Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:49

Tələbə oxumağa vəsait, ekspertlər monitorinq aparmağa sayt tapmır


BDU-nun saytına daxil olmaq istəyən tələbənin qarşısına bu informasiya çıxır
BDU-nun saytına daxil olmaq istəyən tələbənin qarşısına bu informasiya çıxır

Bakı Dövlət Universitetinin saytına (www.bsu.az) daxil olmaq istəyən tələbənin qarşısına bu informasiya çıxır: «The page cannot be displayed». Yəni, səhifə açılmır.


2005-ci ildə qəbul olunmuş «İnformasiya əldə etmək haqqında» Qanuna əsasən, dövlət qurumları bir il ərzində öz internet saytlarını yaratmalı, qanunun tələb etdiyi informasiyaları ictimaiyyətə açıqlamalı idi. 2007-ci il də başa çatmaqdadır, amma BDU-nun tələbələri nəinki informasiya, heç universitetin adını belə saytda tapa bilmirlər.


Universitetin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsi Adil Əliyevin baş çəkdiyi saytlar arasında Berkli, Harvard, Kembric kimi universitetlərin saytları var. Buradakı məlumatlarla tanış olandan sonra Adil öz universitetinin saytına girib, təəssüf hissindən başqa heç nə tapmır:


«Təhsil müəssisələrinin saytları heç ürəkaçan deyil. Düzdür, universitet, fakültələr haqqında geniş məlumatlar almaq olur. Amma mənə bir tələbə kimi tez-tez mühazirələr, elektron vəsaitlər lazım olur, onlarısa universitet saytlarından əldə etmək mümkün olmur. Xarici universitetlərdə məsələn, Berkli Universitetinin saytında tədris planlarından tutmuş, mühazirələrə qədər məlumatlar yerləşdirilib».


Dövlət qurumlarının saytlarının monitorinqini aparmış Azər Həsrət isə vəziyyətini araşdıracaq bir universitet saytı tapmaqda çətinlik çəkir:


«Tək-tük internet saytlarını ziyarət edə bilərik ki, orada hansısa formada nəsə tapmaq mümkün olsun».


Ekspert deyir ki, Bakı Dövlət Universitetinin internet saytının qurulub istifadəyə verilməsi ciddi şəkildə axsayır:


«Bunun özü biabırçılıq sayılmalıdır. Niyə? Çünki, beynəlxalq təcrübədə universitetin internet saytının olması heç müzakirə olunmur. Çünki bu, olası bir şeydir və var. Saytda istənilən suala cavab tapmaq olur. Üstəlik, interaktiv xidmətlərdən istifadə etmək mümkündür. Yəni, mən Azərbaycanda oturub hansısa xarici universitet haqqında heç kəsə birbaşa müraciət etmədən, öz kompüterim vasitəsilə məlumat əldə edə bilirəm. Amma Azərbaycanda bu yoxdur».


«Qeyri-peşəkar hakerlər də universitet saytlarını sındıra bilər»

Tələbə Adilin fakültəsi tətbiqi riyaziyyatdır, o, saytların hazırlanmasına mütəxəssis rəyi verməyi özünə borc bildi:


«Əslində mövcud saytlar da peşəkarcasına hazırlanmayıb. Məsələn, bəzən sifarişçi özü texniki tapşırığı düzgün vermir. Bu da Azərbaycanda informasiya sistemlərinə aid problemlərdəndir. Buna görə də sifarişi icraçı şirkətlər özləri yazır və bu da heç də həmişə sifarişçinin tələblərinə cavab vermir».


Adil universitet saytlarının bir probleminin də dizaynla bağlı olduğunu deyir:


«Universitet saytıdırsa, onun saytı ciddi olmalıdır, səliqəli olmalıdır. Ümumiyyətlə, bu işlərə rəhbərlik edən bir-iki nəfər olmalıdır. Ancaq Azərbaycanda bir çox veb-şirkətlərdə bu işlərin çoxunu eyni adam görür, adlarını da «veb-master» qoyurlar. O, həm qrafik dizaynı edir, həm interakt dizaynı. Nəticədə də sayt keyfiyyətsiz alınır. «Veb-proqramçılar» da proqramlaşdırmanı elə edirlər ki, hətta peşəkar olmayan bir haker də girib, onu çox asanlıqla sındıra bilir».


Tələbə Adilin fikrincə, sayta nəzarət etmək üçün hər universitetdə azı 2-3 nəfər olmalıdır. Xəbərləri yerləşdirmək və onları yeniləmək üçün:


«Üstəlik, hər fakültənin öz üzvləri olmalıdır ki, onlar saytla məşğul olsunlar. Xarici universitetlərdən Harvardı, Berklini, Kembrici götürsək, onlarda hər fakültənin özünün ayrıca saytı var».


Elektron mühazirə?


Adil istəyir ki, müəllimin diktə etdiyi bütün mühazirələr elektron formada saytda olsun. Dünya universitetlərində olduğu kimi:


«Bir dəfə dərsə getməyəndə və ya mühazirəni yazmağı çatdırmayanda, internetdən əldə edə bilək. Üstəlik, keçirilən mövzu üzrə interaktiv materiallar olmalıdır. Çünki elə şeylər var ki, təkcə düsturları yazmaqla və izah etməklə başa düşmək olmur. Vizual təsəvvür olmadan çox çətindir. Məsələn, xarici ölkələrin saytlarında hər hansı bir mövzuya uyğun oyunlar olur. Bu öyrədici oyunların mənə çox xeyri dəyib».


Ekspert Azər Həsrət də Adilin fikrini dəstəkləyir:


«Bu oyunlar mətnin yaxşı qavranılmasına kömək edir. Bir var mütəmadi olaraq yeknəsək mühazirəyə qulaq asasan, bir də var hansısa prosesdə iştirak edəsən və orda yadında qalan bir şeylər olsun. Universitet müəllimləri 20-30 il bundan əvvəlki materialları gətirib, tələbəyə sırıyırlar. Təbiidir ki, orda inkişafdan söhbət gedə bilməz. Əslində, müəllim öz üzərində işləməlidir. İnternet saytının onlara da bir faydası olacaq ki, müəllimlər də öz biliklərini artıracaq, müasir dövrlə ayaqlaşacaq və tələbələrə onların anlayacaqları şeyləri çatdıracaqlar».


Sorğu: Sonuncu dəfə universitetin saytına nə zaman daxil olmusunuz və əldə etdiyiniz məlumatlar nələr olub?


- Sentyabr ayında daxil olmuşdum, yenilənməmişdi. Səhv etmirəmsə, 2006-cı ilin ortalarında yenilənmişdi. Kitabxanasına daxil olmaq istəyirdim, o da alınmadı. (Pərvin Əsgərova)


- Axırıncı dəfə keçən il daxil olmuşam, aprel ayında. Kitab axtarırdım, tapmadım. (Samirə Sanıyeva)


- Universitetin saytının olduğunu bilmirdim, sizdən eşitdim. Heç inanmıram ki, orda maraqlı nəsə ola. O rəsmi orqandır, orda biz axtaran maraqlı materiallar yəqin ki, olmaz. (Anar Qafarlı)


- Ümumiyyətlə, daxil olmamışam, xəbərim yoxdur. (Aysel Bəşirli)


- Sonuncu dəfə keçən il girmişəm universitetin saytına, universitetdə tələbələrin sayıyla bağlı statistik məlumatlar axtarırdım, tapdım. (Rüstəm İbadov)


- Keçən il istifadə etmişəm, universitetin saytında tarixi məlumatlar lazım idi. O qədər də dolğun məlumat yoxdur. Sayt kitabxana resursu kimi istifadəyə yararsızdır. (Azər Nağıyev)


- Universitetin saytından? Bakı Dövlət Universitetinin? Elə bir sayt var ki? (Kənan Abdullayev)


BDU-nun yeni saytı açılacaq


BDU-nun Proqramlaşdırma Şöbəsinin mütəxəssisi Zülfiyyə Əsgərovanın bu suallar qarşısında gözünü zilləyən tələbələrə müjdəsi var: universitetin saytı tezliklə açılacaq! Oradan tədris planı, dərs cədvəli, elektron mühazirələr, dərs materialları yükləmək imkanı isə sayt istifadəyə veriləndə, məlum olacaq:


«Sayt işi çox çətin bir işdir. Ələlxüsus da, universitet kimi böyük təhsil müəssisə üçün. Sayt demək olar ki, hazırdır. Orda universitetə aid hər bir şey öz əksini tapacaq. Orda universitetin tarixi, bugünkü vəziyyəti, ixtisaslar, beynəlxalq əlaqələr, tələbələri maraqlandıran hər bir sahəyə aid məlumatlar yerləşdiriləcək. Sadəcə, universitet böyük müəssisədir və keyfiyyətli informasiyanın hazırlanması bir qədər vaxt apardığından, bu iş bir az uzadılıb».


Nə etməli?


Azər Həsrət ali təhsil müəssisələrinin saytlarındakı problemləri qurumlara başçılıq edən şəxslərin interneti düzgün qiymətləndirməməsi ilə əlaqələndirir:


«Bəziləri isə kadr tapa bilmir. Əslinə qalsa, kadr tapmaq problem olmamalıdır. Bakı Dövlət Universitetində yəqin ki, 17 min nəfərin arasında 7 nəfər internet saytı qurub istifadəyə verəcək adam var. Bu universitetin maliyyə problemi də olmamalıdır».


Adil isə problemin qaynağını başqa yerdə axtarır: «Yaşlı nəslin bir çox nümayəndələri kompyuterə əyləncə vasitəsi kimi baxır. Amma bunu həll etmək də olar. Bizim fakültədə Tələbə Hesablama Təşkilatı var. Təklif olunsa, yaşlı müəllimlər üçün kurslar, seminarlar təşkil edə bilərik...».


Azər Həsrət vəziyyətdən çıxış yolunu dünyaca məşhur olan universitetlərin təcrübəsindən yararlanmaqda görür: «Həm də interaktiv on-line xidmətlər var. Orada anket sorğusu da etmək olar ki, buyurun, saytla bağlı hansısa təklifləriniz varsa, filan ünvana müraciət edin…».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG