Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

Özəl tibbi klinikalar niyə bağlanır?


Səhiyyə Nazirliyindən bildirirlər ki, klinikaların bağlanması sırf tibbi məsələdi
Səhiyyə Nazirliyindən bildirirlər ki, klinikaların bağlanması sırf tibbi məsələdi

Son günlər bir sıra özəl tibbi klinikaların fəaliyyəti dayandırılıb. Səhiyyə Nazirliyi yaydığı məlumatlarda bunu həmin müəssisələrin ciddi qanun pozuntularına yol vermələrilə izah edir.


Nazirlik «ABU Göz», «ABU Endo» klinikalarının lisenziyalarının ləğv edilməsini, «OFKO» Oftalmoloji Kompleksin lisenziyasının dayandırılmasını və daha üç müəssisəyə xəbərdarlıq edilməsini də sanitar qaydaların ciddi pozulmasıyla əlaqələndirir. Nazirliyə görə, bəzi özəl tibb müəssisələrində müalicə və müayinə kabinetləri quruluşuna və təchizatına görə, sanitariya-gigiyena normalarına cavab vermir. Nəticədə belə hallar əhali arasında yoluxucu xəstəliklərin, QİÇS-in, müxtəlif növ hepatitlərin yayılmasına səbəb ola bilər.


Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli deyir ki, həmin müəssisələrin heç birində adıçəkilən xəstəliklərin yayılması faktları aşkarlanmayıb: «Sadəcə, nazirlik narahatdı ki, sanitar-epidemioloji qaydalar pozulanda, QİÇS-də yayıla bilər, hepatit də». Qədirli bildirir ki, bu hallar olmasın deyə, nazirlik özəl tibb müəssisələrini həmişə nəzarətdə saxlamaq istəyir.


«ABU Göz» klinikasının baş həkimi isə indiyə qədər onlara bu məsələlərlə bağlı xəbərdarlıq olunmadığını bildirir. Qaldı ki, klinikanın sanitar vəziyyətinə, baş həkim deyir ki, bu məsələdə Bakıda onların klinikasına çatacaq başqa bir klinika yoxdu. İndi «ABU Göz» klinikasında bircə gözətçilər qalıb.


İctimai səhiyyə məsələləri üzrə mütəxəssis Süleyman Cəbrayılov isə nazirliyin yaydığı məlumatla qismən razıdı. Özəl tibb müəssisələrinin 70-80 faizində cərrahiyyə şöbələrinin olmadığını deyən ekspertə görə, bu baxımdan da həmin klinikalarda insan həyatı üçün bəzi riskli hərəkətlər mövcuddur.


Bir neçə müddətdi ki, müstəqil və müxalif qəzetlər İqtisadi İnkişaf naziri Heydər Babayevin sıxışdırıldığını yazırlar. Qəzetlər adıçəkilən tibb mərkəzlərinin ona məxsusluğunu və bağlanmanın nazirə edilən təzyiqlərin bir hissəsi olduğunu qeyd edirlər.


Səhiyyə Nazirliyindən isə bildirirlər ki, klinikaların bağlanması sırf tibbi məsələdi. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli deyir ki, indiyə qədər sanitar qaydaları pozduğuna görə, xeyli tibb müəssisəsinin fəaliyyəti dayandırılıb. Nöqsanlar aradan qaldırılandan sonra isə yenidən fəaliyyətlərini davam etdiriblər. Bu baxımdan da o, özəl tibb mərkəzlərinin bağlanmasının hər hansı kampaniya olmadığını deyir.


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, baş verən hadisələrdə daha çox şəxsi biznes uğrunda mübarizə çaları var. Onun fikrincə, özü də bu, daha çox hakimiyyətdaxili qruplaşmalar arasındakı mübarizəyə oxşayır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG