Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

«Hansı kanalı açırsan, türk filmləri gedir»


«Həm dövlət dilinə, həm də ümumtürk dünyasına hörmət olunmalıdır»
«Həm dövlət dilinə, həm də ümumtürk dünyasına hörmət olunmalıdır»

Məlum olduğu kimi, gələn ildən etibarən telekanallarda əcnəbi dillərdə filmlərin və verilişlərin yayımı qadağan olunub. Bu barədə Milli Teleradio Şurası qərar qəbul edib. Artıq indiyədək heç bir filmi dublyaj etməyən bəzi telekanallar sınaq addımlar atmağa başlayıb. Bəzi telekanallar dublyaja pul ayırmaq əvəzinə, efiri türk film və serialları ilə doldurmağa başlayıb.


Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov «Üç nöqtə»yə bildirib ki, dublyaj titrlə həyata keçirilməməlidir. Yəni filmin və ya verilişin Azərbaycan dilinə tərcüməsi səslə efirə verilməlidir: «Məsələ burasındadır ki, ortada razılaşma var. Bu razılaşma da ondan ibarətdir ki, nəinki Türkiyə türkcəsində, o cümlədən özbək və türkməncə veriliş və filmlər də Azərbaycan telekanalları tərəfindən tərcümə olunmadan efirə verilə bilər. Amma buna mütləq limit qoymaq lazımdır. Çünki biz təcrübəni gördük. Bir müddət hamı razılaşdı ki, türk filmləri elə türk dilində efirə getməlidir. Buna heç bir etiraz ola bilməz. Amma sonradan etiraz yarandı. Niyə? Çünki artıq hansı kanalı açırsan, türk filmləri, seriallar efirə gedir».


Nizami Cəfərov təklif edir ki, bu məsələdə balansın pozulmaması üçün ciddi nəzarət lazımdır: «Həm dövlət dilinə, həm də ümumtürk dünyasına hörmət olunmalıdır. Bunu da tənzimləmək üçün Teleradio Şurası tərəfindən müəyyən limit tətbiq olunmalıdır. Məsələn, qayda qoyula bilər ki, hər bir telekanal həftədə 2 dəfə türk dilində film nümayiş etdirə bilər. İşin gedişində bu kimi başqa təkliflər də ola bilər. Amma hər gün türk filmi vermək olmaz. Hər gün ingilis, alman, fransız və başqa dillərdə gözəl filmlər çəkilir. Elə olmalıdır ki, biz o filmlərdən də xəbər tutmalıyıq, onları da seyr etməliyik. Həmin filmlərin Azərbaycan dilinə tərcüməsi vacibdir».


«Ekspress» «Qadınlara bərabərlik də problemdir» adlı məqalə dərc edib. «Azərbaycan və Latviyada elmi-tədqiqat sahələrində çalışanların yarıdan çoxu qadındır. İsveçrə və Avstriyada isə bu rəqəm 30%-ə çatmır».


Qəzet yazır ki, Azərbaycanda qadınların hüquqlarının qorunması və təmin olunmasına gəldikdə isə, ölkədə aparılan çoxsaylı rəy sorğuları və araşdırmalar göstərir ki, hər 10 qadından 6-nın hüquqları müxtəlif formada pozulur. Onların 4-ü hər gün problemlərlə üzləşdiklərini deyir, 3 nəfəri yaşamından narazı olduğunu söyləyir, 2-si isə ailədə zorakılığa məruz qaldığını vurğulayır.


Qadınların ailələrdə məruz qaldıqları zorakılığa gəldikdə, mütəxəssislər bildirirlər ki, bunun səbəbi ölkədə zərif cins mənsublarının tam əksəriyyətinin maliyyə müstəqilliyinə malik olmaması, dövlətdən sosial və maliyyə dəstəyi almamasıdır. Bunun da nəticəsində qadınlar ailələrdə illər uzunu fiziki və psixoloji zorakılığa məruz qalırlar.


Hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» ölkədə müğənnilərin vergidən yayındığını yazır.


«Vergilər Nazirliyi (VN) gələn ildən şadlıq evlərində və restoranlarda vergidən yayınma hallarına qarşı mübarizəni sərtləşdirəcək. Belə ki, musiqi fəaliyyəti ilə məşğul olan şəxslər və müğənnilərin könüllülük prinsipi ilə vergiyə cəlb edilməsi üçün tədbirlər lazımi effekt verməsə, VN onlar barəsində qanunun tələblərinə uyğun olaraq müvafiq ölçü götürməyə məcbur olacaq. Hazırkı vəziyyət göstərir ki, müğənnilər şadlıq evlərindən qazandıqları aylıq gəlirin heç 5 faizini belə vergi şəklində büdcəyə ödəmirlər».


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG