Qurban bayramıyla bağlı Bakının bir neçə yerində ət satışında süni qiymət artımı aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, Antiinhisar Dövlət Xidmətinin monitorinq qrupunun müdaxiləsindən sonra qiymət artımına cəhdlərin qarşısı alınıb. O, monitorinqin dekabrın 21-də də davam etdiriləcəyini bildirir.
Amma paytaxtın kütləvi qoyun satılan və kəsilən yerlərində apardığım müşahidələrdən aydın oldu ki, ötən günlərlə müqayisədə bayram günü ət bahalaşıb. Bunu bəzi ət satanlar da etiraf etməkdən çəkinmirdilər. Sadəcə, qiymət artımının 30-40 qəpikdən çox olmadığını deyirdilər.
Ət kəsilən yerlərin əksəriyyəti isə sanitariya qaydalarına cavab vermirdi. Bu vəziyyət alıcıların da ciddi narazılığına səbəb olmuşdu. Heyvanlar necə gəldi kəsilir, hər hansı dini qaydalara belə əməl olunmurdu. Qoyunların qanı elə avtomobillərin, adamların gedib-gəldiyi yola axıdılırdı. Bu baxımdan Bakının Dərnəgül qəsəbəsindəki mənzərə qurban kəsilən yerdən çox, döyüş meydanına oxşayırdı. Heyvanlar hansısa xüsusi yerdə deyil, hətta azyaşlı uşaqların gözü qabağında kəsilirdi.
Çox da uzaqda yaşamadığını deyən bir qadın isə hər il bu halın təkrar olunmasından, nəzarətsizlikdən gileylənirdi. Onun dediyindən belə aydın olurdu ki, hətta Qurban bayramından bir ay sonra da bu ərazidə qoxudan yaşamaq olmur.
Satıcılar isə başqa çıxış yolu olmadıqlarını deyirdilər. Kütləvi qoyun kəsilən yerlərdə müşahidə apardığımız bir neçə saat ərzində heç bir müvafiq dövlət orqanının əməkdaşına rast gəlmədik.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, onlar mağazalarda satılan ət və ərzaq məhsullarına nəzarət edir. Küçələrdə, yol kənarlarında kəsilib satılan ətlərə isə baytarlıq idarələri nəzarəti həyata keçirirlər.
Dövlət Baytarlıq İdarəsinin rəis müavini Emin Şahbazov isə yaranmış vəziyyətdən xəbərdar olduqlarını deyir. Onun sözlərinə görə, baytarlıq idarələri heyvanların sağlamlığına nəzarət edir. Heyvanların sanitariya qaydalarına uyğun kəsilib-satılmasına isə bələdiyyələr, icra hakimiyyətləri və hüquq-mühafizə orqanları nəzarət etməlidi.