan daxil olmuşdu.


Seçkilər həm də maraqlı tendensiyanı büruzə verdi. Rusiyaya meyl edən namizədlər hiss olunacaq qədər səs qazanmadılar. Bu, o deməkdir ki, Gürcüstanın Qərbə tərəf yönəlməsi artıq birmənalıdır. Seçkinin nəticələri güman ki, Rusiyada da araşdırılacaq. Nəticə isə budur ki, Gürcüstanda xaos yaratmaq üçün Rusiyanın əlində tutarlı vasitələr yoxdur. Belə olan təqdirdə Rusiya nə edəcək? O, daha çox digər iki Cənubi Qafqaz respublikasında-Azərbaycanda və Ermənistanda möhkəmlənməyə çalışacaq. Bəs bu iki respublikanın davranışı necə olacaq?


Nəzərə alaq ki, Gürcüstanın seçimi bu iki respublikanın siyasətinə təsir etmək iqtidarında deyil. Ermənistan Rusiya ilə sıx hərbi ittifaqdadır. Azərbaycana gəldikdə isə həm Rusiyanın mümkün təzyiqləri, həm də daxili siyasi amillər ucbatından bu respublika NATO ilə indikindən sıx əməkdaşlığa can atmayacaq. Müşahidəçilər bunu daha çox Rusiyanın təzyiqləri ilə yozsalar da əslində məsələ daha çox daxili amillərlə bağlıdır. Azərbaycan Avropa Şurasından sonra NATO-nun timsalında ikinci «siyasi islahatlar müəllimi»ni qazanmaq istəmir. Rusiyanın mümkün təzyiqləri ilə bağlı deyilən mülahizələr isə daha çox şişirtmədir. Əgər enerji ehtiyatlarına malik olmayan Gürcüstan Rusiyanın təzyiqlərinə davam gətirə bilirsə Azərbaycan niyə davam gətirə bilməsin? Hazırda Rusiyanın Azərbaycana qarşı təzyiq imkanları daha çox əməkçi miqrantlarla məhdudlaşır. Amma bu məsələdə də Rusiyanın imkanları hüdudsuz deyil. Rusiyanın işçi qüvvəyə ehtiyacı var və üstəlik bu məsələdə bu vaxta qədər tətbiq edilən maneələr ciddi nəticə verməyib.


Beləcə, Cənubi Qafqaz regionu artıq özünün geosiyasi rəngarənglyi ilə də seçilir. Bu rəngarənglik nə ilə bitəcək? Nə vaxta qədər davam edəcək? Bu suallara indi birmənalı cavab vermək mümkün deyil, çünki hazırda bölgədə sözün həqiqi mənasında böyük proseslər müşahidə olunur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG