Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

«Azərbaycan üzərindən tonlarla heroin daşınıb»


Tonlarla heroin İran, Türkiyə, Azərbaycan və başqa ölkələrin ərazisindən keçirməklə daşınıb
Tonlarla heroin İran, Türkiyə, Azərbaycan və başqa ölkələrin ərazisindən keçirməklə daşınıb

ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə Administrasiyası Azərbaycana keçmək istəyərkən həbs olunan iranlı narkobaron haqda sensasion məlumatlar açıqlayıb. «Yeni Müsavat» qəzetinin dekabrın 16-da çıxan sayının baş yazısında bu barədə danışılır. Administrasiyanın yaydığı rəsmi press-relizdə deyilir ki, Hüseyn Kərimi Rikabadi adlı narkobaron az qala 10 il ərzində Əfqanıstan və Pakistandan Azərbaycan, İran və Türkiyə üzərindən Avropaya, oradan isə Birləşmiş Ştatlara və Kanadaya yüz milyonlarla dollarlıq dəyəri olan tonlarla heroin daşınmasını təşkil edib.


Qəzet yazır ki, H.Kəriminin həbsi və onun ABŞ-a təhvil verilməsi haqda məlumatı bir gün əvvəl Birləşmiş Ştatların Nyu-York Cənub Federal Dairəsi üzrə prokuroru Maykl Qarsiya açıqlamışdı. Prokuror bildirmişdi ki, H.Kərimi bu ilin martında Avstriyadan Azərbaycana gəlmək istəyərkən həbs olunub. ABŞ Federal Təhqiqatlar Bürosu və Narkotiklərə Qarşı Mübarizə Administrasiyası tərəfindən uzun müddət axtarılan H.Kərimi mənşəcə azərbaycanlıdır, İran vətəndaşıdır və Rumıniyada yaşayıb.


Açıqlamada deyilir ki, narkobaron 1998-ci ildə beynəlxalq heroin qaçaqmalçılığı ilə məşğul olan təşkilat qurub. Rəsmi sənədlərdə onun adı «Hüseyn Kərimi Rikabadi» və ya «Hüseyun Səlim Xani» kimi göstərilir. Hüseyn Kərimi Əfqanıstan və Pakistandan daşınan narkotik maddələrin Yaxın Şərq ölkələrinə, Avropaya və Amerikaya nəqlini təşkil edən beynəlxalq şəbəkəni az qala 10 il ərzində idarə edib. Onun təşkilatı dəyəri yüz milyonlarla dollarla ölçülən tonlarla heroini İran, Türkiyə, Azərbaycan və başqa ölkələrin ərazisindən keçirməklə daşıyıb. Prokuror Maykl Qarsiya bəyan edib ki, H.Kəriminin həbsi və onun ABŞ-a təhvil verilməsi beynəlxalq narkomafiyaya qarşı mübarizədə tarixi hadisədir.


Əgər H.Kərimiyə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilsə, onu ABŞ-da ömürlük həbs gözləyir. «Yeni Müsavat»ın iddiasına görə, gözlənilir ki, H.Kəriminin məhkəmə prosesi zamanı həm də beynəlxalq narkomafiyanın Azərbaycanla əlaqələrinə dair sensasion faktlar üzə çıxacaq.


«Azadlıq» qəzetindəki «Hakimiyyətin növbəti «qurbanlıqları» başlıqlı məqalədə bildirilir ki, son vaxtlar dövlətdə mühüm post tutan iki məmur ətrafında müəmmalı hadisələr baş verir. Qəzet yazır ki, onlardan biri Bakının meri Hacıbala Abutalıbov, digəri isə İqtisadi İnkişaf naziri Heydər Babayevdir. H.Abutalıbovla bağlı müəmmalar meriyanın hüquqşünası Əli Qurbanovun 250 min dollarlıq fırıldaqda ittiham olunmasıyla bağlıdırsa, Heydər Babayev ətrafında baş verənlər bir qədər fərqlidir.


«Azadlıq» qəzeti iddia edir ki, H.Babayevin adıyla bağlı olan «ABU Endo» klinikasının bağlanması və «ABU petrol» yanacaqdoldurma stansiyalarında yoxlamaların aparılması ona qarış təzyiq kampaniyasının başlanğıcı kimi dəyərləndirilir: «Ən maraqlısı odur ki, nazir «ad günü qalmaqalı»ndan sonra ilin sosial yekunlarına dair müşavirədə iştirak etməyib. Eyni zamanda bir neçə gün bundan əvvəl dövlət başçısı İlham Əliyev İtaliyanın İqtisadi İnkişaf nazirini H.Babayevin iştirakı olmadan qəbul edib». Qəzet yazır ki, bütün bunlar göstərir ki, iki məmurla bağlı deyilənlər bir o qədər də əsassız deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG