Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:03

İranda internet kafelərə hücum başlayıb


İran gənclərinin fikrincə, internetdən istifadənin qarşısını almaq olmaz
İran gənclərinin fikrincə, internetdən istifadənin qarşısını almaq olmaz

Son günlər polis Tehranda 400-dən çox kafe və internet-kafeni yoxlayıb. Reydlərdən sonra 25 internet-kafe bağlanıb, 170-ə də xəbərdarlıq olunub. İran dövlət televiziyasının məlumatına görə, internet kafelər İslama zidd həyat tərzini təbliğ elədiyinə görə bağlanıblar.


Polisin dediyinə görə, bağlanan internet kafelərdə əxlaq qaydalarına uyğun olmayan oyunlar oynanır, abırsız fotolar saxlanırmış. Bəzi kafelərdə internetdən istifadə edən qadınlar hicabsız otururlarmış. Ona görə də reydlər nəticəsində 20-dən çox adam həbs edilib.


Hessam bağlanan internet-kafelərdən birinin sahibidir. «Azadlıq» radiosuna müsahibəsində Hessam deyib ki, polis onun kompyuterində ailəsinin şəkillərini tapıb deyə onu sorğu-suala tutmağa başlayıb. Hasemin kompyuterində ailəsinin qadın üzvlərinin də şəkilləri olub.


«Bizim sistemdə bir neçə ailəvi şəkillərimiz vardı. Məndən soruşdular ki, sənə yaxın oturan qız kimdir? Təsəvvür edin, şəxsi şəkillərimə görə kafeni 3-4 günlüyə bağladırlar. Polisin təzyiqi görün hara çatıb! Bu başağrısına çevrilib! Hamı üçün problem olub. Bilmirik neyləyək».


İnternet və internet-kafelər son illər Tehranda da, İranın başqa şəhərlərində də populyar olub. Rəsmi məlumata görə İran əhalisinin 60%-i internetdən istifadə edir. Amma müstəqil mənbələr rəqəmin şişirdildiyini, İranın bəzi kəndlərində heç elektrik enerjisi olmadığını deyirlər. Beynəlxalq qiymətləndirməyə görə İran əhalisinin cəmi 20%-nin internetə çıxışı var.


İrandakı jurnalistlərin bəzisi hesab edir ki, internet istifadəçilərinə təzyiq göstərməklə hökumət alternativ informasiya mənbəyinə qarşı mübarizə aparır. Jurnalist Badrolsadat Mofidi internet kafelərin bağlanmasına təəccüblənmədiyini deyir. Mofidinin fikrincə, müstəqil mətbuata təzyiq göstərən İran hökumətinin başqa informasiya mənbələrinə peyk antenalarına, internetə, hətta kitab mağazalarına qarşı kompaniyası təbiidir. Bu ilin oktyabrında Tehranda bəzi kitab mağazalarının internet kafesini 72 saatlığa bağlayıb, yoxlama aparıblar. Rəsmilərdən biri kitab mağazalarında internet kafelərin olmasını «ticarətin qanunsuz qarışığı» adlandırıb.


«Bəzi internet saytlarını süzgəcdən keçirməyə başladırlar. İnformasiyayla işləyənlərin sosial və siyasi mühitini məhdudlaşdırmaq üçün cürbəcür işlər gördülər».


Jurnalistlər siyasi veb-səhifələrin, məsələn, bəzi informasiya agentliklərinin, şəxsi bloqların bağlandığını deyir. İran hökuməti isə bildirir ki, əxlaqsız saytlar, məsələn, parnoqrafik səhifələr bağlanıb.


İnternet-kafe sahiblərindən biri Hassem deyir ki, süzgəcdən istifadə İranda internetin sürətini 50% azaldıb.


İranda İslama uyğun olmayan geyimlə də mübarizə davam edir. İndi Tehran küçələrində mobil polis məntəqələri qurulub. Polis şalvarını çəkməsinin içinə salan, ya da hicab yerinə şlyapa qoyan qadınları saxlayır.


İranda Söz Azadlığı Assosiasiyasının üzvü, jurnalist İsa Saharxiz deyir ki, geyimdən tutmuş internetə qədər bütün qadağalar Mahmud Əhmədinejad prezident olandan sonra güclənib. Məqsəd, gənclərin, ziyalıların, həm də onların birliyinin qarşısını almaqdır. Amma gənclərin fikrincə informasiya axınının, xüsusilə də internetdən istifadənin qarşısını almaq olmaz.


XS
SM
MD
LG