Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 10:51

Bir neçə kommersiya bankı müflisləşə bilər


Yerli bankların xarici kapitalla rəqabətə davam gətirəcəyi sual altındadır
Yerli bankların xarici kapitalla rəqabətə davam gətirəcəyi sual altındadır

Milli Bankın açıqlamasına görə, artıq bir neçə aparıcı bankın Azərbaycanda filiallarını açması ilə bağlı müraciətlərinə baxılıb. Beləliklə də gələn ildən ölkənin maliyyə sektorunda dünyanın aparıcı bankları fəaliyyətə başlaya bilər.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramov «Ayna»ya bildirb ki, Milli Bankın son açıqlaması tezliklə bank sektoruna dünyanın tanınmış «brənd neym» kommersiya qurumlarının gələcəyindən xəbər verir: «Bir az əvvəl bank sektorunda xarici kapitalın həcminə qoyulan 30 faizlik limiti aradan qaldıran Azərbaycan hökuməti gələn ildən maliyyə sektorunu liberallaşdırmaq niyyətindədir. Bu tədbirlər həmçinin Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyünə hazırlıq kimi də qiymətləndirilə bilər».


V.Bayramovun fikrincə, bank sektorunun liberallaşdırılması qaçılmazdır. Qapalı maliyyə sektoru ilə Avropa iqtisadi məkanına inteqrasiya olunmaq mümkün deyil. «Bununla belə, bəzi yerli kommersiya bankları iri xarici maliyyə qurumları ilə rəqabətə hazır olmalıdır. Təəssüf ki, son illər yerli kommersiya qurumlarının rəqabətə hazırlanması üçün yetərli addımlar atılmayıb», - deyə iqtisadçı bildirdi.


Hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Haqları üzrə İşçi Qrupunun iclası başa çatdı. Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu «Yeni Müsavat»a belə məlumat verib.


«Ən vacib mövzumuz siyasi məhbuslarla bağlı idi. Onlar bildirdi ki, dekabrın axırında yüz faiz əfv olacaq. Eyni zamanda deyildi ki, Əfv Komissiyası indiyədək 550 müraciətə baxıb. Bildirildi ki, bəzi jurnalistlər - Mirzə Sakit, Fərəməz Allahverdiyev və Yaşar Ağazadə əfv ərizəsi yazmayıb. Mirzə Sakitin ailəsi tərəfindən də komissiyaya belə müraciət edilməyib».


N.Cəfəroğlunun sözlərinə görə, İşçi Qrupu xəstə məhbusların və jurnalistlərin əfvi xahişi ilə dövlət başçısı İlham Əliyevə müraciət edəcək. O bu müraciətin fayda verəcəyi qənaətindədir: «Hökumət nümayəndələri deyir ki, əfv ərizəsi yazmayanların məsələsi sual altındadır. Amma ümid edirik ki, müraciətimiz nəticə verəcək».


Əfv Komissiyasının gözlənilən əfv fərmanı ilə bağlı müzakirələri başa çatıb. Bunu isə APA-ya komissiyanın üzvü, millət vəkili Vaqif Səmədoğlu deyib: «Yəqin ki, Əfv Komissiyasının sədri Ramiz Mehdiyev müzakirələrin yekunu olaraq hazırlanan siyahını prezidentə təqdim edəcək. Amma ola bilər ki, komissiya sədri bizi bir daha toplasın».


«Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən ayın sonlarında Madriddə keçirilmiş görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun təmsilçiləri bir kənara çəkilərək mətbuata açıqlama verməkdən qaçırdılar. Onlara ünvanlanan sualların isə cavabı bir idi: «Biz tərəflərin reaksiyasını gözləyirik». «Yeni Azərbaycan» «Üç illik danışıqların sonu» məqaləsində belə yazır.


Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qəzetə deyib ki, rəsmi Bakının münaqişə ilə bağlı mövqeyi kifayət qədər aydındır. Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır. «Lakin danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün pozulmasından söhbət gedə bilməz. Bu formatdan kənarda nə qədər ideyalar, nə qədər sənədlər təklif olunursa olunsun, heç bir razılaşmaya Azərbaycan imza atmayacaq».


XS
SM
MD
LG