Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

«Niyə müxalifət liderlərini deyil, qəzet redaktorlarını tuturlar?»


Polis jurnalistlərinin aksiyasını dağıdır. 14 iyun 2007-ci il
Polis jurnalistlərinin aksiyasını dağıdır. 14 iyun 2007-ci il

«Hamı hər şeyin çox pis olduğunu bilir. Və hamı, xüsusilə də beynəlxalq missiyaların nümayəndələri bunu istənilən fürsətdə dilə gətirirlər. Bu, özlüyündə yaxşı haldır. Azərbaycanda demokratiyanın vəziyyətinə dair ölkə və dünya ictimaiyyətində ortaq, mübahisəsiz rəy var. Bu ortaq rəyə qarşı olan yalnız hakimiyyətdir və bu məsələdə hər gün pis vəziyyətdə qalan da odur». «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «Böyük oyunlara qarşı tək çarə» sərlövhəli məqaləsində belə yazır.


Məqalə müəllifi yazır: «Müstəqil mətbuatın rəhbərləri sırasından biri öz evinin qarşısında güllələnib, biri 17 ay həbsxanada yatıb, neçəsi qaçırılıb və döyülüb, redaksiyalar tar-mar edilib, 8 jurnalistsə (onlardan 4-ü media lideridir, yəni qəzet redaktorudur) uzun müddətli cəzalarla həbsxanalarda çürüdülür. Hansı ki, hələ heç bir qəzetçi iddia etməyib ki, o, İlham Əliyevin prezident kreslosunda əyləşmək istəyir! Belə olan halda, niyə müxalifət liderlərini deyil, qəzet redaktorlarını tuturlar? Siyasi rəqibləri İlham Əliyevin qəzəbindən və repressiyalarından kim və hansı vasitə ilə qoruyur? Bilmədiyimiz hansı sirli məsələlər var?!»


Rauf Arifoğlunun fikrincə, «İlham Əliyev özgür medianı darmadağın edib, əlində böyük maliyyə və siyasi güc toplayıb, Ermənistan xaric, çevrəsindəki bütün dövlətlərin iqtidarları ilə şəxsi münasibətlər, onların hər biri üçün sərfəli ilişgilər qura bilib. Komandasındakı hər bir kəsi qorxu altında saxlaya bilir. Qarşısında dayanan ən cəsur və iddialı müxalifət liderləri və funksionerləri də ondan daha çox çəkinirlər, daha ölçülü davranırlar, nəinki zamanında Heydər Əliyevdən.


Fəqət, İlham Əliyevin özündən əvvəlki prezidentdən əsas fərqi ondadır ki, onun düşüncəsindəki son hədəfdən, komandasından və ətrafından çoxları xəbərdardır. Hətta ətrafında olmayanlar da onun hansı oyunu apardığını təxmin edə bilirlər...»


Məqalə bütünlüklə qəzetin 9-cu səhifəsində yer alıb.


«Bizim Yol» yazır ki, Azərbaycanda 15 min «saxta veteran» aşkarlanıb. Qəzet veteran vəsiqələrinin verilməsindəki əyintilər barədə araşdırma dərc edib.


Respublika Hərbi Komissarlığının hüquqşünası Qaçay Əliyarov APA-ya açıqlamasında veteranların sayının təkrar dəqiqləşdirilməsi ilə bağlı müvafiq qurumların hər birində ayrıca komissiyanın yaradıldığını bildirib. Onun sözlərinə görə, veteran statusu «Veteranlar haqqında» qanun və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən verilir.


Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev isə deyib ki, araşdırmalar başlanmazdan əvvəl Azərbaycanda müharibə veteranı statusu almış 74 129 nəfər olub. Lakin il yarımdan artıq müddətdə davam edən araşdırmalar zamanı bu say 15 min nəfər azalıb: «Bizim səyimiz nəticəsində saxta yollarla müharibə veteranı statusu almış xeyli sayda şəxs üzə çıxarıldı və bununla bağlı müvafiq dövlət qurumlarına məlumat verildi. Əsas problem yerli icra hakimiyyəti orqanları tərəfindən verilən arayışlar əsasında veteran statusu almış şəxslərlə bağlıdır. Onların sayı çoxdur və hesab edirik ki, bu tərkibi də araşdırmaq lazımdır».


Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli deyir ki, ölkədəki qiymət artımları normal qarşılanmaq lazımdır.


Komissiya sədri «Üç nöqtə»yə bildirib ki, «qiymət siyasəti birbaşa əhalinin gəlirlərinə təsir edən başlıca amil olmaqla sosial məsələdir. Lazım gələrsə parlamentdə bu məsələ də ümumi müzakirəyə çıxarıla bilər».


Hadi Rəcəblinin fikrincə, bahalaşmanın əsas mənbəyi dünyada baş verən proseslərdir. «Məsələ ondadır ki, bu prosesləri qarışıq salan bəzi iqtisadçılar çox təəssüf ki, bahalaşmadan spekulyasiya edirlər. Reallıqda baş verən bahalaşma bəzi süni meyllər nəzərə alınmasa təbii qarşılanmalıdır. Qiymət tələb və təklifin nisbəti əsasında formalaşır. Əhalinin indiki tələbatı 10 il bundakından qat-qat çoxdur. Eləcə də gəlirlər də əsaslı şəkildə artıb. Onda qiymət artımları gözləniləndir».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG