Bu yaxınlarda yüksək girov müqabilində Tehranın «Evin» həbsxanasından azad edilən azərbaycanlı fəallar ağır fiziki işgəncələrə məruz qaldıqlarını bildirirlər. Hələ də həbsxanada saxlanan fəallarla görüşən ailə üzvləri isə onların sifətində işgəncə izləri olduğunu söyləyirlər.
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının yaydığı məlumatda belə deyilir.
Assosiasiyanın sədri Faxtə Zəmani bildirir ki, dekabrın 22-də azad edilmiş hüquq müdafiəçisi Saleh Kamraninin qulaq pərdəsi baş və üzünə vurulan zərbələrdən partlayıb. Zindandan çıxandan bəri müalicə almasına baxmayaraq, hələ də onun bir qulağı eşitmir.
Saleh Kamrani həmçinin bildirib ki, istintaq zamanı onun saçlarını yolub, ağızdan vurduqları zərbələrlə bir neçə dişini sındırıblar. Onun həbsdən əvvəlki ürək xəstəliyi isə şiddətlənib.
Dekabrın 23-də azad edilən universitet müəllimi Əbdüllah Abbasi isə 80 gün təkadamlıq kamerada saxlanaraq döyülüb və müxtəlif mənəvi işgəncələrə məruz qalıb.
Hüquq müdafiəçisi Faxtə Zamani deyir ki, «Evin» həbsxanasından azad edilənlər hələ də orada saxlananların səhhətinin təhlükədə olduğunu bildirirlər. Onların arasında Səid Mətinpur, onun qardaşı Əlirza Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri və onun həyat yoldaşı Leyla Səfəri də var. Onlar vəkillə görüşmək hüququndan da məhrumdurlar.
Azad edilən məhbuslara qarşı isə indiyədək rəsmi ittiham irəli sürülməyib və onların vəkillərinə bu haqda heç bir yazılı sənəd təqdim olunmayıb.