Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:59

«İşçi Qrup dağıldı»


Hüquq müdafiəçiləri dekabrın 28-də imzalanan əfv fərmanından narazı qalıb
Hüquq müdafiəçiləri dekabrın 28-də imzalanan əfv fərmanından narazı qalıb

«Azadlıq» qəzeti yazır ki, İnsan Haqları üzrə İşçi Qrupda təmsil olunan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri əfv fərmanı elan olunandan dərhal sonra fövqəladə toplantı keçiriblər. Müzakirələrin nəticəsi olaraq hüquq müdafiəçiləri İşçi Qrupdan çıxma barədə qərar qəbul ediblər.


İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun direktoru Səidə Qocamanlı bu qərarı özlərinə qarşı biganəlik, təkliflərinin eşidilməməsi ilə izah edib. Hüquq müdafiəçisi deyir ki, bu əfv fərmanı ilə Monitorinq Qrupunun siyasi məhbus siyahısındakı 52 nəfərdən yalnız 15-i azad edilib:


«Həbsdə olan jurnalistlər bu beş nəfərlə qurtarmır axı. Bu gün iki nüfuzlu baş redaktor, tanınmış satirik-jurnalist həbsdədir. Azərbaycanın ilk milli qəhrəmanı olan Rasim Əkbərov ölümlə həyat arasında vuruşur. Həkimlər onun həyatına görə cavabdehlik daşımaq istəmir. Əfv fərmanının ona şamil edilməməsi nainsaflıqdır. O ki qaldı İşçi Qrupun qərarına, sözümüzün eşidilməməsi, biganə münasibət bizi ağrıdır. Hətta biz çıxmasaydıq belə, belə bir vəziyyətdə siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması qaçılmazdır. Bu məruzəçi təyin olunandan sonra onsuz da İşçi Qrup avtomatik dağılacaqdı»...




«Yeni Müsavat» qəzeti redaktorların, hüquq müdafiəçilərinin əfv fərmanına münasibətini öyrənib.


Vəkil Osman Kazımov cəzasının böyük hissəsini çəkən Mirzə Sakitin, habelə Eynulla Fətullayevin adının bu siyahıya salınmamasını təəssüfləndirici hal adlandırır:


«Tutaq ki, Qənimət Zahid barədə məhkəmə hökmü yoxdur. Bəs, Mirzə Sakitə nə sözləri? Artıq belə rəy yarana bilər ki, nəyə görəsə Zahidovlar ailəsindən qisas alınır».


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirir ki, Azərbaycanın 2008-ci ilə məhbus jurnalistlərlə girməməsi daha yaxşı olardı:


«O ki qaldı, siyahıdan kənarda qalan həmkarlarımıza, onlar sırf siyasi jurnalistika ilə məşğul olublar. Daha çox hakimiyyətlə bağlı tənqidi yazılar yazıb, kəskin mövqedə olublar. Adlarının əfv siyahısına düşməmələri də bununla bağlıdır. Çünki bu, cəzalandırma praktikasıdır».


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə fərmanın üç jurnalistə şamil olunmamasını ayrı-seçkilik adlandırır. O, bunu yenilik kimi qəbul etmir:


«Xatırlayırsınızsa, ay yarım öncə prezident özü demişdi ki, həbsdə olan hər bir jurnalistin məsələsinə ayrı-ayrılıqda baxılacaq. Ona görə də təxmin edirdik ki, hamısı azadlığa çıxmaya bilər…»


Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel əfv fərmanını alqışlayır, amma...:


«Əlbəttə, bu, pozitiv addımdır, amma əfv olunmaq məhkəmə qərarının ləğv edilməsi deyil və onların məhkumluğu qalır. Əfv olunanlar arasında bizim adını çəkdiyimiz bir çox adamın adı yoxdur. Məsələn, Eynulla Fətullayev, Mirzə Sakit, Rasim Əkbərov əfv olunmayıblar».



Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə «Ayna» qəzetinin əməkdaşı ilə söhbətində budəfəki əfv fərmanının da siyasi məhbus problemini həll etmədiyini vurğulayıb. Hüquq müdafiəçisi deyir ki, əslində, hökumətin atdığı bu addım AŞPA-nın qış sessiyasına hazırlıq xarakteri daşıyır və bu addım avroparlamentarların gözündən pərdə asmaq məqsədilə atılıb:


«Səməd Seyidov bu fərmanı və İşçi Qrupun fəaliyyətini misal gətirərək, siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına ehtiyacın qalmadığını deyəcək. Çox güman ki, budəfəki sessiyada da məruzəçinin təyin olunması məsələsi təxirə salınacaq. Həm də mən əminəm ki, İşçi Qrupundakı hüquq müdafiəçiləri də bu qrupu tərk etməyəcəklər və beləliklə də məsələ uzana-uzana gedəcək».


L. Yunus hesab edir ki, Azərbaycanda siyasi məhbus probleminin köklü həlli üçün siyasi motivlərlə həbslərin dayandırılması da vacib şərtdir:


«Əgər hökumət bir tərəfdən siyasi məhbusları azad, digər tərəfdən həbs edirsə, bu problem sonsuza qədər həllini tapmayacaq», - deyə o, vurğulayır.


XS
SM
MD
LG