Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:14

«Neft pulları infrastruktur layihələri ilə mənimsənilir»


«Şəffaflıq olmadığından, ayrılan vəsaitlərin mənimsənilməsi üçün böyük imkanlar var»
«Şəffaflıq olmadığından, ayrılan vəsaitlərin mənimsənilməsi üçün böyük imkanlar var»

Prezident İlham Əliyev 2008-ci ilin dövlət büdcəsini təsdiq etdi. Bu büdcənin gəlirləri ümumilikdə 7,4, xərcləri isə 8,5 milyard manat təşkil edir. Xərclərin təqribən 750 milyon manata yaxını dövlət strukturlarının idarə edilməsi üçün nəzərdə tutulub. Azərbaycanın o qədər də böyük ölkə olmadığını nəzərə alan iqtisadçılar hesab edirlər ki, təkcə 750 milyon manata yaxın idarəetmə xərclərinin nəzərdə tutulması dövlət strukturlarında xərclərin sünü şəkildə artırılmasından xəbər verir. İqtisadçılardan Azər Mehtiyev isə bunu Azərbaycanda idarəetmə aparatının şişməsi kimi xarakterizə edir: «Burada əsas xərclər əməkhaqqıları, ezamiyə xərcləri, lazım olan avadanlıq və kargüzarlıq məmulatlarının alınmasıdır. Ancaq mən hesab etmirəm ki, büdcədə korrupsiya mənbələri əsasən buradadır».


Mehtiyev deyir ki, Azərbaycan büdcəsinin təqribən 40 faizə qədəri dövlət satınalmalarının, yeni infrastrukturların yaradılmasının və tikinti sektorunun payına düşür. Onun sözlərinə görə, ölkədə şəffaflıq olmadığından həmin sahələrə ayrılan vəsaitlərin mənimsənilməsi üçün böyük imkanlar var. Azər Mehtiyev bildirir ki, təkcə müxtəlif binaların təmir və restavrasiyasına təqribən 500 milyon manata yaxın vəsait ayrılıb.


Deputat Pənah Hüseyn isə deyir ki, əslində, neft pulları büdcədə nəzərdə tutulan infrastruktur layihələri ilə mənimsənilməkdədir. O, ümumi fikirlərlə kifayətlənməyib, konkret misallar da çəkir: «Suraxanı rayonu ərazisində ABŞ hökumətinin vəsaiti ilə 400 şagirdlik məktəb tikilib. Həmin vəsaitdən 8 dəfə çox vəsait xərcləməklə Azərbaycan hökuməti Qəbələ rayonunda 370 şagirdlik məktəb tikib. Bütün sahələrdə də belədir».


Parlamentin Sosial-Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli isə büdcədə dövlət satınalmaları, infrastrukturların yaradılması və tikinti sektoru üçün nəzərdə tutulan vəsaitə korrupsiya mənbələri kimi baxılması ilə razı deyil. Onun sözlərinə görə, büdcə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarətin təmin edilməsi üçün bütün imkanlar var: «Azərbaycanda tender haqqında qanun var. Bütün sifarişlər tender yolu ilə seçilir. İkincisi, büdcə vəsaitləri hansısa təşkilata xəzinədarlıq vasitəsilə verilir. Üçüncüsü isə Hesablama Palatası büdcə məsrəflərinə nəzarət edir».


Azərbaycanın dövlət büdcəsinin təqribən 12 faizi də müdafiə xərclərinin payına düşür. İqtisadçı ekspertlər hesab edirlər ki, əslində, bu sahədə də şəffaflığa ehtiyac var.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG