«Azərbaycanda jurnalistlərə qarşı polis kampaniyasının artması həyəcanlı tendensiyadır. «Azad Avropa/Azadlıq» radioları Məlahət və İlqar Nəsibovların, Azərbaycanda bütün müstəqil səslərin təhlükəsizliyindən narahatdır». «Azad Avropa/Azadlıq» radiolarının prezidenti Ceffri Qedmin dekabrın 8-də belə deyib.
Bundan əvvəl bəyanat verən cənab Qedmin İlqar Nəsibovu dərhal azad etməyə çağırıb. O, deyir ki, jurnalistin həbsi tam quramadır: «Proses Azərbaycanın məhkəmə prosedurunu pozur». Cənab Qedmin bildirir ki, yerli polis Nəsibov və onun həyat yoldaşı Məlahəti bir ildən çoxdur ki, saxta ittihamlarla təqib edir.
Məlahət Nəsibova da «Azadlıq» radiosunun əməkdaşıdır.
Məlahət və əri 250 min əhalisi olan Naxçıvanda yeganə müstəqil jurnalistlərdir: «Onlar Muxtar Respublikada insan haqları pozuntuları və yerli rəhbərliyin hakimiyyətdən sui-istifadə etməsi haqda mütəmadi xəbər verirlər».
Məlahət Nəsibova «Azadlıq» radiosuna deyib ki, polis dekabrın 6-da order olmadan evinə daxil olub. Orada axtarış aparıb, onun kompyuterini və arxivlərini müsadirə edib.
«Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibov dekabrın 6-da Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 3 aylığa həbs olunub.
Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov jurnalistin ona böhtan atdığını bildirərək, xususi ittiham qaydasında məhkəməyə müraciət etmişdi. Bundan əvvəl Nəsibov özünün təzyiqlərə məruz qalmasına görə prezidentin elektron ünvanına şikayət göndərmişdi. Polis rəisi isə bu şikayətlə jurnalistin ona böhtan atdığını iddia edirdi.